Avropanın ağlasığmaz on şəhərindən biri - Fotolar

Portuqaliyadan
söz düşəndə, adətən, Lissabondan, Portudan danışırlar. Dağların və dənizin əhatəsində
yerləşən Sintra şəhərinin fərqli romantikası isə bu yerləri görənlərin
yaddaşına ömürlük yazılır. Təsadüfi deyil ki, bu şəhər Avropanın ağlasığmaz 10 şəhərləri
sırasında yer alıb. Hər il 6 milyon
turist bu şəhərə səfər edir. Sintranın əsası 1154-cü ildə qoyulub. O vaxta
qədər isə burada eyniadlı qala olub.Lissabondan qatarla 1 saatlıq məsafədə
yerləşən şəhəri Portuqaliya kralları da istirahət məskəni kimi seçib.

Hər kəsin marağına uyğun
Sintranın
ərazisi çox da böyük deyil. Bircə gün gəzməklə Pena sarayını, unikal Kinta de
Reqaleyr parkını, mavrların qalalarını, əfsanəvi Monserrat sarayını görmək
mümkündür. Əsrarəngiz gözəlliyinə və tarixiliyinə görə, Sintra 1995-ci ildə YUNESKO-nun irsi elan olunub. Şəhər Portuqaliyanın ən çox səfər edilən "Top-3”-lüyünə
daxildir. Hətta kurort-şəhər, bura səfər
edən turistlərin çoxluğuna görə Lissabon və Portu ilə müqayisə aparmaq iqtidarındadır.
Bu şəhərin gözəlliyi bir çox yazıçıları valeh edib. Anderson burada
yaşayıb yaradıb. Bayron isə buralara səyahət edəndə "Qədim Sintra, Lissabondan
15 kim məsafədə yerləşən şəhər – ola bilsin ki, Avropanın ən gözəl şəhəridir” -
deyə yazıb.

Sintra
Rosiu dəmiryolu vağzalından 1 saatlıq məsafədə yerləşir və 2.50 avroya
birtərəfli bilet almaqla şəhərə çatmaq olur. Qatardan
düşən kimi tur agentliklərin nümayəndələri dağlar qoynunda yerləşən qəsrlər, saraylarla
tanış etmək üçün turistlərə xidmətlərini təklif edirlər. Avtobuslar və kiçik
tutumlu avtomobillərlə Sintranın görməli yerlərini bütünlüklə gəzmək mümkündür.
Tur agentliklərin nümayəndələri xidmətləri müqabilində 20-30 avro pul istəyirlər.
Sintradan Atlantik okeanına qədər uzanan, yüz
il bundan öncə tikilmiş tramvay xətti də mövcuddur ki, buradan yalnız qədim
tramvaylar hərəkət edir. Əksər turistlər Sintraya birgünlük
ekskursiyaya ya Lissabondan, ya da Kaşkayş və ya Eştoril şəhərlərindən
gəlirlər. Burada istənilən yaşda olan turist, marağına səbəb olacaq şeylər tapa
bilər.

Hər
yerdən görünən saray
Pena
Sarayı (Palácio da Pena) Sintranın ən çox səfər edilən tarixi yeridir. Dağların
ən yüksək zirvəsində yerləşir. Saray 19-cu əsr
Avropa romantizminin ən maraqlı nümunəsi hesab edilir. Buradan şəhər əl içi kimi görünür.
Saray portuqal üslubunda tikilib, maraqlı interyerlərlə çoxlu otaqları var.

Pena sarayının zəngin tarixi
var. Hələ 8-ci əsrdə bu yerdə mavrların
sarayı tikilib. 1147-ci ildə Alfnoso Enrikes sarayı zəbt edib. 1281-ci ildə
saray restavrasiya olunub.

1385-ci
ildə kral 1-ci Juan, Sintranın simvoluna çevriləcək səviyyədə, sarayı yenidən
tikməyi əmr edib. 1495-1521-ci illərdə kral 1-ci Manuel sarayda geniş rekonstruksiya
işləri apartdıraraq manuel arxitekturası əlavə etdirib. 1755-ci ildə zəlzələ
nəticəsində saray dağılıb. 1880-ci ildə sarayın sonuncu sakini 2-ci Manuelin
nənəsi Mariya Pia olur. 1910-cu ildə saray milli əhəmiyyətli abidəyə çevrilir
və krallıq dövründəki görkəminə qaytarılır. Üslub qarışıqlığı və əyləncəli
görkəmi saraya bənzərsiz görkəm verir. Sarayı əhatə edən meşədən
maqnoliyaların, Avstraliya, Yeni Zeleandiyadan gətirilən ağac və güllərin qoxusu ətrafa yayılır. İstirahət
günləri günortaya qədər saraya giriş pulsuzdur. Onda da növbənin ucu-bucağı
bilinmir. 6 yaşdan 17 yaşadək uşaqlar və gənclər, 65 yaşdan yuxarı təqaüdçülər
üçün güzəştlər var. Növbədə durmamaq üçün biletləri onlayn da əldə etmək olur. 7.50
avro ödəməklə sarayı zahirdən izləmək, 14.50 avro ödəməklə içərisinə daxil
olmaq mümkündür. Üstəlik, sarayın yerləşdiyi ərazidə xüsusi avtobuslar işləyir
ki, onların xidmətindən istifadə etmək üçün də ayrıca 3.50 avro ödəmək lazım
gəlir. Saraya, 10-15 dəqiqə vaxt sərf etməklə piyada yolla da qalxmaq olur. Turistlər
bu şəhərə gəlirlərsə, Pena sarayını görmədən geri dönmürlər. Saraya qalxan turistlərin yaşı sərhəd tanımır. Aralarında
əlil arabasında gələnlər də, 80 yaşlı qocalar da, azyaşlı uşaqlar da var. Onlar
dünyanın son dərəcə maraqlı məkanını
görməkdən məmnunluqlarını gizlətmirlər.

Portuqaliyanın
şöhrətli dövrünün xatirəsi
Şəhərin mərkəzi meydanından 700 metr məsafədə yerləşən
Kinta-da-Reqaleyr sarayı da Sintranın görməli yerlərindən sayılır. Yerli
milyonçunun sifarişi ilə tikilən saray Portuqaliyanın şöhrətli dövrünü
xatırladır. Sarayın tikintisində istifadə olunan mərmər, heykəllər və freskalar
qeyri-adiliyi ilə diqqət çəkir. Sintrada hazırda 5 ulduzlu otellərə çevrilən
qəsrlər var ki, Madonna kimi dünya ulduzları ölkəyə səfərləri zamanı məhz bu
otellərdə gecələyirlər. Binaların fasadlarında, interyerlərdə bəzək predmetinə
çevrilən ənənəvi kaşı - azuleju adamı heyran edir.

Təbiətin qoynundan ayrılıb şəhərin qədim hissəsinə yürümək,
dar-dolanbac küçələri, buradakı yerli məhsulları, toxunma əl işlərini görmək də
ayrıca zövq verir. Yerli mətbəxin dadı, göz qabağında çəkilən təbii şirələr,
okeanın çeşidli balıqları, qoxusu küçələrə yayılan buşintilər, insanlarının
mehribanlığı və ünsiyyətcilliyi Sintranın fərqliliyini hiss etdirir. Qiymətlər
isə o qədər də ucuz deyil. Məsələn, balıq yeməkləri dadmaq üçün 12-18 avro
ödəməlisən. Hətta qiymətlər 30-55 avroya qədər yüksəlir. Sintrada böyük şərab
zavodu da fəaliyyət göstərir. Turistlər təkcə yerli şərabın dadına baxmırlar,
həmçinin ağ, qırmızı və yaşıl portuqal şərabını alıb ölkələrinə də aparırlar. Ölkədə
isə şərab su və meyvə şirəsi kimi içilir.

Bizi müşayiət edən bələdçidən daşınmaz əmlakın qiyməti ilə
maraqlanıram. Qiymətlər nə az-nə çox 500 min-1 milyon avro arası dəyişir.
"Qızıl viza” almaq istəyənlər isə bu şəhərə yatırım qoyurlar.

Yerin
qurtardığı, dənizin başlandığı yer
Sintradan yarım saatlıq - 34 km məsafədə Kabo-da Roka –
Avropanın qurtardığı məkan yerləşir. Atlantik okeanının sıldırım qayalara
çırpılan qəzəbli dalğalarını, Avropanın qurtardığı yeri görmək istəyənlər bura
səfər etməyi unutmurlar. Ərazidə mayak və restoran var. Okeanın soyuq küləkləri
nə qədər mane olsa da, insanlar qorunan ərazidə şəkil çəkdirir, sıldırım
qayalara, Rok burnuna qalxıb ucsuz-bucaqsız okeanı izləyirlər. Bu yer haqqında
əfsanələr dolaşır. Böyük coğrafi kəşflər dövründə yeni dünyaya çatmaq və
yeni qitələr tapmaq istəyən Portuqaliya
səyahətçiləri haqqında əfsanələrin bir ucu məhz Kabo-da Rokaya gəlib çıxır.
Yeni yerlər kəşf etmək, okeanı fəth etmək isə çox səyahətçilərin arzusu olub. Kabo da Roka – Avropa qitəsinin ən qərb hissəsidir. 14-cü
əsrə qədər torpağın qurtardığı yer hesab olunub. Bu məşhur yeri görmək üçün
avtomobil icarə etmək lazımdır. İctimai nəqliyyatla da getmək mümkündür, ancaq
daha çox yerləri görmək istəyən turist üçün bu, çox vaxt apara bilər.

1772-ci
ildə Kabo da Rokada ilk mayak tikilib.
150 metr hündürlüyü, 1000 vatt gücündə işıqlanması olan mayak 46 km-dək
məsafəni işıqlandırır. Koba da
Rokada üzərində xaç işarəsi olan mərmər
abidə də ucaldılıb. Abidənin üzərində məşhur portuqal şairi Luiş Kamoensin
"Bura yerin qurtardığı, dənizin başlandığı yerdir” sözləri yazılıb. Ərazidə
poçt şöbəsi də var ki, səfər edən turistlər dost-tanışlarına, doğmalarına
məktub yaza bilərlər. Koba da Roka ömründə bircə dəfə də olsa, turistlərin baş
çəkmək istədiyi yerdir. Ona görə, bura gələn turistlərə səfərlərini təsdiq
etmək üçün 5 avro müqabilində sertifikat da verilir.
Kaşkayş şəhəri keçən il Avropanın gənclər
paytaxtı adına layiq görülüb. Gənclik ruhu bu şəhərin bütün küçələrində hiss
olunur. Xarici turistlərin ən çox daşınmaz əmlak aldıqları yerlərdən biri də
məhz Kaşkayş şəhəridir. Daşınmaz əmlak yolu ilə yaşayış izni almağa isə bu
ölkədə 350 min avro kifayət edir.

Bu şəhərdə Ekologiya Fondunun mavi bayrağının
dalğalandığı fantastik çimərliklər var. Kaşkayş, sörfinqə yeni başlayan və
peşəkarlar üçün ideal məkandır. Yol boyu irəlilədikcə, bu idman növü ilə məşğul
olan insanlara tamaşa etmək mümkündür. Şəhər sörfinq üzrə dünya çempionatının
keçirildiyi nadir məkanlardan biridir.
Sintra-
Koba da Roka və Kaşkayşdə demək olar ki immiqrantlar gözə dəymir. Sakinlər daha
çox yerli portuqallardır. Əhalinin məşğulluğu isə turizmdən çıxır. Çünki
turistlər hər fəslin öz gözəlliyini səxavətlə bəxş etdiyi bu yerlərə ilin bütün
fəsillərində gəlirlər. Bəlkə immiqrantların da olmamağındandır ki, şəhər öz
sakit ritmini yaşayır və hər gün yuxudan ayılaraq qonaqlarının yolunu
gözləyir...
Təranə
Məhərrəmova
Sintra-Kabo
da Roka-Kaşkayiş
