• cümə axşamı, 25 aprel, 18:44
  • Baku Bakı 21°C

Avropaya səs salan komanda - FOTOLAR

13.08.22 06:00 405
Avropaya səs salan komanda - FOTOLAR

Qurban Qurbanov, həqiqətən, təriflərə layiq komanda yarada bilib. İndi Avropanın tanınmış klubları belə Ağdam klubu ilə hesablaşmaq məcburiyyətində qalır, onu ciddi rəqib kimi qəbul edirlər.

Bu həftə Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” yenə də azarkeşlərini sevindirdi. Təmsilçimiz turnirin 3-cü təsnifat mərhələsinin cavab oyununda Macarıstanda “Ferentsvaroş”la oyunda rəqibinə heç bir şans vermədi. Bakıdakı ilk oyunda 1:1 hesabı ilə heç-heçə edən Ağdam təmsilçisi cavab görüşündə 3:1 hesabı ilə qalib gələrək pley-offa yüksəldi. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-offda  “Viktoriya” (Çexiya) ilə qarşılaşacaq. "Qarabağ" ilk görüşünü evdə keçirəcək.
Avropa Liqasının qrupu və 3,63 milyon avro
 
Bu uğurdan sonra Ağdam klubu ən azı Avropa Liqasının qrupunu və həmin turnirin mükafatı kimi 3,63 milyon avronu avtomatik olaraq təmin edib.

Həmçinin Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Çempionlar Liqasının qrup mərhələsinə bir mərhələ də yaxınlaşıb. Komanda ÇL-in pley-offunda qalib gəlsə, qrup mərhələsində mübarizə aparacaq.

“Qarabağ” pley-offda uduzacağı halda isə Avropa Liqasının qrupunda mübarizəni davam etdirəcək. Yəni "Qarabağ" ardıcıl 9-cu dəfə avrokubokların qrupunda çıxış edəcək.

Builki “Qarabağ” əvvəlkilərdən fərqlənir

Beləliklə, Azərbaycan çempionu artıq neçənci ildir ki, Avropada adından söz etdirməyi bacarır. Qurban Qurbanov, həqiqətən, təriflərə layiq komanda yarada bilib. İndi Avropanın tanınmış klubları belə Ağdam klubu ilə hesablaşmaq məcburiyyətində qalır, onu ciddi rəqib kimi qəbul edirlər.

Builki “Qarabağ” əvvəlki illərdəkindən fərqli olaraq  balanslaşdırılmış oyun ortaya qoyur. Komanda müdafiədə etibarlıdır, hücumda isə oyundan-oyuna rəqiblərin güclənməsinə baxmayaraq daha kreativ olur. Təsadüfi deyil ki, Ağdam klubu ÇL-in təsnifat mərhələsində keçirdiyi 6 oyunda 15 qol vurmağı bacarıb. Polşa çempionu “Lex”, İsveçrə çempionu “Sürix”, Macarıstan çempionu “Ferentsvaroş”la oyunlarda bu qədər qol vurmaq komandanın hücum potensialının nə qədər böyük olmasından xəbər verir.  

"Ferentsvaroş"un prezidenti: “Bizdən daha yaxşı komandaya uduzduq”

Son illərdə qazanılan avrokubok təcrübəsi ilə “Qarabağ” daha da irəliyə getmək potensialında olduğunu nümayiş etdirir.  Ağdam klubunun gücü artıq rəqiblər tərəfindən də etiraf olunur. Məsələn, oyundan sonra "Ferentsvaroş"un prezidenti Qabor Kubatov Ağdam klubundan zəif olduqlarını bildirib:  "Bu gün bizdən daha yaxşı komandaya uduzduq".

"Ferentsvaroş"un baş məşqçisi Stanislav Çerçesov da komandasının özündən daha üstün olan rəqibə uduzduqlarını söyləyib: "Deməliyəm ki, bu, layiqli məğlubiyyətdir”.

Deneş Dibus: “Qarabağ” hər şeydə bizdən üstündür”

Eyni fikirləri "Ferentsvaroş"un kapitanı Deneş Dibus də səsləndirib. Onun fikrincə, Ağdam təmsilçisi oyun baxımından komandasından üstün olub: “İlk hissədə şanslarımız oldu, amma qol vura bilmədik. Hesabı bərabərləşdirmək vacib idi. Hesabı bərabərləşdirsəydik, matçın mənzərəsi, təbii ki, fərqli olardı. Düşüncə, sürət, dinamiklik, aqressivlik, taktika baxımından hər iki hissəyə pis başladıq. “Qarabağ”, demək olar ki, hər şeydə bizdən üstündür. Bunu etiraf etmək lazımdır. İki matça əsasən, ən yaxşı olan komanda mərhələ adladı. Topu qazanmaq bizim üçün çox çətin olurdu. Top mərkəzə və ya hücum xətlərinə keçən kimi qonaq futbolçular artıq irəliyə getməyə hazır idilər. Üstəlik, uzun ötürmələrdən sonra tez-tez hücuma keçirdilər. Bunun qarşısını almağın nə qədər vacib olduğunu bilsək də, yenə də ayaqlaşa bilmədik. Bunu demək çətindir, amma məncə, “Qarabağ” daha güclüdür”.

Xatırladaq ki, pley-off mərhələsində "Qarabağ"la  "Viktoriya" (Plzen) arasında keçiriləcək oyunların dəqiq vaxtı da artıq məlumdur.  Komandalar arasında ilk oyun avqustun 17-də Bakıda keçiriləcək və saat 20:45-də başlayacaq. Avqustun 23-də Çexiyada oynanılacaq cavab matçı isə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

banner

Oxşar Xəbərlər