• cümə, 19 Aprel, 11:18
  • Baku Bakı 13°C

Avropanın ağlasığmaz on şəhərindən biri - Fotolar

01.04.19 13:38 1260
Avropanın ağlasığmaz on şəhərindən biri - Fotolar
Portuqaliyadan söz düşəndə, adətən, Lissabondan, Portudan danışırlar. Dağların və dənizin əhatəsində yerləşən Sintra şəhərinin fərqli romantikası isə bu yerləri görənlərin yaddaşına ömürlük yazılır. Təsadüfi deyil ki, bu şəhər Avropanın ağlasığmaz 10 şəhərləri sırasında yer alıb. Hər il 6 milyon turist bu şəhərə səfər edir. Sintranın əsası 1154-cü ildə qoyulub. O vaxta qədər isə burada eyniadlı qala olub.Lissabondan qatarla 1 saatlıq məsafədə yerləşən şəhəri Portuqaliya kralları da istirahət məskəni kimi seçib.
Hər kəsin marağına uyğun
Sintranın ərazisi çox da böyük deyil. Bircə gün gəzməklə Pena sarayını, unikal Kinta de Reqaleyr parkını, mavrların qalalarını, əfsanəvi Monserrat sarayını görmək mümkündür. Əsrarəngiz gözəlliyinə və tarixiliyinə görə, Sintra 1995-ci ildə YUNESKO-nun irsi elan olunub. Şəhər Portuqaliyanın ən çox səfər edilən "Top-3”-lüyünə daxildir. Hətta kurort-şəhər, bura səfər edən turistlərin çoxluğuna görə Lissabon və Portu ilə müqayisə aparmaq iqtidarındadır. Bu şəhərin gözəlliyi bir çox yazıçıları valeh edib. Anderson burada yaşayıb yaradıb. Bayron isə buralara səyahət edəndə "Qədim Sintra, Lissabondan 15 kim məsafədə yerləşən şəhər – ola bilsin ki, Avropanın ən gözəl şəhəridir” - deyə yazıb.

Sintra Rosiu dəmiryolu vağzalından 1 saatlıq məsafədə yerləşir və 2.50 avroya birtərəfli bilet almaqla şəhərə çatmaq olur. Qatardan düşən kimi tur agentliklərin nümayəndələri dağlar qoynunda yerləşən qəsrlər, saraylarla tanış etmək üçün turistlərə xidmətlərini təklif edirlər. Avtobuslar və kiçik tutumlu avtomobillərlə Sintranın görməli yerlərini bütünlüklə gəzmək mümkündür. Tur agentliklərin nümayəndələri xidmətləri müqabilində 20-30 avro pul istəyirlər. Sintradan Atlantik okeanına qədər uzanan, yüz il bundan öncə tikilmiş tramvay xətti də mövcuddur ki, buradan yalnız qədim tramvaylar hərəkət edir. Əksər turistlər Sintraya birgünlük ekskursiyaya ya Lissabondan, ya da Kaşkayş və ya Eştoril şəhərlərindən gəlirlər. Burada istənilən yaşda olan turist, marağına səbəb olacaq şeylər tapa bilər.

Hər yerdən görünən saray
Pena Sarayı (Palácio da Pena) Sintranın ən çox səfər edilən tarixi yeridir. Dağların ən yüksək zirvəsində yerləşir. Saray 19-cu əsr Avropa romantizminin ən maraqlı nümunəsi hesab edilir. Buradan şəhər əl içi kimi görünür. Saray portuqal üslubunda tikilib, maraqlı interyerlərlə çoxlu otaqları var.

Pena sarayının zəngin tarixi var. Hələ 8-ci əsrdə bu yerdə mavrların sarayı tikilib. 1147-ci ildə Alfnoso Enrikes sarayı zəbt edib. 1281-ci ildə saray restavrasiya olunub.


1385-ci ildə kral 1-ci Juan, Sintranın simvoluna çevriləcək səviyyədə, sarayı yenidən tikməyi əmr edib. 1495-1521-ci illərdə kral 1-ci Manuel sarayda geniş rekonstruksiya işləri apartdıraraq manuel arxitekturası əlavə etdirib. 1755-ci ildə zəlzələ nəticəsində saray dağılıb. 1880-ci ildə sarayın sonuncu sakini 2-ci Manuelin nənəsi Mariya Pia olur. 1910-cu ildə saray milli əhəmiyyətli abidəyə çevrilir və krallıq dövründəki görkəminə qaytarılır. Üslub qarışıqlığı və əyləncəli görkəmi saraya bənzərsiz görkəm verir. Sarayı əhatə edən meşədən maqnoliyaların, Avstraliya, Yeni Zeleandiyadan gətirilən ağac və güllərin qoxusu ətrafa yayılır. İstirahət günləri günortaya qədər saraya giriş pulsuzdur. Onda da növbənin ucu-bucağı bilinmir. 6 yaşdan 17 yaşadək uşaqlar və gənclər, 65 yaşdan yuxarı təqaüdçülər üçün güzəştlər var. Növbədə durmamaq üçün biletləri onlayn da əldə etmək olur. 7.50 avro ödəməklə sarayı zahirdən izləmək, 14.50 avro ödəməklə içərisinə daxil olmaq mümkündür. Üstəlik, sarayın yerləşdiyi ərazidə xüsusi avtobuslar işləyir ki, onların xidmətindən istifadə etmək üçün də ayrıca 3.50 avro ödəmək lazım gəlir. Saraya, 10-15 dəqiqə vaxt sərf etməklə piyada yolla da qalxmaq olur. Turistlər bu şəhərə gəlirlərsə, Pena sarayını görmədən geri dönmürlər. Saraya qalxan turistlərin yaşı sərhəd tanımır. Aralarında əlil arabasında gələnlər də, 80 yaşlı qocalar da, azyaşlı uşaqlar da var. Onlar dünyanın son dərəcə maraqlı məkanını görməkdən məmnunluqlarını gizlətmirlər.

Portuqaliyanın şöhrətli dövrünün xatirəsi
Şəhərin mərkəzi meydanından 700 metr məsafədə yerləşən Kinta-da-Reqaleyr sarayı da Sintranın görməli yerlərindən sayılır. Yerli milyonçunun sifarişi ilə tikilən saray Portuqaliyanın şöhrətli dövrünü xatırladır. Sarayın tikintisində istifadə olunan mərmər, heykəllər və freskalar qeyri-adiliyi ilə diqqət çəkir. Sintrada hazırda 5 ulduzlu otellərə çevrilən qəsrlər var ki, Madonna kimi dünya ulduzları ölkəyə səfərləri zamanı məhz bu otellərdə gecələyirlər. Binaların fasadlarında, interyerlərdə bəzək predmetinə çevrilən ənənəvi kaşı - azuleju adamı heyran edir.


Təbiətin qoynundan ayrılıb şəhərin qədim hissəsinə yürümək, dar-dolanbac küçələri, buradakı yerli məhsulları, toxunma əl işlərini görmək də ayrıca zövq verir. Yerli mətbəxin dadı, göz qabağında çəkilən təbii şirələr, okeanın çeşidli balıqları, qoxusu küçələrə yayılan buşintilər, insanlarının mehribanlığı və ünsiyyətcilliyi Sintranın fərqliliyini hiss etdirir. Qiymətlər isə o qədər də ucuz deyil. Məsələn, balıq yeməkləri dadmaq üçün 12-18 avro ödəməlisən. Hətta qiymətlər 30-55 avroya qədər yüksəlir. Sintrada böyük şərab zavodu da fəaliyyət göstərir. Turistlər təkcə yerli şərabın dadına baxmırlar, həmçinin ağ, qırmızı və yaşıl portuqal şərabını alıb ölkələrinə də aparırlar. Ölkədə isə şərab su və meyvə şirəsi kimi içilir.


Bizi müşayiət edən bələdçidən daşınmaz əmlakın qiyməti ilə maraqlanıram. Qiymətlər nə az-nə çox 500 min-1 milyon avro arası dəyişir. "Qızıl viza” almaq istəyənlər isə bu şəhərə yatırım qoyurlar.

Yerin qurtardığı, dənizin başlandığı yer
Sintradan yarım saatlıq - 34 km məsafədə Kabo-da Roka – Avropanın qurtardığı məkan yerləşir. Atlantik okeanının sıldırım qayalara çırpılan qəzəbli dalğalarını, Avropanın qurtardığı yeri görmək istəyənlər bura səfər etməyi unutmurlar. Ərazidə mayak və restoran var. Okeanın soyuq küləkləri nə qədər mane olsa da, insanlar qorunan ərazidə şəkil çəkdirir, sıldırım qayalara, Rok burnuna qalxıb ucsuz-bucaqsız okeanı izləyirlər. Bu yer haqqında əfsanələr dolaşır. Böyük coğrafi kəşflər dövründə yeni dünyaya çatmaq və yeni qitələr tapmaq istəyən Portuqaliya səyahətçiləri haqqında əfsanələrin bir ucu məhz Kabo-da Rokaya gəlib çıxır. Yeni yerlər kəşf etmək, okeanı fəth etmək isə çox səyahətçilərin arzusu olub. Kabo da Roka – Avropa qitəsinin ən qərb hissəsidir. 14-cü əsrə qədər torpağın qurtardığı yer hesab olunub. Bu məşhur yeri görmək üçün avtomobil icarə etmək lazımdır. İctimai nəqliyyatla da getmək mümkündür, ancaq daha çox yerləri görmək istəyən turist üçün bu, çox vaxt apara bilər.


1772-ci ildə Kabo da Rokada ilk mayak tikilib. 150 metr hündürlüyü, 1000 vatt gücündə işıqlanması olan mayak 46 km-dək məsafəni işıqlandırır. Koba da Rokada üzərində xaç işarəsi olan mərmər abidə də ucaldılıb. Abidənin üzərində məşhur portuqal şairi Luiş Kamoensin "Bura yerin qurtardığı, dənizin başlandığı yerdir” sözləri yazılıb. Ərazidə poçt şöbəsi də var ki, səfər edən turistlər dost-tanışlarına, doğmalarına məktub yaza bilərlər. Koba da Roka ömründə bircə dəfə də olsa, turistlərin baş çəkmək istədiyi yerdir. Ona görə, bura gələn turistlərə səfərlərini təsdiq etmək üçün 5 avro müqabilində sertifikat da verilir.

Kaşkayş şəhəri keçən il Avropanın gənclər paytaxtı adına layiq görülüb. Gənclik ruhu bu şəhərin bütün küçələrində hiss olunur. Xarici turistlərin ən çox daşınmaz əmlak aldıqları yerlərdən biri də məhz Kaşkayş şəhəridir. Daşınmaz əmlak yolu ilə yaşayış izni almağa isə bu ölkədə 350 min avro kifayət edir.

Bu şəhərdə Ekologiya Fondunun mavi bayrağının dalğalandığı fantastik çimərliklər var. Kaşkayş, sörfinqə yeni başlayan və peşəkarlar üçün ideal məkandır. Yol boyu irəlilədikcə, bu idman növü ilə məşğul olan insanlara tamaşa etmək mümkündür. Şəhər sörfinq üzrə dünya çempionatının keçirildiyi nadir məkanlardan biridir.

Sintra- Koba da Roka və Kaşkayşdə demək olar ki immiqrantlar gözə dəymir. Sakinlər daha çox yerli portuqallardır. Əhalinin məşğulluğu isə turizmdən çıxır. Çünki turistlər hər fəslin öz gözəlliyini səxavətlə bəxş etdiyi bu yerlərə ilin bütün fəsillərində gəlirlər. Bəlkə immiqrantların da olmamağındandır ki, şəhər öz sakit ritmini yaşayır və hər gün yuxudan ayılaraq qonaqlarının yolunu gözləyir...
Təranə Məhərrəmova
Sintra-Kabo da Roka-Kaşkayiş


banner

Oxşar Xəbərlər