• cümə axşamı, 18 aprel, 05:01
  • Baku Bakı 15°C

AXCP Müsavatdan əl çəkmək istəmir

01.10.14 11:32 1202
AXCP Müsavatdan əl çəkmək istəmir
Müsavatın xeyli vaxtdır gözlənilən qurultayının reallaşmasından sonra nəticələr haqda fikirlər birmənalı deyil. Bu haqda müxtəlif versiyalar səsləndirilir, bir qrup şəxs seçkilərin ədalətli keçmədiyinə diqqət çəkərək onun legitimliyini şübhə altına salmağa çalışır. Bu işdə ən çox fəallıq göstərən, dəridən-qabıqdan çıxan isə AXCP və onun ruporu olan “Azadlıq” qəzetidir. Hələ qurultay keçirilməmişdən öncə açıq-aşkar əks hücuma keçən AXCP bu yolda «iri addımlar»la irəliləməkdədir və belə görünür ki, hələ, tutduğu yoldan geri dönmək niyyətində deyil.
Bunun əsas sübutu kimi dünənki buraxılışlarında yenə də Müsavatın qurultayına bir səhifə yer ayırmalarını, qurultaydan narazı şəxslərin fikirlərini dərc etmələrini göstərə bilərik. Demək olar ki, “Başqan seçkiləri Müsavatı qarışdırdı” adlı yazı ilə rəqib partiyadakı prosesləri qarışdırmağa çalışdıqlarını bir daha ortaya qoyublar. Xeyli vaxtdır bu mövzuda silsilə yazıların verilməsi ilə onların qərəzli mövqe tutduqları onsuz da bəlli idi. Amma hələ də “dincəlməyib” mövzunu böyük şövq ilə davam etdirmələri vəziyyətin kifayət qədər “ciddi” olduğunu sübut edir. Məlumdur ki, Arif Hacılı illərdir AXCP-nin əsas tənqidçisi rolunda çıxış edir. Hətta bu siyahının təkcə onun adı ilə bitmədiyini xatırladıb qardaşlarının da bu mövzuda əsas pay sahibi, xüsusi aktivist olduqlarını qeyd etməliyik. Ona görə də A.Hacılının əvvəlcədən başqan seçilmə ehtimalının çox olduğunu bilən AXCP-nin mövqeyini belə açıq müstəviyə keçirməsini bəlkə də, normal qəbul etmək olar. Diqqət çəkən məqamdır ki, “Azadlıq” qəzeti təkcə A.Hacılını vurmaqla kifayətlənməyib, aşkar şəkildə onun əsas rəqibi olan Qubad İbadoğlunu dəstəklədiklərini gizlətmir. Faktiki olaraq, qarşıya aranı qızışdırmaq məqsədi qoyan AXCP və “Azadlıq” xeyli vaxtdır yazılarında Tural Abbaslının təkləndiyini, gənclərin sıxışdırıldığını da qeyd edir, bu məqamı şişirdərək Müsavat daxilində parçalanma getdiyini vurğulayırlar. Qeyd edək ki, AXCP-nin Müsavata qarşı barışmaz mövqeyi başqa bir məqamda da özünü göstərir. Yeni başqan A.Hacılı mətbuata açıqlamasında AXCP ilə gələcəkdə mümkün ola biləcək münasibətlərindən danışıb. Bildirib ki, AXCP müxalifət partiyasıdır və o partiya ilə müttəfiqlik münasibətləri mümkün olmasa belə, fəaliyyətlərini müəyyən dərəcədə uzlaşdırmaq, koordinasiya etmək istiqamətində təkliflər vermək niyyətindədir: “Mən AXCP ilə müttəfiqlik münasibətlərinin tərəfdarıyam. İndiki şəraitdə onlarla müttəfiqlik münasibətlərinin qurulmasına bir daha cəhd etmək niyyətindəyəm”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə “Azadlıq”a açıqlamasında deyib ki, Müsavat Partiyası ilə əməkdaşlıq etmək niyyətində deyillər: “Müsavat Partiyası heç bir əsas gətirmədən Milli Şuranı tərk etdi və bu da AXCP ilə münasibətlərdə məsafə yaratdı. AXCP əməkdaşlıq formatı kimi Milli Şurada təmsilçiliyi əsas götürür. Müsavat partiyasının Milli Şuradan ayrılmasının əsas ilhamvericilərindən biri də Arif Hacılı olub. Müsavat Partiyasının seçdiyi mövcud kurs, Milli Şuraya münasibət onu deməyə əsas verir ki, bu partiya ilə münasibətlər indiki səviyyədə qalacaq”.
Bu açıqlama Müsavatla AXCP-nin münasibətlərinin hazırda hansı səviyyədə olduğunu bir daha nümayiş etdirir. Onu da deyək ki, sözügedən partiyalar arasındakı münasibət Müsavat Partiyasının Milli Şuradan ayrılması ilə bu səviyyəyə düşüb və belə görünür, aradakı buzlar hələ xeyli müddət əriməyəcək. Faktiki olaraq, AXCP Müsavatla bütün müstəvilərdə əməkdaşlığı dayandırıb. Hətta o səviyyədə ki, onlar Müsavatın təşkil etdikləri AXC-nin yubiley tədbirinə də getmədilər. Hətta bu tədbir “Azadlıq” qəzetində işıqlandırılmadı. Xeyli vaxtdır başlayan bu “birtərəfli müharibə”nin yaxın gələcəkdə yekunlaşacağını söyləmək nəinki mümkün deyil, hətta deyişmənin getdikcə qızışdığını, “ikitərəfli” müstəviyə keçdiyini demək olar. Belə ki, artıq mövzu sosial şəbəkələrdə də müzakirə obyektinə çevrilib və tərəflər bir-birini müəyyən məsələlərdə ittiham edib. Əvvəlcə, A.Hacılının qardaşı Vaqif Hacıbəyli status yazaraq AXCP-nin açıq-aşkar dəstək verdiyi Qubad İbadoğlunu faktları təhrif etməkdə ittiham edərək uduzmağına dözümsüz yanaşmaqda qınayıb: “O, mənim gözləmədiyim halda məyusedici açıqlamalar verməkdə davam edir və açıq-aşkar faktları təhrif edir. “Mən bütövlükdə Müsavat rəhbərliyinə qarşı mübarizədə uduzmuşam” nə deməkdir? Budurmu sizin yeni təfəkkürünüz, yeni nəfəsiniz, yeni simanız? Kənardan heç də yaxşı görünmür”.
Müsavatçılar tərəfindən yazılan digər statuslarda da cəbhəçilərlə Qubad İbadoğlunun yaxınlığı vurğulanıb, yaxın münasibətdə olduqları diqqətə çatdırılıb. Statusun altında yazılan şərhlərdə isə bəzi AXCP üzvləri bunu gizlətməyərək Q.İbadoğluna qarşı simpatiyalarının olduğunu, onun başqan seçiləcəyini gözlədiklərini açıq şəkildə etiraf ediblər. Bütün bunlar AXCP-nin Müsavata olan mövqeyinin faktiki göstəricisidir. Bu isə bir daha deməyə əsas verir ki, yaxın gələcəkdə AXCP ilə Müsavatın davası daha da qızışacaq.
H.Əsgər
banner

Oxşar Xəbərlər