Avtobus düşüncələri - İNCƏ BAXIŞ
Hər gün
avtobusla işə gedib-gələrkən fərqli davranışlar müşahidə edirəm. Çoxu da
adamların yersiz mübahisələridir. Bu, artıq qaçılmaz və bəlkə də idarəolunmaz
hala çevrilib. Kişilər qadınlarla, qocalar cavanlarla, qızlar oğlanlarla… dilləşir.
Sanki hamı səhər kiminləsə mübahisə etmək üçün evdən çıxır. Bəzən avtobusun salonuna
ayaq qoyanda gündəlik dalaşan bəzi simalar üçün boylanıram, görməyincə sevinirəm…
Mübahisələrin real səbəbi –avtobusun yoxluğu və ya gecikməsi kənarda qalır, insanlar
acıqlarını bir-birindən çıxırlar. Basabasın olması, heç kəsin qaldığı nöqtədən
tərpənmək istəməməsi hamıda əsəb yaradır. COVİD qorxusu da bir tərəfdən. Hamı
bir-birini qınayır. Daha "bir az mehriban olun!” sözləri də eşidilmir. Baş
qatmaq üçün radio da səslənmir.
Hünərin var, düş…
Sürücü ilə
dalaşan orta yaşlı qadının mübahisəsinə "Onun nə günahı var?”- deyə cavan bir
oğlan qahmar çıxır. Əsəbdən coşan qadın təbii ki, bu müdaxiləni sevmir: "Səninlə
"28 May”da danışarıq. Hünərin var, avtobusdan düş…” Yaşlılar başlarını bulayır:
"İndi zəmanə də dəyişib…”
Hər gün
rastlaşdığım başqa bir qadın bütün sürücülərdən "Sizdən şikayət edcəyəm” deyə
ad-soyadlarını soruşur…
Yaşlı bir
kişi qabaq qapıdan düşmək üçün sürücünü hədələyir…
Salonda qulağına
qulaqcıq taxıb, gözlərini yumub musiqi dinləyən gənclər də olur. Onlar özlərini
bu yolla "xilas” etməyə çalışırlar.
"Gedin, müraciət edin!”
Vəziyyəti
sakitcə müşayiət edən isə sürücülərdir. Avtobusun gec gəlməsinə, insanların işə
gecikməsinə alışıbmışlar kimi tavrlarını pozmurlar. Qızışan emosiyalara sakitcə:
"Gedin, müraciət edin, avtobusların sayını artırsınlar” deməklə kifayətlənirlər.
Ardınca "Qaynar xətt”i yığmaqdan barmaqlarımız qabar olub” cavabları eşidilir…
Yorulmuş adamlar
Axşamüstü
işdən çıxıb yolboyu tıxacları deyil, yenə də insanların söz çəkişməsi ilə
qarşılaşacağımı düşünə-düşünə avtobus dayanacağına yollanıram. Bir neçə avtobus
ötürəndən sonra, nəhayət mənə də salona daxil olmaq qismət olur. Tələsib boş
oturacaqda yerimi rahatlayıram. Yorulmuş beynimə dinclik istəyirəm. Salona
daxil olanlar da mənim kimi yorğun görünür. Müşahidə edirəm: axşamlar mübahisələr
demək olar ki eşidilmir - adamlar yorulanda daha çox susurlar. Hamı kirimişcə
evinə çatmağı düşünür. Hətta səhər mübahisələrində aktiv olan gəncin də
qulağında qulaqcıq görürəm…
Bəlkə bir az nəzarət
"Adamların
bir salonda sakitcə, anlayışla yol getməsi üçün nə etmək lazmdır?”- deyə
öz-özümə düşünürəm. Bəlkə avtobus şirkətlərinin sahiblərini insafa və məsuliyyətli
olmağa dəvət etməklə problemi qismən həll etmək olar? Xüsusən avtobus
salonlarındakı gündəlik mənzərəni izləmək üçün texniki imkanlar da genişdir.
Gündəlik "haqq-hesabı” yoxlayanda, vurub-çıxanda bu barədə də bir az düşünmək
yaxşı olmazmı? Ən azı, insanlar işə də, evə də gözlərini qapamadan, qulaqlarını
tıxamadan gedib-gələ bilərlər. Onsuz da tıxac boyda düzəlməyən problem var da…
Təranə Məhərrəmova