Avropada ondan imtina edilir, biz də başlamalıyıq
XXI əsrin ən böyük bəlalarından biri də plastik
torbalar, bir dəfəlik istifadə üçün nəzərdə tutulan qablardır. Bunların
sağlamlığa vurduğu zərər haqqında yəqin ki,
az-çox məlumatınız var. Amma onların ekologiyaya vurduğu zərər isə daha
böyükdür. Bununla mübarizə aparmaq üçün dünya təcrübəsində müxtəlif təcrübələr
tətbiq olunur. Məsələn, Polşada yaşayan
müsahibim deyir ki, orada marketlərdə plastik torbalar və qablar pulla satılır.
Bunu etməkdə əsas məqsəd isə ətraf
mühitin təmizliyini qorumaqdır. İnsanlar plastikə pul verməyi artıq bildiyi
üçün, marketə parça torbalarla gəlirlər. Qonşu ölkə Gürcüstandan da bu təcrübə
tətbiq olunmaqdadır. Ölkəmizdə isə bu sahədə vəziyyət heç də qaneedici deyil.
Amma yaxşı xəbərlər də var. Belə ki, Ekologiya
və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkədə plastik qablardan istifadənin
azaldılması ilə bağlı tədbirlərə başlayıb.
Trend-in məlumatına görə, bu barədə nazirlikdə
keçirilən mətbuat konfransında qurumun ekoloji maarifləndirmə və ictimaiyyətlə
əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib. U.Tağıyevanın sözlərinə görə,
hazırda bununla bağlı tədbirlər hazırlanır: "Bildiyiniz kimi, Avropa
Parlamenti tərəfindən plastik qablaşdırmanın qadağan olunması ilə bağlı qərar
qəbul olunub. Qərara görə, plastik məhsulların istifadəsi 2021-ci ildən qadağan
olunmalıdır. Ölkəmizdə də bu istiqamətdə artıq müəyyən işlər görülməkdədir.
Belə ki, Nazirlik tərəfindən kompleks tədbirlər planı hazırlanır. Bu məqsədlə
prosesin ilkin mərhələsində ictimai rəyin öyrənilməsi üçün əhali arasında sorğu
keçirilməsi planlaşdırılır. Əlbəttə ki, bu tədbirlər bütün tərəflərin
maraqlarını nəzərə alınaraq, mərhələli şəkildə həyata keçiriləcək. Toplanma və
çeşidlənmə işlərinə əhalini cəlb etmək üçün ETSN-nin təşəbbüsü ilə başlanılan
kampaniya çərçivəsində ümumilikdə 35 şəhər və rayon üzrə plastik qabların
toplanması və çeşidlənməsi üçün 100-dək konteyner yerləşdirilib. Yerləşdirilən
konteynerlərdən 32 ədədi ETSN, 50 ədədi Rayon İcra Hakimiyyətləri, 12 ədədi
yerli sahibkarlar, 2 ədədi isə AzEkol tərəfindən hazırlanıb”.
Mövzu ilə
bağlı ekspertlərin rəyini aldıq. Professor
İslam Mustafayev qeyd etdi ki, plastikdən hazırlanan məhsullar günümüzdə
böyük ekoloji problemə çevrilib: "Çünki onlar uzun müddət parçalanmır və
bununla da ekologiyaya xeyli ziyan vurur. Plastik qabların yandırılması isə
insan sağlamlığına təhlükə hesab olunur. İnsan sağlamlığı üçün dünyanın
qabaqcıl ölkələrində müəyyən ölçüdə tədbirlər həyata keçirilir. Hollandiyada,
Hindistanda, Amerikanın bəzi ştatlarında plastik qablardan istifadə qadağan
olunub. Bundan başqa əhali tərəfindən daha çox istifadə olunan polietilen torbalar da ətraf mühiti çirkləndirir. Bu
problemin çıxış yolu kimi Ekologiya Nazirliyi, Səhiyyə Nazirliyi və ictimaiyyət
bir yerdə tullantılarla mübarizə aparmalıdır. Amma bunun üçün ciddi tədbirlər
görülməlidir. Əgər polietilen torbalar və plastik qablar qadağan olunursa,
onların alternativi təklif edilməlidir. Həmçinin bunun üçün lazımi
qanunvericilik aktları qəbul edilməlidir. Yəni birdən-birə plastikdən imtina
etmək mümkün deyil. Hal-hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu
məsələdə xüsusilə fəallıq göstərir. İctimai şuranın üzvləri kimi bu ideyanı
dəstəkləyirik. Tezliklə bu məsələ ilə bağlı müzakirələr başlayacaq. Hesab
edirəm ki, məsələ ilə bağlı müvafiq qərar qəbul ediləcək”.
Azad İstehlakçılar Birliyinin sədri Eyub Hüseynov plastikdən
tədricən imtina etməli olduğumuzu qeyd etdi: "Bu məsələnin həlli üçün inzibati metodlarla yanaşı, maarifləndirmə tədbirləri də həyata
keçirilməlidir: "İnsanlar artıq rahatlığa öyrəşiblər. Ona görə də təkcə
inzibati metodlar tətbiq etmək düzgün deyil. Əhali ciddi qaydada
maarifləndirilməlidir. Bizdə də tədricən, plastiki əvəz edə biləcək
məhsullardan istifadəyə keçid olmalıdır. Bununla biz ekoloji təmizliyə öz
töhfəmizi verə bilərik. Hesab edirəm ki, aidiyyəti qurumlar bu məsələ ilə bağlı
ciddi tədbirlər planı hazırlamalıdırlar. Azad bazar iqtisadiyyatında
dövlət bu məsələlərə müdaxilə etmir. Ona
görə də yalnız və yalnız maarifləndirmə işlərinin faydalı ola biləcəyini
düşünürəm”.
Şəbnəm