• cümə, 29 Mart, 16:30
  • Baku Bakı 14°C

Ayaqqabının tarixi

17.05.13 10:25 3889
Ayaqqabının tarixi
Qədim zamanlarda insanların əksəriyyəti gön və ya dəridən altlığı olan səndəl geyərdilər. Xüsusən, qədim Misirdə səndəllər geniş yayılmışdı. Dəri uzunboğaz çəkmələr isə Qədim Roma və Kritdə dəbdə idi. Orta əsrlərdə ayağı bütünlüklə örtən yumşaq dəri və ya parçadan ucu sivri olan ayaqqabılar hazırlanırdı. Səyyahlar isə səyahət zamanı uzunluğu dizə qədər olan çəkmələr geyinirdilər.
14-cü əsrin sonlarında corab-çəkmələr, uzunboğaz çəkmə və tuflilər o qədər uzun olurdu ki, rahat yeriməkdən ötrü insanlar bu ayaqqabıları nazik zəncirlə kəmərlərinə bağlamaq məcburiyyətində qalırdılar. Havanın pis olduğu zaman və ya nəmişliyin yüksək olduğu bölgələrdə isə taxta altlıqlı ayaqqabılar geyilirdi.
17-ci əsrdə uzunboğaz çəkmələri ayaqqabılar əvəz etməyə başladı. Ayaqqabıları hətta evdə də geyinirdilər. Bir qədər sonra isə krujevalı corabların görünməsi xatirinə qırağı qatlanmış olan uzunboğaz çəkmələr geyilməyə başladı. 1660-cı ildən sonra bu uzunboğaz çəkmələri corabbağı ilə geyilən və ya yuxarıdan ilgəyi olan qara tuflilər əvəz etdi. 1720-ci ildə kvadrat formalı ayaqqabılar geniş yayılırdı. Bir müddət sonra onu yumru uclu ayaqqabılar əvəz etdi. 18-ci əsrdə qadın ayaqqabıları atlas və ya zərxaradan hazırlanır və lentlər və bağlarla bəzədilirdi. 19-cu əsrdə qadın ayaqqabıları atlas və məxmərdən hazırlanaraq dabansız olmağa başladı. 1860-cı illərdə yanları elastiki olan, bağsız ayaqqabılar hazırlanmağa başladı. Bu ayaqqabılar ağ ipəkdən olub ucları dəri məmulatı ilə işlənirdi.
Orta Asiya türkləri dəri və yun paltarlar istehsalı ustaları idilər. Çəkmə və müxtəlif cür geyimlər daha çox dəri məmulatının istehsalı olaraq daha geniş yayılmışdı. Dəri çəkmələrlə yanaşı, yun-keçə uzunboğaz çəkmələrin də istehsalı genişlənmişdi. Hökmdarlar qırmızı çəkmələr geyinirdilər. Belə çəkmələr atlı adamlar üçün çox rahat idi. Səlcuqlar və Osmanlılar dövründə ordu tələbatının təmin edilməsi naminə cürbəcür ayaqqabı istehsalı ilə məşğul olan çəkməçilərin işi sürətlə vüsət almağa başladı. Digər sənətkarlar kimi, çəkməçilərin də öz təşkilatları yarandı. Gildiyalar (Orta əsrlərdə Qərbi Avropada tacirlər və ya sənətkarlar ittifaqı – Z.Ə.) istehsal edilən ayaqqabıların keyfiyyətini yoxlayırdılar. Osmanlı cəmiyyətində sahibkarların sosial statusu və peşəkarlıqları baxımından, ayaqqabılar da dəyişikliyə uğrayırdılar. Evdə üstünə müxtəlif cür bəzək-düzəklər vurulmuş atlas, məxmər parçalardan hazırlanan ayaqqabı və nəleyinlər geyilməyə başladı. Sonradan dəri ayaqqabılara və uzunboğaz çəkmələrə də bəzəklər vurulurdu.
Zeynəb Əliqızı
banner

Oxşar Xəbərlər