Ay uzunsaç, qaragöz ...ağılsız kuklam mənim Araşdırma
Bu yaxınlarda Fransa hökuməti 16 yaşına çatmamış uşaqlar arasında “Mini-miss” adlanan gözəllik müsabiqələrinin keçirilməsinə qadağa qoyub. Fransa Senatının bununla bağlı qanun layihəsinə görə, bundan sonra “Mini-miss” müsabiqəsi təşkil edənlər 2 il azadlıqdan məhrum ediləcək və 30 min avro cərimələnəcəklər. Qanun layihəsini hazırlayan senatorlar azyaşlı qız uşaqlarının ticarət vasitəsi kimi istifadə edilməsinə qarşı çıxıblar. Bənzər qanun hazırda İsveç, Norveç və İslandiyada da qüvvədədir.
Azyaşlı qızlar arasında gözəllik və model yarışmalarının keçirilməsi ilə bağlı bu günlərdə Rusiyanın Tümen vilayətində yaşanan qalmaqal bu ölkədə də analoji problemi gündəmə gətirib. Ölkədə gözəllik yarışmaları qanundan kənara çıxmaq təhlükəsinə çevrilib. Belə ki, Tümen Valideyn Komitəsi müsabiqə ilə bağlı yerli prokurorluğa şikayət edib. Valideynlər həmçinin həddi-buluğa çatmayanlar arasında belə müsabiqələrin qadağan olunması ilə bağlı prezident Vladimir Putinə müraciət etməyə hazırlaşırlar.
Vilayətdə 8 yaşından 14 yaşına qədər qızlar arasında elan olunan müsabiqə komitəni qıcıqlandırıb. «İmic» agentliyinin rəhbəri Anna Qaysina «Bu, məhz model müsabiqəsidir, gözəllik yarışması deyil» - desə də, yarışmanın şərtləri və podiuma çıxan qızların görüntüləri Valideyn Komitəsini hiddətləndirib. Onlar narahatlıqla bildiriblər ki, müsabiqədə hər şey yetkin qızlar üçün nəzərdə tutulan qaydada həyata keçirilib. Azyaşlı qızlar çimərlik paltarında, böyüklər kimi parlaq rənglə boyanmış dodaqları ilə fotoqrafların qarşısında poza verirlər. Bundan əlavə, balacalar podiumda defile keçirir, sponsorların köməyi ilə paltarları reklam edirlər. “Onlara bu cür bayağı hərəkətləri kim öyrədib? Biz hər şeyi kameraya almışıq və lazımi instansiyalara təqdim edəcəyik» - valideyn komitəsinin rəhbəri bildirib.
Kadrlar həqiqətən parlaqlığı ilə diqqət çəkib. Səs-küylü musiqi, balaca qızların makiyajları, böyüklərə xas olan yerişləri... Öz qızlarını uşaq podiumlarının ulduzuna çevirmək və gözəllik jurnallarının üz qabığına çıxarmaq istəyən valideynlər «Mini-miss» müsabiqələrinin bir çox şərtləri ilə bəzən razılaşsalar da, etiraz edən valideynlər çoxluq təşkil edib. Sözsüz ki, bu cür müsabiqələrin təşkilatçıları hər il milyonlarla pul qazanırlar. Bəzi valideynlər isə xərclədikləri pulu uşaqlarının istedadına qoyulan vəsait kimi dəyərləndirirlər. Ən dəhşətlisi isə belə vəziyyətlərdə müsabiqənin yaradıcı tərəfi ilə uşaq bədənlərinin nümayişi arasındakı sərhədin praktik olaraq itməsidir.
Azyaşlı fahişələr?
Uşaqlar arasında gözəllik yarışmalarının bütün Rusiyada taun kimi yayılması ekspertləri də narahat etməyə başlayıb. “Hər bir vilayətdə model agentliyinin fəaliyyət göstərməsi və onların daha çox həddi-buluğa çatmayanlar üzrə ixtisaslaşması gələcək təhlükə üçün siqnaldır” - deyə bildirilir. Bir sıra agentliklər “Uşaqsayağı top-model” adlı televiziya layihələrinin çəkilişi ilə məşğuldurlar. Televiziyanın vizuallığı da çox vaxt valideynlərin gözünü qamaşdırır. “Belə bir hadisə ABŞ-da olmuşdu. “Toddlers and Tiaras” uşaq layihəsi ətrafında yaranan qalmaqal hələ də bitmir. 3 yaşından başlayan uşaqlara dırnaqlar, süni sinə və pariklər qoyulub. Parlaq kosmetika ilə onları qrimləyiblər. Bu görkəmdə qızlar azyaşlı fahişələrə oxşayıblar. Demək olar ki, bəzənmədə gözəllik sənayesinin bütün imkanlarından istifadə olunub. Süni qaralma, tatuaj, hətta dodaqların şişirdilməsi və yanaqların botoksu əməliyyatları aparılıb. Gözəllik salonunun əməkdaşı Kerri Kembel bildirib ki, az yaşda botoksdan istifadə qızların üzündə xırda qırışların qarşısını alır. Bundan əlavə, botoks gələcəkdə aktrisa, müğənni və ya fotomodel olmaq istəyən qızların gənc görünüşünü qoruyub saxlayır. Bu fikirlərinə görə, Kembelə cinayət işi açılıb və o, analıq hüququndan məhrum edilib. Çünki öz qızı Britnini də botoksa cəlb edib”.
Uşaq gözəllik müsabiqəsi ilə bağlı qalmaqallı vəziyyət bu ilin yayında Qazaxıstanda da baş verib. Məlum olub ki, «Mənim şəhərimin siması» müsabiqəsinin rejissoru və aparıcısı vaxtilə Rusiyada pedofliyaya görə məhkum olunub. 2004-cü ildə o, bir neçə maddə üzrə - fahişəliyə cəlb etmə, zorlama, pornoqrafik məhsulların hazırlanması və s. maddələr üzrə həbs edilib. Azadlığa çıxandan sonra isə soyadını dəyişib və Qazaxıstanda bu istiqamətdə layihə həyata keçirməyə başlayıb: «Həbsxanadan sonra mən şou-biznesə qayıtmağı qərara aldım. Gizlətmirəm, adımı təmizə çıxarmaq və nüfuz qazanmaq istəyirəm. Bir insanın hər hansı bir hərəkətinə görə üzərindən xətt çəkmək olmaz» - deyə o bildirib. Amma pedofil vaxtında layihədən uzaqlaşdırılıb.
Rusiyalı psixoloqlar bildiriblər ki, bu cür müsabiqələr qızlara erkən yaşda ehtiras aşılayan institut rolunu oynayır... “Onlara fahişələrin plastikasını öyrədirlər. Hətta böyük qızlar da onların etdiyini bacarmırlar. Balaca uşaqları böyüklərin həyatı kimi yükləyirlər. Onların üzündəki saxta gülüşlərə baxın. Uşaq yaşlarında üzdə bu cür gülüş ola bilməz. Qalibi elan edəndə isə qızlar təkcə ağlamırdılar, onlar hönkürürdülər. Az yaşda məğlubiyyət hissi çox kəskin yaşanır. Bu hətta, onlara öz eybəcərlikləri haqda fikir aşılayır. Amma irəlidə onlar üçün keçid dövrü var...”
Təhlükəli peşə
Qeyd edək ki, bu ilin iyun ayında - uzun fasilədən sonra Bakıda yenidən “Mini miss və mister” Azərbaycan müsabiqəsi keçirildi. 3-15 yaş arası uşaqların iştirak etdiyi müsabiqə Azərbaycanda uşaqlar arasında keçirilən ilk və yeganə uşaq gözəllik yarışması deyil. Azərbaycan Moda Assosiasiyasının keçirdiyi və "Bütün uşaqlar gözəldir, çirkin uşaq yoxdur!" devizini əsas tutan “milli” müsabiqə deyilənə görə, qalibə ABŞ-da keçirilən "Our Lıttle Miss World" müsabiqəsində iştirak etmək hüququ da qazandırır. Əlbəttə, bütün xərcləri valideynlərin ödəməsi şərtilə.
Təbii ki, bizim ölkəmizdə də bu cür yarışmaların keçirilməsi birmənalı qarşılanmır. «Ümidli gələcək» Gənclər Təşkilatının icraçı direktoru Kəmalə Aşumova hesab edir ki, bu cür müsabiqələrin keçirilməsi Uşaq Konvensiyasına ziddir. Belə ki, bu tip yarışmalar uşaqların hüquqlarını pozur: «Azyaşlılar gözəllik müsabiqəsinə cəlb edilərək digər lazımlı sahələrdən yayınırlar. Onların yaşlarına uyğun olmayan işlə məşğul olmaları, insan alveri qurbanına çevrilməsi, əməklərinin istismarı, simalarının ekranda, geniş ictimaiyyət arasında göstərilməsi qanuna ziddir». K.Aşumovanın fikrincə, bu müsabiqələr gələcəkdə azyaşlı qızlara problemlər də yarada bilər: «Yetkinlik yaşına çatmayan qız uşaqlarının gözəllik müsabiqələrinə cəlb edilməsi onların istismara və zorakılığa məruz qalmalarına səbəb olur. Belə ki, bu müsabiqələrə cəlb edilməklə onlar çox vaxt məcburən və hətta valideynin təkidi ilə yaşlarına uyğun olmayan geyimlərdən və ya kosmetik vasitələrdən istifadə edirlər. Bu uyğunsuz tərz isə onlarda “Mən azadam” fikrini oyadaraq valideynlərindən özlərinə qarşı tamamilə başqa bir münasibət gözləmələrinə gətirib çıxarır. Bu cür münasibəti ətrafından görməyən qızlar isə stress və depressiyaya meyilli olurlar. Bütün bunların başlıca səbəbi ondadır ki, həmin uşaqlar olduqları yaşın deyil, göründüyü yaşın gətirdiyi psixoloji yükü qaldırmaqda çətinlik çəkirlər”.
K.Aşumova hesab edir ki, gözəllik müsabiqələrinin hər birində olduğu kimi, çimərlik geyimlərinin nümayişi yetkinlik yaşına çatmayan qız uşaqlarında seksual marağın oyanması, onların seksual cəhətdən normal olmayan insanların hüquqa zidd əməllərinin obyektinə çevrilməsi ilə nəticələnə bilər: “Bu da uşaqların seksual zorakılığa və ümumiyyətlə, zorakılığın qurbanına çevrilməsinə gətirib çıxarır”.
Psixoloq Dəyanət Rzayev də bu cür yarışmaların keçirilməsini düzgün hesab etmir. Xüsusən bu cür yarışların KİV-də təbliğini təqdirəlayiq saymır: «Görürsünüz ki, müasir cəmiyyətdə nələr baş verir. Hamı müğənni, model, aktrisa olmaq istəyir. Bu, nə qədər düzgündür ki, hamı eyni peşəni seçsin? Həmin uşaqlar bir-biri ilə gözəllik uğrunda rəqabətə çıxırlar. Təbii ki, bu cür yarışlarda yalnız bir qalib olur. Qalib olmayanlar isə nə qədər sarsıntı yaşayırlar. Amma bu yaşda o uşaqların bütün fikirləri dərsə yönəlməlidir. Bu uşaqlar isə sənədlərini verirlər ki, bu yarışlarda iştirak etsinlər. Bu cür yarışlar uşaqların psixologiyasında dərin iz qoyur. Uşaq gərək uşaqlığını yaşasın. Digər uşaqlar da televiziyada onların yarışmasına baxır, təbii ki, özlərini oxşatmaq istəyirlər”. Psixoloq hesab edir ki, gözəllik yarışlarına qatılan qızlarda özünəvurğunluq yaranır: “Onlar gələcəkdə ailə quranda da «Mən gözəl olmuşam, filan müsabiqədə iştirak etmişəm, məndən üstünü yoxdur» - deyə düşünürlər. Bu, uşaq psixologiyasının istiqamətinə düzgün təsir etmir. Bu gün onların qarşısında podiumla bağlı qoyulan tələblər gələcəkdə fiziki görünüşlərində problem yarananda onlara təsir edir. Çox vaxt onlar ailə həyatında uğursuz və bədbəxt olurlar. Bu, çox təhlükəli peşədir».
Fərqli düşüncələrə baxmayaraq, ölkəmizdə gözəllik yarışmalarının keçirilməsi hələ də davam edir. Müsabiqənin hər il təşkili baş tutmasa da, hər halda iki və ya üç ildən bir keçirilir. “Miss Milenium”, “Best Model of Azerbaijan”, “Miss və Mister Azərbaycan”, “Azərbaycan gözəli”, “Miss Azərbaycan”, “Miss Bakı”, “Mini miss və mister” və s. adlar altında keçirilən müsabiqələrə ictimaiyyətin münasibəti təzadlı olsa da, yarışmalar öz auditoriyasını genişləndirir. Bu tip yarışmaları qadınlara hörmətsizlik kimi dəyərləndirən ünlü rus balerinası Maya Plisetskaya “bu müsabiqələrdə kimlərsə qadınların bədənlərinin ölçülərinə qiymət verir, bu, biabırçılıqdır” deyə ikrahla bildirəndə, hələ azyaşlı qızlar arasında belə yarışmalara start verilməmişdi...
Təranə Məhərrəmova