Ay uşaq, oyuncağını göstər, gələcəkdə nəçi olacağını deyim
Günümüzdə
uşaqlarla bağlı məsələlərdən biri də oyuncaqların seçimidir. Belə ki, hazırda
uşaqların oynaması üçün saysız-hesabsız oyuncaq növləri var. Texnika,
texnologiya inkişaf etdikcə, bu say günü-gündən artır. Yaxın rəfiqəm, bu
yaxınlarda övladı ilə oyuncaq mağazasına getdikləri zaman yaşadıqlarını mənimlə
bölüşdü. O, qeyd edir ki, ən böyük problemi seçim edərkən yaşayıblar: "Uzun
müddətdir ki, oğlum yeni oyuncaq istəyirdi. Həftəsonu qərara gəldik ki,
birlikdə oyuncaq mağazasına gedib, ona yeni oyuncaq alaq. Əslində, düşünürdüm
ki, oyuncaq almaq elə də uzun zaman almaz. Amma təəssüf ki, bir oyuncaq almaq
planladığımızdan da çox çəkdi. Səbəb isə oğlumun seçimdə çətinlik
çəkməsidir. Gah oyuncaq maşın götürür,
gah müxtəlif rəngli toplara tərəf gedir, gah da böyük ayını seçir. Ən sonda ev
tikmək üçün inşaat dəstini götürdük. Məsələ burasındadır ki, həmin oyuncaq
dəstindən evdə çoxdur. Nəyə görəsə, məhz bu oyuncağı seçdi. Son vaxtlar
müşahidə edirəm ki, tikməklə, qurub yaratmaqla bağlı oyuncaqlara daha çox maraq
göstərir”.
Rəfiqəmin
söhbəti zamanı məndə maraqlı bir sual yarandı: Görəsən, uşaqların oyuncaq seçimi onların
şəxsi keyfiyyətləri, xarakterləri ilə bağlı ola bilərmi? Bu sualın cavabını
mütəxəssislərlə söhbətdə tapmağa çalışdım.
Mütəxəssislər,
uşaqların seçdikləri oyuncağın onların zəkası, maraq dairəsi və xarakterlərinin
inkişafına təsir etdiyini deyirlər. Uşaqların oynadıqları əşyalar valideynlərə
ciddi mesaj ötürür. Yaxşı olar ki, bu seçimlər zamanı uşaqlarını yaxşı müşahidə
etsinlər. Araşdırmalara görə, oyuncaq topla oynayan uşaqların böyüdükləri zaman
ya təşkilatçı, ya memar, yumşaq tüklü heyvan oyuncaqları seçənlər ictimaiyyətlə
əlaqələr mütəxəssisi və ya psixoloq, uzaqdan pultla idarə edilən maşınlarla
oynayanların inşaat və ya avtomatika mühəndisi, taxtadan olan oyuncaqlara və ya
oyun xəmirinə maraq göstərənlərin isə rəssam, yaxud heykəltəraş olma ehtimalı
yüksəkdir.
Türkiyəli psixoloq Ethem Kocabaş uşaqların
fikir və düşüncələrini ifadə etmələrində oyuncaqların böyük rolu olduğunu
bildirir: "Əslində, bunu anlamaq elə də çətin deyil. Oyuncaq seçimi uşaqların
maraq dairəsinin hansı istiqamətdə inkişaf etdiyini, hazırda hansı fikir və
düşüncədə olduğunu göstərir. Yaşa uyğun oyuncaq seçimi, uşağın zəka inkişafını
sürətləndirir. Oyuncaq seçimi zamanı keyfiyyətinə də önəm vermək lazımdır”.
Mövzu ilə bağlı fikir bildirən Psixoloq Vəfa Əkbər qeyd etdi ki, uşağın hansı oyuncaqla oynaması
onun gələcəkdə peşəsinə, fəaliyyətinə təsir göstərə bilər: "Məsələ burasındadır ki, oyuncaq seçimi və ya
uşağın rəng seçimi onun daha sosial, daha sevincli böyüməsinə sadəcə, təkan
verir. Hansı oyuncaqla oynaması isə onun gələcəkdə peşəsinə, fəaliyyətinə təsir
göstərə bilər. Bəzən valideynlər çox narahat olurlar ki, oğlanlar anasının
kosmetik əşyalarından istifadə etməyə meyl edirlər. Yaxud da evdə qız uşağı
varsa, onun gəlinciyindən, yoxdursa, getdikləri mağazalarda gəlinciklə oynamağa
meyl edir. Əslində uşaq başa düşmür ki, kosmetik vasitələr, gəlincik nə
üçündür. Düşünür ki, bu, ananın əyləncəsidir, oyuncağıdır. Bu zaman uşağı
sadəcə, başa salmaq lazımdır. Qadağa qoymaq lazım deyil. Nəyisə başa saldıqda
isə demək lazımdır ki, bu, bəzək əşyasıdır, bundan qadınlar istifadə edir,
oğlanlar başqa oyuncaqlarla oynamalıdırlar deyib, onu başqa oyuncağa
yönləndirmək olar”.
"Gənc Psixoloqlar” ictimai birliyinin baş katibi Rövşən Uğur deyir ki, uşağın
xarakterinin inkişafında oyuncaqlar xüsusi önəm daşıyır: "Uşaq özünü, ətrafını
oyun ilə tanıyır, öyrənir və bilir. Oyuncaq seçərkən valideynlər çox diqqətli
davranmalı və bilməlidirlər ki, düzgün oyuncaq seçimi ilə uşaqlarının əqli
inkişafına dəstək olurlar. Bu səbəbdəndir ki, uşağın xarakterinin inkişafında
oyuncaqlar xüsusi önəm daşıyır. Ona görə də, seçim zamanı öyrədici tipli
oyuncaqlardan istifadə edilməlidir. Buna misal kimi uşaqlar üçün hazırlanan
xüsusi növ konstruksiya oyunları, məntiq ilə hədəfə aparan yolu göstərən
oyunların seçimi məqsədəuyğundur. Uşaq oyun oynadığı zaman ətrafındakılar ilə
əlaqədə olduğu üçün nitqi, hafizəsi, motorikası, duyğu, düşüncə və hissləri
inkişaf edir”.
R.
Uğur elektronikalı oyuncaqları məsləhət
görmür: "Bundan başqa bəzən ailələr uşağa elektronikalı oyuncaqlar alırlar. Bunlar
uşağın oyun prosesi zamanı başqaları ilə sosiallaşmasının qarşısını alır. Çünki
elektronikalı oyuncaq çox funksiyanı özü icra edir və bu da uşağın təkbaşına
oynamasına şərait yaradır. Nəticədə oyun və oyuncağın uşağın yaradıcılığına heç
bir töhfəsi olmur”.
Psixoloq
bildirdi ki, bəzən valideynlər oğlan uşaqlarının qızların üstünlük verdiyi
oyuncaqlarla oynamasından narahatlıq keçirirlər və oğlan övladlarına
gəlinciklər və bu kimi oyuncaqlarla oynamağı qadağan edirlər: "Ancaq bilməlidirlər
ki, uşaqlar böyükləri örnək götürürlər və uşağın model kimi gördüyü insanlardan
biri də anadır. Yəni tutalım, ana evdə yemək bişirir, qabları yuyur və digər
növ ev işləri ilə məşğul olur. Evdəki uşaq da onun bu hərəkətlərini öz
oyuncaqları ilə təkrarlayırsa, bu, olduqca normal haldır. Lakin bunu sərt
qarşılamaq, uşağa bu oyuncaqlarla oynamağı qadağan etməklə, onda həmin
oyuncaqlara qarşı olan marağı daha da artırmış olurlar”.
Həmsöhbətim
son olaraq qeyd etdi ki, hər uşaq eyni xarakterdə olmadığı üçün bəziləri
oyuncaqlarını illər ərzində saxlayır, bəziləri isə əlində olan oyuncaqlarını
qırıb dağıdırlar və nəticədə valideynlərdən ona yeni oyuncaqlar almasını tələb
edirlər: "Valideynləri və ya qohumları tərəfindən çoxlu oyuncaq alınan uşaqda
bir müddət sonra qane olmamaq və özündə olan onlarla oyuncağa baxmayaraq,
qonşudakı uşaqlarda gördüyü oyuncaqlardan istəmək kimi bir xüsusiyyət formalaşa
bilir. Buna görə də, alınacaq əşyaların miqdarını normada saxlayıb, uşağınıza
yaş dövrlərinə uyğun olan oyuncaqlar almaq lazımdır”.
Günel
Azadə