• çərşənbə axşamı, 19 mart, 08:47
  • Baku Bakı 8°C

Avropa şairləri Kişinyov baharı

20.05.19 10:04 1564
Avropa şairləri Kişinyov baharı
Avropa Ədəbiyyat Festivalına gedəcəyimi hələ altı ay öncə şair, tərcüməçi Səlim Babullaoğlu müjdələmişdi, demişdi ki, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə gələn dəvətə sənin adını vermişəm. Məlumat üçün deyim ki, bu festivala ölkəmizdən S.Babullaoğlu və Qismət də qatılıblar. Dünyanın olduqca maraqlı, əhatəli şeir tədbirlərindən sayılan Avropa Şairləri Baharı zəngin gündəliyi ilə seçilən bir festivaldır. Hər il Moldova Respublikasının paytaxtı Kişinyov şəhərində baş tutan festival artıq doqquzuncu dəfədir ki, poeziyasevərləri sevindirir.
7-9 may tarixlərində keçirilən festivala yeddi ölkədən şairlər qatılmışdılar: Endi Fierens (Belçika), Linda Mariya Baros və Yekta (Fransa) Kristian V.Şenk (Almaniya), Luba Feldşer (İsrail), Yevgeni Stepanov (Rusiya) Maqda Karnesi, Eugen Suciu, Daniel Corbu, Stere Bucavola, Valeriu Stancu, Mircea Dan Duta, Gerorgi Terziu (Rumuniya).

İlk gün

Kişinyov məni "qaş-qabaqlı qarşıladı” – havanın "üzü gülmür”dü. Azərbaycana, indiyə qədər hər iki ölkə arasındakı əlaqələrə və qonaq bir şair kimi mənə olan isti, doğma münasibət soyuğu unutdurdu. O günlərərzində qətiyyən hərarətli, mehriban həmkarlar arasında "üşümədim”.

Klassiklər parkı

Tədbirin ilk günü həmkarlarımızla birgə "Klassiklər parkı”nda dahilərin, görkəmli insanların abidəsini ziyarət etdik, gül qoyduq və o dar macalda hər kəs vaxt tapıb bir-biri ilə tanış oldu. Hər kəs məni görərkən "Azərbaycan, Azərbaycan” deyə çağırırdı, adımı bilməyənlərin məni bu cür səsləyişi doğrusu, xoşuma gəlirdi. Sanki, adım bir anlığa elə Azərbaycan idi. Əslində, ölkəsini xaricidə qürurla, sevərək təmsil edən hər kəs elə Azərbaycan, yaxud elə onun bir parçası deyilmi?

Açılış mərasimi

Həmin gün Moldova Milli İncəsənət Muzeyində festivalın açılış mərasimi keçirildi. Tədbirdən öncə bizi bu möhtəşəm muzeyin eksponatları ilə tanış etdilər. Çox zəngin fondu olan, qeyri-adi əsərlərin qorunduğu bu mədəniyyət ocağında xristianlığa aid rəsm əsərləri, qədim qablar, məişət əşyaları, heykəllər, zinət əşyaları və sair qorunur. Festivalın açılışı çox maraqlı oldu. Tədbiri Arkadi Suçevianu açıq elan edib festivalın dəyərindən danışdı. Sonra başqa ziyalılar nitq söylədilər, poeziya barədə maraqlı müzakirələr oldu. Daha sonra əcnəbi şairlər səhnəyə dəvət olundular və hər çıxışçı özünü təqdim edib festival barədə və poeziyadan danışdı.

Azərbaycan Moldova

Növbə mən çatanda isəAzərbaycan poeziyası barədə çıxış etdim. Çalışdığım "Kaspi” qəzetinin Ədəbiyyat əlavəsinin və Artkaspi.az mədəniyyət və ədəbiyyatı saytının zamana-zaman Moldova ədəbiyyatı ilə bağlı təhlil, araşdırma məqalələri, eləcə də Moldova ədiblərinin şeir və hekayələrini dilimizə çevirərək yayımlamasını da qeyd etdim.
Həmçinin Azərbaycan-Moldova ədəbi əlaqələrindən söz açaraq ötən il Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin xüsusi nəşri olan "Dünya ədəbiyyatı” jurnalının bir sayının bütünlüklə Moldova ədəbiyyatına həsr etməsi, eləcə də həmin Mərkəzin məşhur şairlər Arkadi Suçevianunun "Qağayı ilə göndərilən məktub”, Leo Butnauronun "Çətir götürməyi unutmayın” adlı şeir kitablarını, eləcə də İqor Vonitskinin "Mənə ölməyi öyrət” romanını nəşr etməsi, bununla yanaşı, Moldovada "Atama məktub” adlı Azərbaycan nasirlərinin hekayələrindən ibarət toplunun, eləcə də Əjdər Ol, Elçin Hüseynbəyli və sair müəlliflərin əsərlərinin Moldovada işıq üzü görməsi hər iki ölkənin ədəbi-mədəni həyatında baş verən dəyərli və praktik əhəmiyyətli ədəbiyyat hadisələr kimi xatırladım. Daha sonra ötən il 1-3 may tarixlərində Bakıda "Moldova Ədəbiyyat Günləri”nin, 1-5 noyabr tarixlərində isə Kişinyovda "Azərbaycan Ədəbiyyatı Günləri”nin keçirilməsini, bu tipli tədbirlərin hər iki ölkənin ədəbi-mədəni həyatına müsbət təsirlərini yada saldım.
Qeyd edim ki, Azərbaycan-Moldova ədəbi-mədəni əlaqələrin indiki həddə və dinamikada inkişafında Moldova Azərbaycanlıların Konqresinin sədri Vüqar Novruzovun xüsusi rolu var. Vüqar müəllimin çoxşaxəli fəaliyyəti hər iki ölkənin, eləcə də Azərbaycan-Moldova mədəni-ədəbi əlaqələrinin yüksəlişinə xidmət etmişdir. Bu münasibətlərin yüksək nəticəsinin bəhrəsi kimi Moldovada ölkəmizə və ədəbiyyatımız olan həssas münasibəti o günlər içərisində şəxsən duydum. Ölkəmizdə isə Azərbaycan–Moldova ədəbi əlaqələrinin inkişafında, Bədii Tərcümə və Ədəbi Əlaqələrin Mərkəzinin, xüsusən isə şair, tərcüməçi və adı çəkilən mərkəzin sədri Səlim Babullaoğlunun müstəsna zəhməti var... Qeyd edim ki, "Avropa Şairləri Festivalı”nın əsas təmsilçilərindən biri də Moldova Azərbaycanlıların Konqresidir.
Açılış mərasiminin sonunda festivalın rumın dilində nəşr edilən almanaxını iştirakçılara payladılar. Həmin almanaxda mənim "Təntənəli məyusluq”, "Şairlər”, "Sevmədiyin qadınla”, "Sənsizlik” adlı şeirlərim də yer almışdı. Şeirləri rumın dilinə mütərcim Genedia Postalaki tərcümə edib.

II gün

Festivalın ikinci günü şairlər müxtəlif mədəniyyət ocaqlarında görüşlərdə iştirak etmək üçün qruplara bölündülər. Mənim təmsil olunduğum qrupda Çexiyada yaşayan şair Mircea Dan Duta və Rumın-moldovan şairiNikolay Spataruvar idi. Yeri gəlmişkən qeyd edim ki,Nikolay çox gözəl şair və tərcüməçidir, eyni zamanda Azərbaycan ədəbiyyatının Moldovada yorulmaz təbliğatçısıdır... Biz Moldova Müstəqil Beynəlxalq Universitetinin ingilis dili fakültəsinin tələbələri ilə görüşdük. Görüş olduqca səmimi zəmində keçdi. Şeirlərimizi oxuduq, poeziya barədə danışdıq, kitab imzaladıq, daha sonra isə tələbələrin suallarını cavablandırdıq. Universitetin abı-havası, müəllim və tələbə heyətinin ədəbiyyata marağı olduqca diqqətəlayiq idi.
O gün möhtəşəm bir səfər isə "Mileştii Mici” şərab anbarına oldu. Yerin altında qurulmuş bu nəhəng "şərab səltənəti”, doğrudan da, heyrətamiz idi.
Həmin gün axşam isə Moldova Yazıçılar Birliyinin binasında Şeir axşamı keçirildi. Burada hər şair bir neçə kəlmə poeziya haqqında danışandan sonra şeirlərini oxuyurdular. Həmin tədbirdə "Sevmədiyin qadınla” adlı şeirimi oxudum, şeirin rumın dilinə tərcüməsi isə monitorda "əks etdirilirdi”. Şeir, söz adına hörmət gətirən bir gecə idi. Tədbirdən sonra isə şairlər bir-birinə yaxınlaşıb oxunan şeirlər haqqında fikir mübadiləsi aparırdılar.

III gün

Həmin gün hər kəsdə sanki bir vida əhvalı, "gəldik, indi də gedirik” narahatlığı var idi. Şairlər ötən günlərin zəngin tədbirlərindən xoş yorğunluq duyurdular, hamı əvvəlki gündən daha artıq istiqanlı, mehriban idi. Həmin günün yeganə tədbiri 16:00-da baş tutacaqdı. Gəzmək, şəhər ilə daha yaxından tanış olma üçün əla fürsətimiz var idi. Kişinyovun əsas küçələr Stefan Çelmare və Puşkin küçələridir.

9 may

Sonuncu günümüz 9 maya - Qələbə gününə təsadüf edirdi. Həmin günü Kişinyovda olduqca təntənəli və maraqlı keçirirlər. Şəhər bayram üçün tam səfərbər idi: Hər yanda musiqilər səsləndirilir, mahnılar oxunur, yürüş keçirilir, orkestrlərin mükəmməl ifaları insanları feyzyab edir, parklarda rəsm çəkmək üçün uşaqlara xüsusi lövhələr qoyulub, tədbirlər baş tutur, izdiham əllərində bayraq irəliləyir... İfasını çox sevdiyim "A century of live” mahnısının mahir ifaçısı, 2008-ci ildə ölkəsini "Evrovision” mahnı müsabiqəsində uğurla təmsil edən Geta Burlacunu gördüm. Yaxınlaşdım, onunla bir xeyli söhbət etdim, indiyə qədər Azərbaycanda olmadığına görə çox heyfsiləndi...

Son

Festivalın yekun tədbiri 16:00-da Moldova Yazıçılar Birliyində keçirildi. Yenə də tədbirdə iştirak edən şairlər şeirlərini oxudular, onlara münasibət bildirildi. İki saat və olduqca səmimi atmosferdə keçirilən görüş eyni ovqatla da başa çatdı...

Nəticə

Bu cür ədəbiyyat festivalları həm ölkəmizin ədəbi-mədəni əlaqələrinin güclənməsi, həm Azərbaycanın "imzasının imzalar içərisində var olması” baxımından çox gözəldir. Ölkəmiz, vətənimiz nə qədər daha çox tanınsa, mədəniyyətimiz, ədəbiyyatımız, tariximiz nə qədər daha artıq təmsil olunsa, bu, ancaq millət olaraq bizim xeyrimizədir. Dövlətimizin siyasi xətti də daha çox, daha geniş, daha ciddi müstəvilərdə təbliğimizə yönəlib. Ədəbiyyatımızın da bu xüsusda qatqısı, xidməti olduqca müstəsna və dəyərlidir...

Fərid Hüseyn
banner

Oxşar Xəbərlər