Avropaya açılan qapı
Fransa Avropa İttifaqının
qurucu üzvü olan Qərbi Avropa ölkəsidir. Rusiya və Ukraynadan sonra ərazi
baxımından Avropanın üçüncü ən böyük ölkəsi sayılan Fransanın 70 milyona yaxın
əhalisi var. Əhali sayına görə bu ölkə dünyada 20-ci, Avropada üçüncüdür.
Avropa İttifaqında isə əhalisinin sayına görə Almaniyadan sonra ikinci yerdə
qərarlaşıb. Fransa dünyada, eləcə də Avropa İttifaqında iqtisadi, siyasi,
mədəni çəkisinə görə də fərqlənən ölkələrdəndir. Ona görə də SSRİ-nin
süqutundan sonra müstəqilliyini yenidən bərpa edən Azərbaycan bu Avropa ölkəsi
ilə münasibətlərin qurulmasında və inkişaf etdirilməsində maraqlı olub.
Təsadüfi deyil ki, Fransa Azərbaycanın dövlət müstəqilliyini 1992-ci ilin
yanvarında tanıyan, həmin ilin fevralında isə diplomatik əlaqələr yaradan
ikinci xarici ölkədir. Fransa səfiri Azərbaycanda Türkiyə səfirindən sonra
rəsmi fəaliyyətə başlayan ikinci diplomat olub. Lakin təəssüflər olsun ki,
Azərbaycan-Fransa münasibətlərin ilkin mərhələdə nisbətən zəif inkişaf edib.
Buna da səbəb o zaman Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinə görə
hərbi-siyasi vəziyyətin gərgin olması, Fransanın Ermənistanla sıx əməkdaşlıq
əlaqəsi saxlayan ölkə kimi qiymətləndirilməsi idi.
Ümummilli lider Heydər
Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə
gətirilməsindən sonra Azərbaycanın xarici siyasətinin Avropa istiqaməti gücləndirilib.
1993-cü ildən etibarən Avropa dövlətləri, xüsusən də Fransa ilə əlaqələrin
genişləndirilməsinə başlanılıb. 1993-cü ilin sonlarında Azərbaycan Prezidenti
Heydər Əliyev Avropa ilə əməkdaşlıq siyasətinə Fransadan başlayıb. O,
Azərbaycan prezidenti seçildikdən sonra xaricə ilk rəsmi səfərini Fransa
prezidenti Fransua Mitteranın dəvəti ilə bu ölkəyə edib. Fransa və Azərbaycan
arasında dostluq, anlaşma və əməkdaşlıq haqqında müqavilə imzalanıb. Ulu öndər Heydər
Əliyev Parisdə olduğu zaman ATƏM-in əsas müqavilələrindən olan, Şərqi Avropanın
sosialist və keçmiş sovet respublikalarının demokratiya və bazar
iqtisadiyyatına keçidini nəzərdə tutan "Paris Xartiyası”nı da imzalayıb. F.Mitteran
Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıdığını
bəyan edib. O, münaqişənin ATƏM konfransı çərçivəsində həllinin düzgünlüyünü
bildirib. F.Mitteran Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanda
vəziyyətin daha gərgin olduğunu təsdiqləyib və Fransanın evlərini və
torpaqlarını itirmiş insanlara yardım göstərəcəyini deyib. Ümummilli lider H.Əliyev
də F.Mitterana Azərbaycanın Fransa ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini,
onun sərhədlərin toxunulmazlığı barədə bəyanatını yüksək qiymətləndirdiyini
bəyan edib. Beləliklə də bu səfərdən sonra Azərbaycan-Fransa iqtisadi əlaqələri
genişlənməyə başlayıb. Ulu öndər H.Əliyev 1995-ci ilin dekabrında Fransaya
ikinci dəfə səfər edərək Azərbaycanda investisiya qoyulmasına dair konfransın
iştirakçısı olub və fransız şirkətlərini Azərbaycana dəvət edib. 1996-cı ildə
Fransanın "Elf – Aquitaine” şirkəti "Şahdəniz” yatağının istismarına dair
müqaviləyə qoşulub. Azərbaycan-Fransa tərəfdaşlığının dərinləşdirilməsinin
davamı olaraq, ulu öndər H.Əliyevin Fransaya səfərlərini, prezident Jak Şirakla
görüşlərini, həmçinin prezident İlham Əliyevin Fransaya səfərini, bu ölkənin
rəhbərləri ilə görüşlərini, Fransa prezidentinin, xarici işlər nazirinin Azərbaycana
səfərlərini və sairi göstərmək olar.
Qeyd edək ki, 1996-cı ildən
etibarən Fransa, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün
vasitəçi olan ATƏT-in Minsk qrupunun ABŞ və Rusiya ilə birlikdə həmsədri kimi
fəaliyyətə başlayıb. 2001-ci ildə birbaşa Jak Şirakın təşəbbüsü ilə Parisdə
Azərbaycanın dövlət başçısı Heydər Əliyev və Ermənistanın prezidenti Robert
Koçaryanın iki dəfə təkbətək danışıqları keçirilib. 2002-ci ilin noyabrında
NATO/Avroatlantika Tərəfdaşlıq Şurasının Praqa sammitində də görüşən ulu öndər H.Əliyev
və J.Şirak Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edib. Şirak
Heydər Əliyevə vasitəçilik fəaliyyətini davam etdirməyə söz verib. Prezident J.Şirak
ümummilli lider H.Əliyevə verdiyi sözə əməl edərək Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə həlli üçün yüksək səviyyədə vasitəçilik fəaliyyətini davam
etdirib. 2006-cı ilin fevralında Paris yaxınlığındakı Rambuye qəsrində
Azərbaycanın dövlət başçısı İlham Əliyev və Ermənistan prezidenti Robert
Koçaryan arasında ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə növbəti görüş
keçirilib. Bu çətin, ancaq vacib olan dialoqu davam etdirmək üçün 2014-cü ilin
oktyabr ayında Fransa dövlət başçısı Fransua Olland prezidentlər İlham Əliyev
və Serj Sarkisyanın Parisdə görüşmələri üçün təşəbbüs göstərib. "Paris
sammiti”' adlanan bu görüş hər iki prezidentə mühüm əhəmiyyət kəsb edən
humanitar məsələdə – münaqişə zamanı itkin düşmüş şəxslər barəsində
məlumatların mübadiləsi məsələsində razılığa gəlməyə imkan verib. Bundan irəli
gələn ağır vəzifə Beynəlxalq Qırmızı Xaç Komitəsinə həvalə olunub.
Ümumiyyətlə, Fransa
Azərbaycanın Avropa Şurasına daxil olması üçün lazımi addımlar atan ölkədir.
Avropa Şurasının Azərbaycan üzrə məruzəçisi olmuş Fransa parlamentinin üzvü Jak
Bommel bu istiqamətdə fəaliyyət göstərib. Fransa və Azərbaycan arasında hərbi
sahədə də rəsmi əlaqə mövcuddur. 2002-ci ilin sentyabrından Fransanın Tbilisidə
yerləşən və səlahiyyət dairəsinə Azərbaycanın da aid olduğu hərbi attaşesi
fəaliyyət göstərir. Bu sahədə əməkdaşlıq Fransanın ATƏT-in Minsk qrupunda
vasitəçi həmsədr kimi fəaliyyət göstərdiyinə görə az inkişaf edib. Fransa ilə
Azərbaycan arasında iqtisadi əlaqələr isə son onilliklər ərzində əhəmiyyətli
dərəcədə möhkəmlənib. Xüsusilə nəqliyyat, ərzaq-yeyinti, mehmanxana, kənd
təsərrüfatı, enerji, yüksək texnologiyalar, telekommunikasiya və sair sahələrdə
iqtisadi əlaqələr qurulub. Azərbaycanın ilk peyki – "Azərspace-1” Cənubi Amerikada, Fransanın
inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan – Qviana
Kosmik Mərkəzindən üzərində üçrəngli Azərbaycan bayrağı olan "Ariane-5” daşıyıcı raketi ilə orbitə
buraxılıb. Bu, iki ölkə arasında yüksək kosmik texnologiyalar sahəsində qurulan
sıx tərəfdaşlıq nəticəsində mümkün olub. Avropanın enerji təhlükəsizliyinin
təmin olunması üçün həyata keçirilən nəhəng layihələrdə də Fransa-Azərbaycan
əlaqələrini görmək mümkündür.
Bütün bu əlaqələr hazırda
da inkişaf etdirilməkdədir. Buna misal olaraq, Prezident İlham Əliyevin cari
ilin 19-20 iyul tarixlərində Parisə rəsmi səfər etməsini göstərmək olar. Məhz
bu səfər çərçivəsində dövlət başçısı İlham Əliyev çoxsaylı rəsmi görüşlər,
həmçinin Fransanın 11 şirkətinin nümayəndələri ilə səmərəli görüşlər keçirib. Azərbaycanla
Fransa şirkətləri arasında 2 milyard dollardan çox dəyərində müqavilələr
imzalanıb. Bu müqavilələr Fransa-Azərbaycan münasibətlərinə töhfə verməklə
yanaşı, dövlət başçısı İlham Əliyevin xarici siyasətinin növbəti iqtisadi qələbəsi
kimi də dəyərləndirilir. Çünki, Fransa iqtisadi gücünə görə Avropa İttifaqının
ilk üçlüyünə daxildir. Fransa şirkətləri Avropada, ümumilikdə dünyada öz
sahələrində ən inkişaf etmiş şirkətlərdən hesab olunur. İqtisadi əlaqələrin bu
səviyyədə inkişafı istər-istəməz siyasi, diplomatik münasibətlərə də təsir
edir. Bu isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli
həllində böyük əhəmiyyət kəsb edir.
Bu səfər Azərbaycanın
Fransa ilə genişlənən siyasi və iqtisadi əlaqələri ölkəmizin Avropa İttifaqı
ilə əlaqələri baxımından da mühüm əhəmiyyət kəsb edir. Rəsmi Bakı Fransa ilə
güclənən əlaqələr fonunda Avropanın qapısını daha güclü şəkildə açmış
olur!
Alpər
TURAN