• şənbə, 27 Aprel, 06:19
  • Baku Bakı 12°C

Avropanı bölən koronavirus

10.04.20 17:20 1458
Avropanı bölən koronavirus
Qitənin cənubu şimalını, şimalı da cənubunu günahlandırır

Koronavirus və bunun doğurduğu iqtisadi, siyasi və sosial problemlər nəhayət ki, Avropanı qəti addımlar atmağa vadar edib. Lakin gözlənildiyi kimi, ayrılacaq yardımlar və s. məsələlər quruma üzv dövlətlər arasında ciddi fikir ayrılığına səbəb olub. Məsələ ondadır ki, Aİ-nin rəhbəri Ursula fon der Lyayen bildirib ki, qurum dünyada virusla mübarizəyə 15 mlrd. avro ayıracaq. Bu vəsait səhiyyə sistemlərinə dəstək və iqtisadiyyatı zərər çəkən ölkələrə veriləcək. Lakin məsələ ondadır ki, Aİ dövlətləri iqtisadi çöküşün nəticələrinin aradan qaldırılması məsələsində mübahisə edirlər. İtaliya və İspaniya şimal ölkələrini - Almaniya və Niderlandı az səy göstərməkdə günahlandırıblar. Hətta İspaniyanın baş naziri Pedro Sançes xəbərdarlıq edib ki, Aİ üzv dövlətlərə yardım göstərə bilməzsə, onda blok dağıla bilər. Maliyyə nazirlərinin iqtisadiyyatı dəstək məqsədilə üç variantları var – xilas fondundan istifadə, Avropa stabilləşmə mexanizmi, Avropa investisiya fondu və Avropa Komissiyasının qısamüddətli işçi sxemi. Fransa maliyyə naziri Bryuno Le Mer bildirib ki, birinci üç variant barədə razılaşma var, lakin bu, kifayət deyil. O, bir neçə yüz milyard dollarlıq fond yaradılmasını dəstəkləyir. Lakin Avstriya, Danimarka, Finlandiya və Niderland bunu müdafiə etməkdən imtina ediblər. Onlar ehtiyat edirlər ki, sonra qurumun cənub üzvlərinin borclarını ödəmək məsələsində məsuliyyət daşıyacaqlar.
Bütün bunların fonunda ötən gün Avropa İttifaqının maliyyə nazirləri koronavirus epidemiyasının blok üzvlərinə vurduğu ziyanın qarşılanması üçün 500 milyard avroluq xilas paketi barədə razılığa gəliblər. Bununla belə, nazirlər Fransa və İtaliyanın böhran xərclərinin bütün üzvlər arasında bərabər bölunməsinə dair tələb barədə ortaq məxrəcə gələ bilməyiblər. Həm də sözügedən paket Avropa Mərkəzi Bankının istədiyi məbləğdən kiçikdir. AMB bildirirdi ki, böhran nəticələrinin aradan qaldırılmasına 1,5 trilyon avro lazım gələ bilər. Buna baxmayaraq, Fransanın maliyyə naziri razılaşmanı "Avropa İttifaqının tarixində ən mühüm plan” adlandırıb. Beləliklə, aprelin 9-da Avropa İttifaqı maliyyə nazirlərinin görüşündə Almaniya öz mövqeyini yumşaltdıqdan və İtaliyanı blokun həmrəyliyinə əmin etdikdən sonra pandemiyanın vurduğu ziyanın kollektiv şəkildə aradan qaldırılacağına ümid yaranıb. Bundan əvvəl İtaliyanın baş naziri Cüzeppe Konte demişdi ki, blok pandemiya ilə mübarizə və onun nəticələrinin birgə aradan qaldırılmasına dair razılığa gələ bilməsə, bütövlükdə Avropa İttifaqının gələcəyi şübhə altında qalacaq. "Röyters” yazır ki, buna qədər Avropa İttifaqının üzv ölkələri həftələrlə həmrəylik barədə ortaq məxrəcə gələ bilmirdilər. Lakin aprelin 9-da Almaniyanın maliyyə naziri Olaf Şults işarə edib ki, Niderlandın mövqeyi yumşalmaqdadır. Almaniya və Niderland Avropa İttifaqının ortaq fondundan faydalana bilmələri üçün İspaniya və İtaliya kimi ölkələrin qarşısında sərt şərtlərin qoyulmasını tələb edir. Sonradan Almaniya mövqeyini azacıq dəyişsə də, Niderland hələ də inadkarlıq göstərir. Lakin Niderlandın baş naziri Mark Rutte Haaqada keçirilən müşavirədən əvvəl müxbirlərə demişdi ki, uğurlu nəticə əldə olunmasına çalışırıq. Daha əvvəl isə Almaniya kansleri Angela Merkelin həm Rutte, həm də Konte ilə uzun telefon danışıqları olmuşdu. Merkel bu söhbətlərdən sonra bildirib ki, o və Konte Avropada həmrəyliyə böyük ehtiyacın olduğu barədə razılığa gəliblər: "Almaniya bu həmrəyliyə hazırdır və sadiqdir. Almaniyanın rifahı Avropanın ruifahı deməkdir”. Merkel izah edib ki, Berlin Fransa, İtaliya və İspaniyanın istədiyi kimi müştərək borc sənədinin imzalanmasına razılıq verməyəcək, lakin başqa maliyyə yolları açıqdır. Rəsmilərin dediyinə görə, Merkel, habelə, Ruttedən pandemiyaya görə bu il dərin resessiyaya düşəcək hökumətlərin, şirkətlərin və fərdlərin xilası paketini bloklamamağı xahiş edib. Buna qədər Avropa İttifaqının daha mühafizəkar şimalı ilə, daha çox borca düşən cənubu arasında dərin fikir ixtilafı var idi. Niderlandın maliyyə naziri Vopke Hoekstra deyib ki, bu razılaşma ilə bağlı müəyyən mürəkkəb məsələlər hələ milli hökumətlər tərəfindən də nəzərdən keçirilməlidir. Lakin Almaniya rəsmilərindən biri deyib ki, Merkel məsələnin belə qoyuluşunun əleyhinədir. Onun sözlərinə görə, kansler razılaşma paketinin hökumət liderlərinin masası üstünə təkrar qoyulmasını yox, maliyyə nazirləri tərəfindən imzalanmasını istəyir. Xanım Merkelin fikrincə, nazirlər bunu bu gün etməsələr, onda sabah daha bir görüş keçirməli olacaqlar. Sözügedən razılaşma paketi epidemiyanın ziyanlarının aradan qaldırılması üçün Avropa İttifaqının yekun maliyyə fondunu 3.2 trilyon avroya (3.5 trilyon dollar) çatdırmış olacaq. Bu, hələlik, pandemiya ilə bağlı dünya üzrə ən böyük xilas paketidir. Bu paketlə bağlı problem bundan ibarətdir ki, avrozona hökumətlərinin ucuz kreditləri, xilas fondundan – Avropa Stabillik Mexanizmindən hansı şərtlərlə alacağına dair fikir ixtilafı var. Bu məsələ aprelin 9-da 16 saat ərzində davam etmiş danışıqlarda hələ çözülməmişdi. İtaliya və əksər üzv ölkələr daha yüngül şərtlərin qoyulmasını istəyirlər. Niderland daha sərt şərtlərin, həm də hər ölkəyə spesifik şərtlərin qoyulmasını tələb edir. Bu isə İtaliya üçün siyasi baxımdan məqbul deyil. Maliyyə paketinə, habelə, şirkətlərin dəstəklənməsi üçün Avropa İnvestisiya Bankına daha çox səlahiyyətlərin verilməsi daxildir. Şərtlərdən biri də budur ki, xilas paketindən faydalanan şirkətlər işçiləri yox, yalnız iş saatlarını ixtisar edə bilərlər. Epidemiyadan sonra xilas üçün ayrıca maliyyə planı daha çox suallar doğurur. Fransa və başqa cənub ölkələri imkan daxilidə Avropa İttifaqı ÜDM-nin 3 faizi qədər (400 milyard avro) kreditin bütün üzv ölkələr tərəfindən birgə götürülməsini istəyirlər. Amma bu, Almaniya, Niderland, Finlandiya və Avstriya üçün keçilməz qırmızı xətdir. Bu ölkələr borcun şərikli sənədləşdirilməsinə qarşıdırlar. O ki qaldı avronun öz dəyərini itirməsinə - Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard bunu düzgün saymır. O bildirib ki, avro öz dəyərini itirməyəcək, infilyasiya böyük təhlükə deyil və ənənəvi banklarda saxlanılan hesablar təhlükə altında deyil, çünki bu banklar 2008-ci ildəkindən daha möhkəmdir.
Azər
banner

Oxşar Xəbərlər