• cümə, 29 Mart, 05:49
  • Baku Bakı 7°C

Avropanın enerji təhlükəsizliyi üçün prioritet layihə

21.02.19 19:31 723
Avropanın enerji təhlükəsizliyi üçün prioritet layihə
"Cənub Qaz Dəhlizi” layihəsi təxminən 40 milyard ABŞ dolları həcmində sərmayə qoyuluşunu əhatə edir. Uzunluğu 3 min 500 kilometr və 4 seqmentdən ibarət olan bu layihə Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2” yatağından hasil olunacaq qazı boru kəmərləri ilə əvvəlcə Türkiyəyə, oradan da Avropaya çatdıracaq. Azərbaycan təbii qazının, Türkiyənin ardınca, 2020-ci ilədək Avropaya nəql edilməsi planlaşdırılıb. Bu nəhəng layihə ilə Azərbaycan dünyanın sayılan qaz ixracatçılarından biri olacaq. Boru kəmərləri sisteminin nəqletmə gücü sonralar ildə 31 milyard kubmetrə qədər artırılacaq. Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün prioritet enerji layihələrindəndir. Layihə Türkiyə ilə Avropanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizinin seqmentləri təşkil edən "Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG), Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) layihələrinin icra vəziyyəti və əldə olunan nailiyyətlər 2015-ci ildən etibarən ölkəmizdə təşkil olunan Məşvərət Şurasında müzakirə olunur. Bu toplantı Qərbin, "Cənub Qaz Dəhlizi” layihəsinə marağını və ona böyük əhəmiyyət verdiyini bir daha təsdiqləyir.

Fevralın 20-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin sayca beşinci toplantısı keçirilib. Tədbirdə Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı, Məşvərət Şurasının fəaliyyətdə olan həmsədri Günter Ottinger iştirak ediblər. Toplantıda iştirak edən Prezident İlham Əliyev bildirib ki, Cənub Qaz Dəhlizi ümumi marağımızı əks etdirən və qarşılıqlı surətdə əhəmiyyətli layihədir. Onun sözlərinə görə, bu, Azərbaycanın 1994-cü ildə təməli qoyulmuş enerji strategiyasının tərkib hissəsidir: "Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Biz yaxşı anlayırıq ki, enerji təhlükəsizliyi olmadan milli təhlükəsizliyin təmin edilməsi çətinləşir. Enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz bir hissəsidir. O dövlətlər ki, xarici enerji mənbələrindən asılıdır, onlar əmin olmalıdırlar ki, bu marşrut dayanıqlı və uzunmüddətli olacaq. Onlar özlərinin gələcəyini və sənaye inkişafını planlaşdırmalıdır. Eyni zamanda, təbii sərvətlərlə zəngin olan istehsalçı dövlətlər etibarlı bazarlar olmadan öz məqsədlərinə çata bilməzlər. Beləliklə, bu, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və geniş beynəlxalq əməkdaşlıq layihəsidir”.

Prezident deyib ki, uğurlu enerji inkişafı Azərbaycanı dünyaya etibarlı ölkə və tərəfdaş, xarici investisiyaları 100 faiz qoruyan dövlət kimi təqdim etməyə imkan verib: "Azərbaycana yatırılmış investisiyaların ümumi həcmi 250 milyard dollara yaxındır. Bunun yarısı xarici investisiyalardır. Bu, bizə iqtisadiyyatımızı şaxələndirməyə, islahatları uğurla həyata keçirməyə, yaxşı biznes mühiti yaratmağa imkan verib. Dünya Bankının sonuncu "Doing Business” hesabatına əsasən Azərbaycan 25-ci yerdədir. Beləliklə, biz möhtəşəm uğur qazanmışıq və biznes mühiti nöqteyi-nəzərindən 10 ən islahatçı ölkədən biriyik. Enerji resursları və gəlirlərindən düzgün istifadə sayəsində biz infrastruktura, sosial infrastruktura böyük həcmdə investisiya yatırmağa, əhalinin yaşayış səviyyəsini qaldırmağa nail olmuşuq. Ona görə də, bu layihə bizim üçün, əminəm ki, hamımız üçün olduqca mühüm əhəmiyyət kəsb edir”.

Mövzu ilə bağlı millət vəkili Rauf Əliyev qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsi yeni qaz mənbələrini təmin etməklə Avropanın enerji təhlükəsizliyinə töhfə verir, çoxşaxəli enerji marşrutları sisteminin yaradılmasına şərait yaradır: "Bu layihə üzrə Məşvərət Şurasının Bakıda keçirilən 5-ci toplantısında Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger bildirib ki, layihənin başa çatdırılması 2020-ci ilin yayına nəzərdə tutulub. O qeyd edib ki, Avropada Azərbaycan qazına maraq daha da artır. Serbiya, Macarıstan və San-Marino Məşvərət Şurasına daxil olublar. Bununla Məşvərət Şurasına üzv ölkələrin sayı 17-yə çatıb. Azərbaycan dəfələrlə bəyan edib ki, Cənub Qaz Dəhlizi layihəsi marağı olan bütün ölkələr üçün açıqdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasətin əsas uğuru Azərbaycanın da daxil olduğu Avropanın enerji təhlükəsizliyini təmin edən məkanın formalaşdırmasıdır. Bu layihə Avropa İttifaqının enerji təhlükəsizliyinin, iqtisadi stabilliyinin və eləcə də milli təhlükəsizliyinin qorunub saxlanılmasını təmin edən amillərdən birinə çevrilib. Bu, Azərbaycanın Avropa İttifaqı ilə ikitərəfli münasibətlərinin strateji xarakter daşıdığını göstərir və ölkəmizin dünyada durmadan artan nüfuzunu nümayiş etdirir”.

YAP Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də bildirib ki, Cənub Qaz Dəhlizi ölkəmizin əməkdaşlıq imkanlarını daha da artıracaq, Avropanın təbii qazla təminatında əvəzedilməz layihə olacaq: "Ölkə başçısının vurğuladığı kimi, Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir və enerji resurslarının şaxələndirilməsi bütün iştirakçı ölkələr üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında səsləndirdiyi fikirlər ölkəmizə olan inamı daha da artırır. Prezidentin qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Təbii ki, enerji təhlükəsizliyi olmadan hansısa milli təhlükəsizlikdən danışmaq çətindir. Ölkə başçısı toplantıda səsləndirdiyi fikirlərlə tərəfdaş ölkələri əmin edib ki, Cənub Qaz Dəhlizi etibarlı layihədir. Hesab edirəm ki, ölkəmizin dünya miqyasında nüfuzunu, çəkisini artıran amillərdən biri də məhz budur. Azərbaycan hər zaman verilən vədləri yerinə yetirir, möcüzə kimi görünən layihələri reallaşdırır”.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər