AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

AXCP-Müsavat savaşında yeni nüanslar

AXCP-Müsavat savaşında yeni nüanslar

Siyasət
13 Dekabr 2012, 14:50 2488
Bu gedişlə davam edərsə AXCP ilə Müsavat partiyası arasında qarşıdurma İctimai Palatanı parçalayacaq. İsa Qəmbərin seçkilərdə iştirak edəcəyini açıqlamasından və bu mövzuda digər həmkarları ilə məsləhətləşmələrdən yayınması ilə başlayan gərginlik yüksələn xətlə davam etməkdədir. 8 müxalifət partiyasının təmsilçisinin bu günlərdə «Asiman» restoranında İsa Qəmbərsiz keçən görüşü münasibətləri daha da gərginləşdirib.

Azpolitika.info saytı bu görüş ətrafında baş verənlərlə bağlı maraqlı məqamlara toxunub. Saytın məlumatına görə, İP-nin “vahid namizəd” məsələsində parçalanacağını iddia edənlərin proqnozlarını doğrultmaqdadır, həm də bu prosesin elə çox yaxın vaxtlarda baş verəcəyini, hətta ola bilsin, heç gələn ilə qalmayacağı qənaətini yaradıb.

Restoran ssenarisi

«Asiman»da keçirilən görüşdə ADP sədri Sərdar Cəlaloğlu, AXCP sədri Əli Kərimli, ACP sədri Sülhəddin Əkbər, Ümid Partiyasının sədri İqbal Ağazadə, ALP sədri Əvəz Temirxan, VİP sədri Əli Əliyev, AMİP sədri Yusif Bağırzadə, KXCP sədri Mirmahud Mirəlioğlu və Ziyalılar Forumundan Rafiq Əliyev iştirak ediblər.

Maraqlıdır ki, Müsavat başqanı İsa Qəmbərsiz keçən bu görüş haqda ilk məlumatı verən “musavat.com” saytı və “Yeni Müsavat” qəzeti olub, dərhal da görüşü “İctimai Palataya və Müsavata qarşı separatçılıq” başlığıyla yayıblar. Halbuki, elə məlumatı yayan anda da mövqeyini soruşduqları şəxslərdən öyrənə biliblər ki, İsa Qəmbər görüşə dəvətli olub, ancaq bilərəkdən getməyib. Cəmisi bircə gün sonra isə tam aydınlaşdı ki, İsa Qəmbər nəinki görüş haqda məlumatlı olub, hətta hansı mövzunun müzakirə ediləcəyini də bilib. Deməli, “musavat.com”a və “Yeni Müsavat”a lazım olub ki, bu görüş haqda məlumat məhz “Müsavata, İsa Qəmbərə qarşı separatçılıq, xəyanət” kimi tirajlansın. Nəzərə alsaq ki, hər iki media vasitəsinin təsisçisi və baş redaktoru hazırda İP Koordinasiya Şurasına dönəm sədrliyi edən Rauf Arifoğludur, o halda haqlı olaraq belə sual ortya çıxır: Rauf Arifoğlu nədən onun sədrlik dönəmində İP-də ziddiyyətə yol açacaq belə bir məlumatın yayılmasında maraqlı olub?! Axı kənardan belə təəssürat yaranır ki, bu görüş və məlumat savaşa hazırlaşan iki tərəfdən birinin “ilk atəşi sən açdın” arqumentini əldə etmək üçün əvvəlcədən planlaşdırılıb?!

Beləliklə, indi İsa Qəmbərin müdafiəçilərinin Əli Kərimlinin üstünə getməsi üçün yaxşı bir fürsət əldə edilib: çox böyük ehtimalla, AXCP sədri yaxın günlərdə İP-dən kənar birlik yaratmaq ittihamlarına tuş gələcək və bu mövzu İP-in bu ayın sonuna planlaşdırılan sessiyasında müzakirəyə çıxarılacaq. Sessiyada nələr olacaq, bax bu, növbəti qarşıdurma üçün daha böyük özül rolunu oynayacaq. Sessiyada tərəflərin ciddi fikir ayrılıqları, hətta açıq qarşıdurmalarıyla müşayiət olunacaq kifayət qədər mövzular isə ortadadır: Müsavat tərəfdarlarının “prezidentliyə namizəd İsa Qəmbər olsun” təklifindən tutmuş, Əli Kərimlinin “namizədi praymerizlə müəyyənləşdirək” təklifinədək! «Hələ onu demirik ki, İqbal Ağazadə-Rauf Arifoğlu cütlüyünün başlatdığı işə onların üçüncü sadiq dostları - Pənah Hüseyn hansı sürprizlərlə qatılacaq...» - deyə sayt yazıb.

Maraqlıdır ki, artıq Müsavat təmsilçiləri Koordinasiya Şurasının iclasını gözləmədən müttəfiq hesab etdikləri AXCP-ni ittiham etməyə başlayıblar. Partiyanın Mərkəzi Aparatının rəhbəri Arif Hacılı AXCP sədrini onlara xəyanət edərək hakimiyyətə yaxın partiya sədrləri ilə bir araya gəlməkdə ittiham edib.

İsa Qəmbər Əli Kərimlinin təklifinə kəskin reaksiya verib

Başqa bir məlumata görə, İP Koordinasiya Şurasının son iclaslarından birində vahid namizəd ideyası açıq şəkildə müzakirəyə çıxarılıb. Daha doğrusu, bu istiqamətdə müzakirələrin açılmasına cəhd olunub. Lakin AXCP-nin bu təşəbbüsünə İsa Qəmbər çox kəskin reaksiya verib və hamını təəccübləndirən mövqe sərgiləyib.

Müsavat başqanı hər hansı müzakirə üçün yer saxlamadan deyib ki, qarşıdan gələn seçkilərdə Müsavat «istənilən halda» öz namizədi ilə çıxış edəcək, müxalifətin vahid namizəd probleminin yeganə həlli isə Müsavatın namizədinin, yəni İsa Qəmbərin özünün dəstəklənməsindən keçir. «Müsavatın bu qərarı qətidir və dəyişdirilməsi müzakirə mövzusu ola bilməz», deyə İsa Qəmbər müzakirələrə nöqtə qoyub.

Məlumata görə, İsa Qəmbərin İctimai Palata daxilində vahid namizədlə bağlı müzakirələrin açılmasına imkan verməməsi, istənilən halda seçkidə iştirak edəcəyini qətiyyətlə bəyan etməsi İP üzvlərini, xüsusən də AXCP-ni məyus etsə də, bir «müsbət cəhəti» bu olub ki, İP-nin seçkiyə vahid komanda kimi qatılmasının mümkünsüzlüyü ortaya çıxıb. Başqa sözlə, AXCP sədri Əli Kərimli üçün tam aydın olub ki, İsa Qəmbərin güzəştə gedəcəyinə ümid etmək yersizdir və o, dəstək axtarışlarını İP-dən kanarda davam etdirməlidir. Belə bir axtarış başlayıb da!

Məlumata görə, AXCP İP-dən kənardakı siyasi qüvvələrlə - ACP, AMİP, ALP və Ziyalılar Forumu ilə təmaslarını daha da sıxlaşdırıb və yaxın həftələrdə konkret qərarların qəbulu ehtimalı kifayət qədər ciddidir.

AXCP-nin Müsavatsız ittifaq axtarışlarına ən ciddi dəstəyi isə ACP lideri Rəsul Quliyev verib və xeyli vaxtdır gündəmdə olan Əli Kərimli-Rəsul Quliyev ittifaqının reallaşması üçün ciddi maneə qalmayıb.

Zəfər Quliyev: «İctimai Palata iflic vəziyyətinə düşə bilər»

İP Koordinasiya Şurasının üzvü, politoloq Zəfər Quliyev də “Qafqazinfo” ya açıqlamasında təşkilatın daxilində AXCP-Müsavat savaşının başladığını etiraf edib: “İctimai Palatada müzakirələrin əsas mövzusu prezident seçkiləri ilə bağlıdır. Çünki seçkilərin baş tutmasına artıq 10 ay qalıb. İctimai Palata cəmiyyətdə aparıcı ictimai- siyasi təşkilat kimi öz mövqeyini ortalığa qoymalıdır”. Onun sözlərinə görə İctimai Palatanın seçkilərdə hansı formada iştirak edəcəyi vacib məsələdir: “İP-nın prezident seçkilərində fəal iştirak etməsi üçün onun daxilində bəzi islahatlar aparılmalıdır. Çünki İctimai Palata yarananda onun məqəsdi növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı idi. Hazırda isə qarşıdan ən aktual məsələ olan prezident seçkiləri gəlir. Bizi çox əhəmiyyətli bir proses gözləyir. Ona görə də müzakirələr aparırıq ki, İctimai Palatanın strukturunu və iş prosesini daha da gücləndirək”.

Zəfər Quliyev strukturla bağlı hansı təklifləri olduğunu da açıqlayıb: “Biz çalışmalıyıq ki, İctimai Palatada təmsil olunan iki əsas aparıcı partiya, yəni AXCP və Müsavat partiyaları prezident seçkilərində rəqib kimi çıxış etməsinlər. Onlar öz aralarında mübarizə aparırlar. Belə olarsa, İctimai Palata iflic vəziyyətinə düşə bilər. Çalışmaq lazımdır ki, prezident seçkiləri ərəfəsində onlar arasında rəqabət azalsın. Hər ikisi vahid mövqedən çıxış etsinlər. Bunu üçün alternativ variantlar təklif olunur”.

F.Qəhrəmanlı