• cümə axşamı, 25 aprel, 12:51
  • Baku Bakı 23°C

Avropalı parlamentarilərdən Avropa maraqlarına zərbə

19.09.14 10:35 991
Avropalı parlamentarilərdən Avropa maraqlarına zərbə
Avropa Parlamenti yenə öz ampluasındadır. Qurum guya Avropanın problemləri qurtarıbmış kimi, yenə də Azərbaycanla bağlı müzakirələr açıb. Guya bu dəfə narahatlıq doğuran Azərbaycan hakimiyyətinin son vaxtlar demokratik proseslər, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı atdığı addımlar olub. Dünən yenə də Avropa Parlamentinin bir qrup deputatının hazırladığı qətnamə layihəsi qurumun rəsmi saytında yerləşdirilib.
Avropalı parlamentarilər yenə oturub-oturub Azərbaycana görə narahat olublar. Sanki müxalifət qəzetlərinin yazdıqlarını oxuyub Azərbaycanda baş verənlərlə bağlı yekun rəyə gəliblər. Rəy də bundan ibarətdir ki, sən demə, Azərbaycan hakimiyyəti ciddi repressiyalar həyata keçirir və bu da Avropa ölkələrini narahat etməlidir.
Azərbaycan hakimiyyətinin son addımlarını Azərbaycan-Avropa Birliyi əlaqələrinə təhlükə kimi qeydə alan parlamentarilər son nəticədə tövsiyə və çağırışlarla çıxış ediblər. Tövsiyə və çağırışlar da mahiyyət etibarı ilə radikal müxalifət təmsilçilərinin istəklərindən o yana keçmir.
Hazırlanmış qətnaməni, onun təsvir hissəsini, tövsiyə və çağırışlar bölümünü diqqətlə izlədikdə adamı təəccüb bürüyür.
İlk növbədə belə qənaətə gəlmək olur ki, Avropa Parlamenti başqa bir ölkənin daxili işinə qarışmağı özü üçün problem görmür. Hazırlanan layihədə birbaşa Azərbaycanın daxili işlərinə müdaxilə edilir.
Amma bu, artıq ilk belə hal deyil. Avropa Parlamenti əvvəllər də bir neçə dəfə Azərbaycana qarşı bu cür qərəzli mövqedən çıxış edib. Bir müddət bundan öncə də qurum Azərbaycanda insan haqlarının durumu ilə bağlı indikinəbənzər bir qətnamə qəbul etmişdi və o vaxt Azərbaycan etiraz əlaməti olaraq AVRONEST Parlament Assambleyasının işində iştirakdan imtina etmişdi. Amma sonradan Avropa rəsmiləri öz parlamentarilərinin eyiblərini örtməyə çalışdılar. Nəticədə Azərbaycan güzəştə gedərək Avropa qurumları ilə əməkdaşlığı davam etdirmək xəttinə sadiqlik nümayiş etdirdi.
Amma görünür maraqlı qüvvələr rahat oturmaq niyyətində deyillər. Avropalı parlamentarilərin hazırladığı, «Azadlıq» qəzetinin bayram əhval-ruhiyyəsində təqdim etdiyi qətnaməni analiz edərkən bir neçə məqam diqqəti cəlb edir.
Birincisi avropalıların açıq-aşkar Azərbaycanın daxili işlərinə müdaxilə etmək cəhdində bulunurlar. Özü də bunu elə edirlər ki, sanki həm hüquqi, həm də mənəvi müstəvidə haqq sahibidirlər. Əslində isə bu, çox təhlükəli bir tendensiyadır. Avropa Birliyinin, ümumiyyətlə Qərbin keçmiş SSRİ regionundakı son illərdəki fəaliyyəti məhz bu yanaşmaya görə fiaskoya uğrayıb. Avropalılar regiondakı durumu, dövlətlərin üzləşdiyi problemləri, yerli xüsusiyyətləri nəzərə almadan ancaq öz eyni şeyləri tutuquşu kimi təkrarlamaqla başqa dövlətlərin daxili işlərinə qarışmağı özlərinin həyat tərzinə çeviriblər.
İkincisi, qanunun aliliyindən dəm vuran, başqa ölkələri hüquqa hörmətə çağıran avropalı paramentrailər başqa bir dövlətin qanunları əsasında istintaqa cəlb olunan konkret şəxsləri azad etməyi tələb etməklə əslində özləri öz prinsiplərinə qarşı çıxmış olurlar. Əgər kimsə həbs olunubsa, lap onun həbsində hansısa siyasi çalarlar varsa belə, onlar çağırışla deyil, hüquq çərçivəsində azad olunmalıdırlar. Avropalılar isə onların birbaşa azad olunmasını tələb edirlər.
Qətnamədə Azərbaycandan tələb edilən məsələlərin bir qismi də ölkə qanunvericiliyi ilə bağlıdır. Brüsseldə oturan parlamentarilər bu qənaətə gəliblər ki, Azərbaycan gecikmədən özünün bir sıra qanunvericilik aktlarına yenidən baxmalıdır. Analoji sual meydana çıxır: Axı niyə? Axı o qanunların çox elə avropalı ekspertlərin müsbət rəyləri alınandan sonra qəbul edilib…
Ümumiyyətlə, müstəqil bir ölkə ilə bu cür diqtə dilində danışılması nə dərəcədə doğrudur? Tez-tez başqa dövlətlərin davranışlarını təhlil edən avropalılar bəlkə hərdən bu sualı özlərinə versinlər... Axı bu yanaşma da beynəlxalq hüququn prinsipləri ilə ziddiyyət təşkil edir?
Belə görünür avropalılar son illərdəki bu cür təhdidedici davranışlarının hansı nəticələr verməsini görmək istəmirlər. Axı onların məhz bu cür davranışları ucbatından Ukrayna bugünkü çətin duruma düşüb. Avropalılar isə Ukraynadakı dostlarını çətin duruma salandan sonra çəkilib oturublar öz yerlərində. Məgər Azərbaycan və başqa kiçik ölkələrdə bunu görmürlər?
Diqqət yetirsək görərik ki, Azərbaycanla Avropa Birliyi arasındakı əlaqələr qarşılıqlı maraqlara söykənir. Avropa rəsmilərinin özləri də etiraf edirlər ki, Azərbaycan onlar üçün xüsusi önəm kəsb edən ölkədir. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində də Azərbaycanın rolu əvəzsizdir. Regionda yaranmış mürəkkəb duruma, beynəlxalq hüququn arxa plana keçməsinin yaratdığı təhlükələrə baxmayaraq Azərbaycan həmişə Avropa Birliyi ilə əməkdaşlıq məsələlərində etibarlı tərəfdaş mövqeyindən çıxış edir. Obrazlı desək, bu gün Azərbaycan Avropanın MDB məkanındakı son qalalarından biridir. Avropa Parlamentinin bu cür davranışı isə istər-istəməz rəsmi Bakını da adekvat tədbirlər görməyə, öz milli maraqlarını müdafiə etməyə sövq edir. Belə bir durumda yaranacaq mürəkkəb durumun itkilərinin dvidentlərinldən çox olacağı sirr deyil. Görəsən Avropa Parlamentindəkilər bunun fərqində deyillərimi? Axı münasibətlərin pozulmasının Azərbaycandan çox Avropaya zərər verəcəyi gün kimi aydındır. Bu baxımdan avropalı parlamentarilərin niyə oturduqları budağı kəsməyə cəhd göstərmələri təəccüb doğurur.
Fuad Qəhrəmanlı
banner

Oxşar Xəbərlər