• cümə axşamı, 18 aprel, 09:47
  • Baku Bakı 12°C

Avropanı təhdid edən miqrant axını

03.03.20 19:01 3122
Avropanı təhdid edən miqrant axını
İndiyə qədər qaçqınlar üçün 40 milyard dollar xərcləyən Türkiyə artıq bu yükü təkbaşına çəkmək istəmir
Türkiyə Suriyanın İdlib əyalətindəki vəziyyətin gərginləşməsindən, xüsusən ötən həftənin cümə axşamından cümə gününə keçən gecə 36 türk əsgərinin ölümü ilə nəticələnən hava hücumundan sonra artıq miqrant axınını dayandıra bilməyəcəyini bəyan edib, ölkənin Avropa İttifaqı (Aİ) ilə dəniz və quru yolu ilə sərhədlərini açıb. Fevralın 28-də Türkiyə polisinə, sahil mühafizəçilərinə və sərhəd-buraxılış məntəqələrinə Suriyadan Avropaya qaçqın axınına mane olmamaq barədə göstəriş verilib. Rəsmi Ankaranın bu addımından sonra Türkiyə-Yunanıstan sərhədində miqrant böhranı yaşanıb. Martın 3-ə olan məlumata görə, Türkiyəni tərk edən miqrant sayı 130 mini keçib. Bunlar Türkiyənin Ədirnə şəhərindən Yunanıstana keçən köçkünlərdir. Yunanıstan hərbçiləri sərhədi keçmək istəyən miqrantlara qaz bombası, hətta odlu silahla təzyiq göstərməyə başlayıblar. Son məlumatlara görə, Avropaya getmək istəyən miqrantlarla Yunanıstan sərhədçiləri arasında baş verən toqquşmada ölən və yaralananlar var.

Türkiyənin təhlükəsizlik qayğıları
Türkiyə ilə sərhəd olan Bolqarıstanın Baş Naziri Boyko Borisov isə ölkəsinə gözlənilən miqrant axınından dolayı Ankaraya səfər edib. Prezident R.T.Ərdoğanla görüşən B.Borisov martın 6-da Türkiyə, Yunanıstan və Bolqarıstan tərəfinin iştirakı ilə Sofiyada zirvə görüşünün keçirilməsini təklif edib. Amma R.T.Ərdoğan yunanların miqrantları öldürdüyü üçün Yunanıstanla eyni masada oturmaqdan imtina edib. Türkiyə Prezidenti bildirib ki, sərhəd qapılarından Avropaya keçmək istəyən miqrantların qarşısının alınması üçün hazırda Avropa tərəfdən Türkiyəyə 1 milyard dollar ödəmə vədi verilir. O, bundan imtina etdiklərini diqqətə çatdırıb: "Kimi aldadırlar?Biz artıq bu puldan imtina edirik. Qaçqınlar üçün 40 milyarddan çox xərcləyən Türkiyə bunun da çarəsini tapar. Amma Türkiyənin qüruru ilə oynamağa kimsənin ixtiyarı yoxdur. Avropanın öndə gedən ölkələri Türkiyənin sərhədlərində olan qaçqınlara görə bizi haqsız saymaqla hələ də ikili standart tətbiqinə davam edirlər. Türkiyənin təhlükəsizlik qayğılarını görmək belə istəmirlər”.

Brüssel rəsmi Afinanın siyasətini dəstəkləyir
Bütün bunların fonunda Avropa İttifaqına 27 üzv ölkənin daxili işlər nazirləri Türkiyədən gələn miqrant axını ilə əlaqədar martın 4-də Brüsseldə təcili iclas keçirməyi planlaşdırıblar. Nazirlərin Ankaranın dəniz və ya quru yolu ilə Avropaya daxil olmaq istəyən suriyalı qaçqınları dayandırmamaq qərarını müzakirə edəcəyi gözlənilir. İclasda Yunanıstan və Bolqarıstana Aİ-nin xarici sərhədində patrul xidmətinin təşkilinə kömək imkanları da nəzərdən keçiriləcək. Mövzu ilə bağlı fikrini "Kaspi” qəzetinə açıqlayan politoloq Elxan Şahinoğlu deyib ki, Bəşər Əsəd rejimindən, terrorçulardan qaçan 4 milyona yaxın suriyalı 9 ildir Türkiyədə özlərinə sığınacaq tapıb. Lakin indi Türkiyə bu yükü təkbaşına götürmək istəmir, Avropa İttifaqının məsuliyyəti bölüşməsini istəyir: "Yunanıstanla sərhəddə baş verən toqquşmalar nəticəsində suriyalı qaçqınlardan ölənlər və yaralananlar var. Əgər bunu türklər etsəydi, indi bütün dünya Türkiyəyə qarşı idi. Lakin Brüssel rəsmi Afinanın siyasətini dəstəklədiyini bəyan etdi. Türkiyənin sərhədlərini açması nəticəsində miqrant axını ilə üzləşən ikinci ünvan Avropa İttifaqının ən kasıb ölkəsi olan Bolqarıstandır. Yunanıstandan fərqli olaraq Bolqarıstanın Türkiyə ilə yaxşı münasibətləri var. Hətta bu münasibətlər, o cümlədən Bolqarıstan baş nazirinin Türkiyə səfəri belə, Ərdoğanı qəbul etdiyi qərardan çəkindirə bilmədi. Miqrant problemini həll etmək üçün paytaxt Sofiyada keçirilməsi təklif olunan görüşdən imtina olundu. Hətta Avropa İttifaqının 1 milyard dollar yardım etmək təklifi də geri çevrilib. Məsələ burasındadır ki, Ankara miqrant yükünü təkbaşına daşımaq istəmir”.

Miqrant sayı milyonlara çatacaq
E.Şahinoğlu bildirib ki, İdlib gərginliyindən sonra yenidən ölkəyə miqrant axınının güclənməsi Türkiyədə humanitar böhran yaşada bilər: "Bu kimi səbəblərə görə Ərdoğan qərarında haqlıdır. Avropada düşünürlər ki, Suriya məsələsi, qaçqın axını onların problemi deyil, bu qayğı Türkiyəni narahat etməlidir. Ancaq rəsmi Ankara miqrantları zorla Türkiyədə saxlamaq niyyətində deyil. Kim istəsə qala, kim istəsə Avropaya gedə bilər, sərhədlər açıqdır. Bütün bunlardan, o cümlədən Bolqarıstan və Yunanıstan sərhədində yaşananlardan sonra Avropa İttifaqını miqrant problemi narahat etməyə başlayıb. Hazırda yüzminlərlə ölçülən miqrant sayı sabah milyonlara çatacaq. Avropa bunun qarşısını almaqda çətinlik çəkəcək. Bu problemin həlli üçün diplomatik danışıqlara cəhdlər edilməsi hələlik nəticə vermir. Çünki, bundan əvvəlki danışıqlarda verilən vədlər yerinə yetirilmir. Türkiyə yenidən belə oyunlara getməyəcək. Avropa sərhədləri gücləndirməklə üzləşə biləcəyi miqrant böhranından çıxış yolu tapa bilməyəcək”.

Avropaya təzyiq və ötürülən siyasi mesaj
Politoloq Nəzakət Məmmədova söyləyib ki, Türkiyə yaxın günlərə qədər Avropaya gözlənilən miqrant axının qarşısında keçilməz sədd rolunu oynayıb. Buna rəğmən, Avropa İttifaqı miqrant probleminin həlli üçün vaxtilə Türkiyəyə vəd etdiyi 3 milyard avronu ödəməyib, verdiyi vədə sadiq qalmayıb: "Avropa İttifaqı öz vədinə sadiq qala bilmədi. Yalnız Almaniya sona qədər Türkiyənin yanında yer aldı. Digər Avropa ölkələri isə miqrantlara qarşı radikal mövqe tuturdular. Belə bir situasiyada miqrant məsələsi Türkiyənin əlində Avropa ilə bazarlığa getmək üçün həm də təzyiq vasitəsidir. Suriya ətrafında gedən proseslərdə, xüsusən də İdlib böhranında Avropanın, NATO-nun Türkiyəyə arzulanan dəstəyi verməməsi Ərdoğanın qəti qərar qəbul etməsinə səbəb olub. Türkiyə Prezidenti sərhədləri miqrantların üzünə açmaqla bir növ Avropanı təhdid edir. Çünki, Türkiyə miqrantların qarşısında səddə çevrilməsəydi suriyalılar Avropaya axışıb orada humanitar böhran yaradardılar. Ərdoğan son addımları ilə məhz bu mesajı Avropaya ötürür, siyasi gediş edir. Türkiyə Suriya məsələsində, orada apardığı hərbi əməliyyatlarda Avropa İttifaqı və NATO-dan özünə ciddi dəstək gözləyir”.

Avropa, Amerika, NATO yalnız bəyanatlar verir
Siyasi şərhçi Vüqar Zifəroğlu da hesab edir ki, Yaxın Şərqdə yaşanan hadisələrdən sonra "qoca qitə”də silsilə terror aktlarının törədilməsi Avropanı təhlükəsizlik baxımından ciddi düşünməyə vadar etsə də, miqrant axınının yarada biləcəyi böhrandan, sosial yükdən daim kənarda saxlayıb. Onun sözlərinə görə, suriyalı qaçqınların məskunlaşması, saxlanması məsələsində Avropa Türkiyədən yararlanmağa çalışıb: "Suriya problemi yaşanan ilk vaxtlarda Avropa İttifaqı ölkələri ilə Türkiyə arasında razılaşma olmuşdu. Bu razılaşmanın kökündə o dayanırdı ki, Türkiyə miqrantları qəbul edir. Bunun müqabilində Avropa İttifaqı Türkiyədə müəyyən sosial proqramlar, layihələr həyata keçirməli, rəsmi Ankaraya maddi-mənəvi dəstək olmalı idi. Ancaq bu vədin üstündə durulmadı. Türkiyə təkbaşına qaçqınları qəbul etdi, saxladı, onlara maddi-mənəvi dəstək oldu, hətta problemlərini həll etməyə çalışdı. Lakin son bir ayda baş verən proseslər göstərdi ki, Türkiyənin Suriya ilə bağlı atdığı addımlara əməli dəstək yoxdur. Avropa, Amerika, NATO yalnız bəyanatlar verməklə kifayətlənir”.

Bütün sivil dünyanın, cəmiyyətlərin problemi
V.Zifəroğlu deyib ki, müttəfiqlər hətta bir sıra hallarda Türkiyəyə dəstək olmaq əvəzinə, ona problemlər yaradırlar: "Son 15-20 gündə cərəyan edən proseslərə fikir versək, bunu görərik. Liviya və Suriyada eyni zamanda həmlələrin baş verməsi Türkiyəni iki cəbhədə müharibə aparmağa məhkum etməkdir. Yaxın Şərqdə fərqli hədəfləri olan rəqib ölkələr belə, Türkiyə məsələsində dolayısı ilə olsa da maraqlarını uzlaşdırırlar. Liviyada Qərbin, o cümlədən ABŞ və Fransanın dəstək verdiyi Xalifa Haftarla, Suriyada Rusiya və İranın dəstək verdiyi Bəşşər Əsədin artıq bir masa ətrafına oturub hətta hücumları koordinasiyalı şəkildə etməklə bağlı razılığa gəlmələri deyilənlərə sübutdur. Məqsəd Türkiyəni sıxışdırıb bölgədən çıxarmaqdır. Bütün bunların fonunda Türkiyənin Avropa ilə sərhədlərini miqrantların üzünə açması təbii qarşılanmalıdır. Çünki, miqrant axını sadəcə, Türkiyənin problemi deyil. Bu məsələ bütün sivil dünyanın, cəmiyyətlərindir. Bunu həll etməyin vaxtı və zamanı gəlib çatıb. Türkiyə haqlı olaraq bu problemin yaratdığı çətinlikləri Avropaya çatdırmış oldu”.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər