• cümə, 26 Aprel, 19:36
  • Baku Bakı 22°C

Avropada quraqlıq üzündən “qırmızı” təhlükə elan edilib

09.08.22 09:30 896
Avropada quraqlıq üzündən “qırmızı” təhlükə elan edilib

Fransa hökuməti quraqlığın nəticələrinə qarşı mübarizə üzrə antiböhran qərargahı təşkil edir. Bu il iyul ayı son 60 ildə ən quraqlıq ay olub: orta göstəricidən 7 dəfə az yağıntı düşüb. Yüzdən çox kommunada içməli su ilə bağlı ciddi problemlər yaranıb, məhsulun məhv olmaq təhlükəsi var.

AZƏRTAC “Avronyus” agentliyinə istinadla xəbər verir ki, Fransanın ekologiya naziri Kristof Beşu deyib: “Biz elə bir vəziyyətə düşmüşük ki, onu əsla adi vəziyyət adlandırmaq olmaz. Biz heç vaxt belə quraqlıq görməmişik. Ən pisi də odur ki, buna nə vaxt son qoyulacağını deməyə heç bir əsasımız yoxdur”.

Fransanın bütün departamentləri xüsusi nəzarət altındadır. 46 departamentdə sudan istifadəyə ciddi məhdudiyyətlər qoyulmasını nəzərdə tutan ən yüksək təhlükə səviyyəsi elan edilib.

İtaliyanın 16 şəhərində, o cümlədən Roma, Milan, Florensiya və Genuyada ən yüksək – “qırmızı” təhlükə səviyyəsi elan edilib. Bu şəhərlərdə havanın temperaturu 40 dərəcədən yuxarıdır. Sinoptiklərin proqnozlarına görə, istirahət günlərində hətta gecə vaxtı temperatur 30 dərəcəyə yaxın ola bilər.

Niderlandın hakimiyyət orqanları vətəndaşları suya maksimim qənaət etməyə çağırır: duş altında az qalmaq, maşınları yumamaq, qazonları suvarmamaq tövsiyə olunur. Bir neçə gün bundan əvvəl Krallıqda yaradılmış antiböhran qrupu zəruri hallarda suyun paylanmasını tənzimləyəcək. Ölkədəki çayların çoxu o dərəcədə dayazlaşıb ki, nasoslar işləyə bilmir.

Hətta Dunay kimi iri çayların da səviyyəsi azalmaqdadır. Bolqarıstan, Rumıniya və Serbiya sərhədlərinin qovuşduğu rayonlarda çayın dayaz yerlərində kiçik adalar əmələ gəlib. Çayın bəzi hissələrində gəmiçilik hələ iyulun sonunda bağlanıb.

banner

Oxşar Xəbərlər