• cümə, 26 Aprel, 14:24
  • Baku Bakı 23°C

Avropadan gələnlər artır, Körfəz ölkələrindən isə...

24.04.19 09:30 633
Avropadan gələnlər artır, Körfəz ölkələrindən isə...
2019-cu ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 157 ölkəsindən 610,8 min və ya 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2,9 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 28 faizi Gürcüstan, 27,4 faizi Rusiya Federasiyası, 11,3 faizi Türkiyə, 9,2 faizi İran, 3,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Ukrayna, 1,7 faizi Hindistan, 1,4 faizi İraq, 15,6 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəmizə gələnlərin sayında daha çox azalma Qətər (48,5 faiz), İran (43,4 faiz), İsrail (41,7 faiz), Birləşmiş Ərəb Əmirlikləri (28,1 faiz) və İraq (24,8 faiz) vətəndaşları arasında qeydə alınıb. Bununla yanaşı, Misirdən gələnlərin sayı 2,3 dəfə, Hindistan - 1,8 dəfə, Səudiyyə Ərəbistanı - 1,8 dəfə, Türkmənistan - 1,6 dəfə, Pakistan - 1,5 dəfə, Çin - 46,1 faiz, Yaponiya - 32,5 faiz, Gürcüstan - 22,9 faiz, Omandan isə 17,4 faiz artıb. 2019-cu ilin yanvar-mart aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,8 faiz artaraq 19,1 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 33,1 faiz azalaraq 106,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,1 faiz azalaraq 202,3 min nəfər olub.
Turistlərin sayında qeyd alınan artma və azalmanın səbəbini öyrənmək çün ekspertlərlə həmsöhbət olduq.
"New ERA Travel” turizm agentliyinin rəhbəri Elçin Rüstəmov artma və azalmanın müxtəlif səbəbləri olduğunu qeyd edir: "Bu məsələ tək Azərbaycan bazarı ilə bağlı deyil, digər ölkələrdə olan turizm bazarı da bu dəyişikliyə məruz qalır. İlk olaraq artımın səbəblərindən danışaq. Məsələn, Çin və Yaponiyadan, o cümlədən bir sıra Asiya ölkələrindən gələn turistlərin artma səbəbi bu yaxınlarda Şanxayda və digər şəhərlərdə təşkil edilən turizm sərgilərində bizim turizm potensialımızın da nümayiş edilməsidir. Bu tip sərgilərdə təmsil olunmaq böyük turizm bazarını əlçatan edir. Nümayiş edilən turizm xidmətləri və məhsulları müxtəlif ölkələrdən olan insanların marağını cəlb edir. Çin turistlərindən danışası olsaq, deyə bilərəm ki, çinlilər tək yox, qrup şəklində gəlirlər. Siz çox nadir halda bir çinlinin tək səyahət etdiyini görərsiniz. Həm təhlükəsizlik, həm də psixoloji baxımdan onlar qrup halında səfər etməyi sevirlər. Ona görə də, onların gəlişi statistik göstəricilərə təsir edir. Eyni zamanda pakistanlılara da bu amili aid etmək olar. Pakistanlılar daha çox aşağı qiymət əldə etmək üçün qrup halında səyahət edirlər. Yəni oranın turizm agentlikləri fərd şəklində göndərəndə, səfər baha başa gəlir, amma qrup şəklində olanda endirimlər tətbiq edilir. Bu aşağı qiymətlər daha çox nəqliyyatda və oteldə işə yarayır. Məsələn, 50 nəfər eyni vaxtda otel və avtobus sifariş edəndə qiymətlər aşağı düşür. Ona görə, qrup şəklində səyahət onlara sərfəli olur. Amma onların xərclədiyi məbləğ elə də çox olmur. Belə ki, Körfəz ölkələrindən gələn qonaqların 2-3 nəfərinin xərclədiyini onlar qrup olaraq xərcləyir. Çox gəlsələr də, nisbətən daha aşağı büdcəli qonaqlardır. Körfəz ölkələrindən gələnlərin sayının azalmasına səbəb isə viza rejimidir. Albaniya bir çox Körfəz ölkələrinə vizasız rejim tətbiq edir. Ona görə də, hazırda turistlərin böyük əksəriyyəti ora üz tutur. Vizasız rejim eyni formada həm Türkiyədə, həm də Gürcüstanda olduğu üçün ora gedənlər say etibarı ilə çoxdur”.
E. Rüstəmov qeyd etdi ki, ümumi olaraq azalmanın səbəblərindən danışsaq, öncə qiymət siyasəti məsələsinə toxunmalıyıq: "Xüsusilə də otellərdəki qiymətlərin qeyri-stabil olması bu sahənin inkişafına mənfi təsir edir. Düşünürəm ki, qiymətləndirmə siyasəti otellərdə düzgün aparılmır. Açığı, dəfələrlə bu mövzuya toxunulsa da, istənilən nəticə əldə olunmayıb. Xaricdə otel sahəsində təcrübəsi olan biri kimi, bizim otellərin satış menecerlərini nəyə əsasən qiymətləndirmə apardıqlarını anlamaq olmur. Hətta, bəzi otellərin müəyyən agentliklərin monopoliyasında olduğunu da iddia etmək olar. Təbii ki, bu, ayrı-ayrı otellərin yeritdiyi siyasətdir. Amma istənilən halda, ümumilikdə ölkə turizminə təsir edir. Əlbəttə, bu məqamda deyilə bilər ki, bazarda tələb təklifi formalaşdırır. Sadəcə olaraq otellərin qeyri-stabil siyasət aparması daimi olan, xüsusilə də ərəb turistlərin ölkəmizdən üz döndərməsinə zəmin yaradır”.
"Luna travel” turizm şirkətinin rəhbəri Rəhman Quliyev artma və azalmanın dövrdən asılı olaraq da dəyişdiyini bildirir: "Göstərilən statistika ilin əvvəli üçün keçərlidir. Ola bilsin ki, yay mövsümünə və ilin ortalarına doğru rəqəmlərdə dəyişiklik baş versin. Belə ki, statistikaya görə, Körfəz ölkələrindən gələn turistlərin sayında azalma var. Bu, təbiidir, çünki hazırda həmin ölkələrdə hava şəraiti normaldır. Lakin yay fəslində orada hava kəskin isti olur və insanlar istirahət üçün səyahətə çıxırlar. Yəni həmin dövrdə artma müşahidə edə bilərik. Onu da qeyd edim ki, Körfəz ölkələrindən gələnlər Bakıdan çox, bölgələrə getməyə üstünlük verirlər. Sərin bölgələr onlar üçün daha əlverişli olur. Digər tərəfdən də Asiya ölkələrindəki turizm şirkətləri ilə olan əməkdaşlığımız, beynəlxalq sərgilərdə iştirakımız həmin ölkələrdən olan turistlərin ölkəyə axın etməsinə şərait yaradıb. Son dövrlər Asiya ölkələrinin turizm bazarına ciddi yaxınlaşma əldə etmişik. Bir məsələni də qeyd edim ki, turist axına təsir edən amillərdən biri də ölkədəki sabitlikdir. Son dönəmlər bəzi ölkələrdə baş verən siyasi hadisələr, təhlükəsizliyin istənilən səviyyədə olmaması insanları ora səyahət etmək fikrindən çəkindirir. Ölkəmizdəki bu sabit vəziyyət davam etdikcə, turist axını hər dövrdə olacaq”.
Günel Azadə
banner

Oxşar Xəbərlər