AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Avropanın diktəsi

Avropanın diktəsi

Təfsilat
23 Aprel 2021, 16:30 455
Gürcüstan iqtidarı və müxalifəti Qərbin təzyiqləri qarşısında duruş gətirə bilmədi
 
Artıq bir neçə aydır ki, Gürcüstanda siyasi vəziyyət gərgin olaraq qalır. Müxalifətlə iqtidar arasında yaşanan gərginlik ölkə sərhədlərini aşaraq Avropa kuluarlarında geniş müzakirə olunur. Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlar üç dəfə uğursuz başa çatıb. İş o yerə çatıb ki, hətta Avropa İttifaqının üzvü olmağa can atan və qurumdan Assosiativ üzvlük əldə edən Gürcüstana qarşı sanksiyalar da gündəmə gətirilib. Ultimativ formada iqtidar və müxalifət qarısında tələb  qoyulub ki, əgər kompromisə getməsələr, yumşaq desək, pulsuz və yardımsız qalacaqlar. Və dərhal da bu tələb qarşısında hər iki düşərgə aciz duruma düşüb və danışıqlara başlamağa hazır olduğunu nümayiş etdirib. Düzdür, bu, qonşularımızın daxili işidir və hər hansı bir qərar qəbul etməkdə də müstəqildir. Lakin məsələ başqadır. Axı illər uzunu hər kəsə anlatmağa çalışırlar ki, bəs Gürcüstan müstəqil xarici siyasət yeridir və heç kimdən asılı vəziyyətdə deyil. Avropanın gürcülər qarşısında qoyduğu ultimativ bəyanatlar bunun heç də belə olmadığını üzə çıxarmış olur. Hər hansı bir müstəqillikdən, sadəcə söhbət belə gedə bilməz. Görünən odur ki, Qərbin müəyyən etdiyi xətti və tələb etdiklərini yerinə yetirməmək gürcülərə baha başa gələ bilər. Bu faktdır ki, regionda  müstəqil xarici siyasət yeridən dövlət varsa, o da Azərbaycandır. Tək bir nümunə. Beynəlxalq təpkilər və təzyiqlərə baxmayaraq, işğal altında olan torpaqlarını 44 gün ərzində azad etdi və Qərb qurumlarının 30 il dondurduğu problemi həll etməyə müvəffəq oldu. Və dünyaya sübut etdi ki, ən ümdə olanı xalq-dövlət birliyidir.  Dünya tarixində görünməmiş bir formada bu birliyi göstərmiş oldu. Məhz düzgün xarici siyasət, sonda uğura gətirib çıxardı. Gürcüstanda baş verənlər isə göstərir ki, prosesləri düzgün qiymətləndirməmək, çılğınlıq sonda çox mənfi fəsadlara gətirib çıxarır. 2008-ci ildə Gürcüstanın apardığı müharibə kimi. Qərbə arxalanıb müharibə aparmağın acı sonluğu hər kəsə bəllidir.
Qeyd etməliyik ki, bu gün də Gürcüstanda baş verənlər qonşu kimi Azərbaycanı da  maraqlandırır. Səbəb də, ümumi siyasi, iqtisadi və strateji maraqlardır. Ən əsası, bu ölkədə yüz minlərlə soydaşımız yaşayır və orada hər hansı bir gərginlik həm də bizim problemimiz deməkdir.
 
"Gürcü-Avropa anlaşması”
 
Beləliklə, Gürcüstanın hakim partiyası və müxalifətin bir hissəsi aylardır davam edən siyasi böhranın sona çatması üçün Avropa İttifaqının vasitəçiliyi ilə əldə edilmiş sazişi imzalayıb. İmzalanma mərasimi Tbilisidəki prezident iqamətgahında baş tutub. Gürcüstan prezidenti sarayında keçirilən imzalama mərasiminə videobağlantı ilə qoşulan Avropa Şurasının sədri Şarl Mişel deyib ki, bu saziş hələ finiş xətti deyil: "Bu saziş sizin Gürcüstan demokratiyasını birləşdirmək və Gürcüstanı Avroatlantika gələcəyinə aparmaq işinizin start xəttidir”. ABŞ-ın Gürcüstandakı səfirliyi sazişi alqışlayıb və bütün tərəfləri onun tam icrasına çağırıb. Səfirliyin bəyanatında deyilir ki, bu razılaşmanın icrası onun əldə olunması qədər mühümdür. Müxalifət partiyaları adından sənədi Vako Meqrelişvili və Zurab Caparidze ("Girchi"), Aleko Elisaşvili ("Citizens"), Katuna Samnidze ("Republic Party"), Badri Caparidze və Mamuka Kazaradze ("Lelo") imzalayıb. Bundan əlavə, bildirilib ki, "Avropa Gürcüstanı"nın keçmiş lideri David Bakradze və "Vahd Milli Hərəkat"ın üzvü Salome Samadaşvili sənədi ayrı-ayrılıqda imzalayacaq. Lakin bəlli olub ki, Samadaşvil bu fikirdə deyil. O, "Siyasi Şura, "Vahid Milli Hərəkat”ın lideri Nika Melia həbsdə olduğu müddətdə müqaviləni imzalamaqdan imtina etməsinə qərar verdi", -  deyib. Samadaşvili tədbirə fərdi qaydada qatıldığını bildirib. Gürcüstanın Aİ-dəki keçmiş nümayəndəsi bu qərarını avropayönümlü kursun alternativsizliyi və siyasi böhranın sona çatmasına çalışması ilə izah edib. Ümid edib ki, partiyası, təşkilatın lideri Nika Meliya həbsxanadan azad olunduqdan sonra bu razılaşmaya imza atacaq. Gürcüstanın kiçik partiyalarından biri – "Lelo”nun lideri Badri Caparidze Melia ilə həbsxanada görüşüb və bildirib ki, müxalifətçi azadlığa buraxılmalıdır. Melia bu ilin fevralında 2019-cu ilin etirazları zamanı zorakılığın qızışdırılması ittihamı ilə həbs edilib və zaminə buraxılıb. O, zaminin şərtlərini pozduğuna görə yenidən həbs edilib. Müxalifət ona qarşı ittihamı "siyasi motivli” adlandırır. Melianın həbsi ölkədə böhranı daha da dərinləşdirib və baş nazirin istefasına səbəb olub. Bu həbsi Qərb də pisləyir. Razılaşmada Melianın azadlığa buraxılmasına dair müddəa da var.
 
İmzalanan sənəddə nələr əks olunub?
 
İmzalanan sənəd əvvəlki versiya kimi, beş bənddən ibarətdir. Ancaq bunlardan ikisinə əhəmiyyətli düzəlişlər edilib - erkən parlament seçkilərinin keçirilməsi və müxalifətin siyasi məhbus hesab etdiyi şəxslərin sərbəst buraxılması. Beləliklə, ilk dəyişikliyə görə, əgər bu ilin oktyabrında yerli özünüidarə orqanlarına keçiriləcək seçkilərdə "Gürcü Arzusu" səsvermənin nəticələrinə görə 43 faizdən az səs toplayarsa, o zaman Gürcüstanda erkən parlament seçkiləri gələn ilə təyin ediləcək. İkinci, 2019-cu il iyunun 19-21-də etiraz aksiyalarında tutulanların əfv olunmasıdır. Lakin müşahidəçilər hesab edir ki, kompromis üçün əsas maneə heç də növbədənkənar parlament seçkiləri deyil, gürcü siyasətinə Mixail Saakaşvilinin geri dönməsi və iki nüfuzlu şəxs- Nikanor Melia və müxalif "Mtavari Arxi” telekanalının rəhbəri, biznesmen Georgi Ruruanın həbsdən azad edilməsidir. Rurua ilə bağı məsələ həllini tapacaq. Belə ki, prezident Salome Zurabişvili bəyan edib ki, gürcü biznesmeni əfv etməyə hazırdır. Və gizlətməyib ki, bunu könülsüz edəcək. Bunu da media menecerinin qaranlıq keçmişi ilə əlaqələndirir. Belə ki, bu şəxs ötən əsrin 90-cı illərinin əvvəllərində Tbilisidə fəaliyyət göstərən "Borotebi” ("Acıqlılar”) silahlı qruplaşmasına rəhbərlik edib. Vətəndaş müharibəsində də aktiv iştirak edib. Nikanor Melia ilə bağlı məsələ də isə gərginlik yaranıb - o nəinki 40 min larini (10 min avro) ödəmək istəmir, eyni zamanda Brüsselin təklifini də rədd edib. Belə ki, Avropa təşkilatlarından biri baş prokurorluğun hesabına girov qoymaq istəyib. Və qanuna görə, bu zaman siyasətçi dərhal azad edilir. Melia isə bildirib ki, ona belə bir "azadlıq” qəbuledilməzdir. Lider əlavə edib ki, bu, o halda mümkün olar ki, Mixail Saakaşviliyə və "Mtavari Arxi”nin baş direktoruna qarşı qaldırılan cinayət işinə son qoyulsun. Lakin məsələnin belə qoyuluşu nəinki "Gürcü Arzusu”, eləcə də, onun qərb tərəfdaşları üçün qəbul edilənə oxşamır. Keçmiş prezident Mixail Saakaşvilinin yaratdığı "Vahid Milli Hərəkat” və "Avropa Gürcüstanı” adlı başqa bir partiyanın iqtidar-müxalifət razılaşmasını imzalamamağı o deməkdir ki, 150 mandatlıq Gürcüstan parlamentində 40 yer hələ də boş qalır.
 
Baş nazir razıdır
 
"Hakim "Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının nümayəndələri ilə müxalifət arasında siyasi böhrandan çıxmaqla bağlı razılığın imzalanması demokratiyanın möhkəmləndirilməsi yolunda kritik bir addımdır”. Bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili "Facebook” səhifəsində yazıb. "Biz demokratiyanın möhkəmləndirilməsi yolunda vacib addım atdıq. Bu, Gürcüstanın qələbəsidir. Mən Avropa Şurasının prezidenti Şarl Mişelə, ABŞ səfiri, xanım Deqnan Kelliyə, Avropa İttifaqının səfiri cənab Karl Hartselə, cənab Kristian Danielsona və bu razılaşmanın imzalanmasında əməyi olan hər kəsə təşəkkür edirəm, - Qaribaşvili yazıb.
Gürcüləri bu "tarixi nailiyyət” münasibətilə təbrik edən Avropa Şurasının prezidenti Şarl Mişel isə bildirib ki, yaxın vaxtlarda dialoqu davam etdirmək üçün Tbilisiyə təkrar səfər edəcək. Görünən odur ki, avropalı diplomat hər iki tərəfi bağlı qapılar arxasında bu sazişə imza atmağa çağırıb.  
 
Saakaşvili isə narazıdır
 
Eks-prezident Mixail Saakaşviliyə gəldikdə, imzalanan razılaşma ilə bağlı narazılığını gizlətməyib. Partiyasının sənədə imza atmamağına görə təşəkkür edib. "Gəlin eksperiment aparaq. Məni ölkəyə buraxsınlar, and içirəm ki, 24 saat ərzində küçələrdə mühafizəçilər olmadan gəzəcəyəm. Xalqa fikirlərini sərbəst ifadə etmək imkanı verilsin. Niyə buna icazə verilmir? Bəlkə ona görə ki, Gürcüstan torpağına ayaq basan kimi hazırkı hakimiyyət xalqın ona dəstəyinin 5%, mənə isə 70-75% olduğunu görəcək", - M.Saakaşvili qeyd edib. 
Bütövlükdə isə imzalanan sazişi aylardır ki, birləşmiş gürcü müxalifətinin qeyri-formal lideri Saakaşvilinin ən iri siyasi məğlubiyyəti kimi qiymətləndirmək olar. "Onun partiyası pis ilə daha pis arasında seçim etməli olub” - deyə "Nation.ge” resursunun analitiki David Avalişvili bildirib. Və aydınlıq gətirib –Mixail Saakaşvilinin gürcü siyasətinə dönüşünə nail olmayan iri müxalifət partiyası ya boykota son qoymalı və digər müxalifət partiyaları ilə birlikdə qanunverici məclisin işinə qayıtmalı, ya da boykota üstünlük verməlidir. Bu halda da Brüssellə münasibətləri korlamış olacaq. Brüssel üçün isə gürcü böhranının həlli "şərəf məsələsi” və Aİ rəhbərliyinin ən böyük nailiyyəti kimi nəzərdən keçirilir. Gürcüstan Strateji İdarəetmə İnstitutunun rəhbəri Petre Mamradze isə qeyd edib ki, "Gürcü Arzusu” indi, sadəcə müxalifət ilə münaqişəni bir kənara qoyub Gürcüstanın problemlərini həll etmək zərurəti ilə üzləşib və artıq Tbilisi vəd edilən 500 milyon dollarlıq xarici borcu götürə biləcək. Gürcüstan Ekspert Klubunun üzvü Vaxtanq Maisaya isə diqqəti ölkənin xarici siyasət problemlərinə çəkib: "Birincisi, Gürcüstan ətrafındakı geosiyasi vəziyyət qızışır. Ukraynada baş verənlər fonunda "Gürcü Arzusu" gərginliyi davam etdirməkdən qorxdu. Əsas siyasi tərəfdaş - ABŞ və Avropa İttifaqını itirmək riskinə getmədi. Bundan əlavə, "Gürcü Arzusu"nun özündə böyük bir qorxu var və tezliklə parlamentdəki çoxluğu itirə bilər”.
 
Azər NURİYEV