Avropa Rusiya qazına təslim olur?

Qərb mətbuatı
yazır ki, ABŞ dünyanın ən böyük LNG ixracatçısına çevrilib və Avropada da payını
artırmaq istəyir. Amma Rusiya qaz nəqlini dayandırsa, yeni tədarüklər Avropanı
xilas etmək üçün kifayət etməyəcək.
Rusiya
qazından asılılığı minimuma endirmək, siyasi və iqtisadi təhdidləri azaltmaq
Avropanın qarşısında duran əsas problemə çevrilib. İllərdir ki, Avropa hər cür
vasitələrlə bu problemin həllinə çalışır, müxtəlif layihə və planlar üzərində
baş sındırılır, lakin çıxış yolu tapılmır. Əksinə, asılılıq daha da artır. Məsələn,
reallaşması mümkünsüz görünən "Şimal Axını-2” layihəsinin qarşısında artıq heç
bir baryer qalmayıb. Layihənin əleyhdarı olan ABŞ da onun reallaşmasına mane
olmaqdan vaz keçib. Bu, hansı anlama gəlir? Həqiqətənmi, Avropa Rusiya qazına təslim
olur? Axı iqtisadi asılılıq siyasi asılılıq gətirəcək. Gündəmdə isə Ukrayna gərginliyi
və hətta müharibə ehtimalıdır. Və bu ehtimal günbəgün artır. Müharibə baş verəcəyi
təqdirdə, Ukrayna tək qalacaq? Avropa donmaqdan qurtulmaq üçün susacaq?
Əsas qaz tədarükçüsü
Beləliklə,
fakt odur ki, Rusiya Avropanın əsas qaz tədarükçüsü funksiyasını uğurla davam
etdirir. Hazırda Avropa İttifaqı daxilində ölkələri Rusiya qazından asılılıq dərəcəsinə
görə bir neçə qrupa bölmək mümkündür. Birinci qrup ölkələr, demək olar ki,
Rusiyadan qaz idxal etmir. Digər qrup ölkələr Rusiya qazından müəyyən qədər
asılıdır. Üçüncü qrup ölkələr isə Rusiya qazından tamamilə asılıdırlar. Bu qrup
ölkələrin kifayət qədər qaz saxlama anbarları yoxdur. Ona görə də, bu qrupa
daxil olan ölkələr Rusiya qazından yüksək dərəcədə asılı olduqları üçün, onları
ittifaqın "zəif üzvləri” adlandırırlar. Belə götürəndə, Rusiya qazından asılı vəziyyətdə
qalan Avropanın mövcud durumu dəyişmək şansı yaxın perspektivdə görünmür. Qərbin
asılılıqdan qurtulmaq üçün enerji təchizatçılarını diversifikasiya etmək cəhdləri
də bir nəticə vermir. Bir faktı da qeyd edək ki, 2014-cü ildə Krımın işğalından
sonra Rusiya Avropanın qaz bazarındakı payını artırıb. Ötən il Moskva Avropaya
123,8 milyard kubmetr qaz verib ki, bu da bazarın 29%-ni təşkil edir. Bundan əlavə,
Rusiya Avropanı tankerlərlə daşınan sıxılmış təbii qazla təmin edir. Avropada
qazın qiymətləri 2021-ci ilin aprelində artmağa başlayıb və o vaxtdan bəri 8 dəfə
yüksəlib.
Avropanın
qaz ehtiyatları minimuma düşüb
Son vəziyyət
belədir ki, qış mövsümünün qızğın vaxtında Avropanın qaz ehtiyatları minimum səviyyəyə
düşüb. "Əgər Ukrayna böhranına görə Rusiya Avropaya qaz tədarükünü
dayandırarsa, o zaman maye qaz bu problemi həll edəcəkmi?” Bu sualla
Almaniyanın "Deutsche Welle” nəşri çıxış edib. Qəzet yazır ki, Rusiya Ukrayna
böhranına görə tədarükünü dayandırsa, o zaman mayeləşdirilmiş təbii qaz (LNG)
boşluğu doldurmaya bilər. Nəşr qeyd edir ki, nüfuzlu "Commerzbank"
Avropa İttifaqında təbii qaz ehtiyatları ilə bağlı cari məlumatları dərc edib.
Almaniyanın ikinci ən böyük kreditoruna görə, Avropa bloklarındakı anbarlar
yarıdan da azdır. "Commerzbank Frankfurt”un baş iqtisadçısı Bernd Veidensteyner
"adətən qışda anbarlar 60% dolu olur, amma hazırda anbarda qazın miqdarı 47% təşkil
edir” deyib. Bankın "Twitter”də yerləşdirdiyi qrafikə əsasən, əvvəlki illərdə
Avropa anbarlarının dolğunluğu yanvar ayında 85%-ə qədər olub. "Qazprom” şirkəti
oktyabr ayında təbii qaz tədarükünü kəsəndə Avropa artıq enerji problemlərindən
əziyyət çəkirdi. Veidensteyner xəbərdarlıq edir ki, Rusiya hərbi münaqişə və ya
hər hansı bir Qərb sanksiyaları səbəbindən təbii qaz tədarükünü kəsərsə,
Avropanın bir sıra anbarları boşalacaq.
Rusiya
kranı qəfil bağlasa...
Qəzet
vurğulayır ki, son on ildə şist bumu sayəsində ABŞ dünyanın ən böyük LNG
ixracatçısına çevrilib və indi də Avropaya ixracını artırmaq istəyir. ABŞ şirkətləri
LNG ixrac qabiliyyətini 20% artıraraq gündə 4 milyard kubmetrə çatdırsa da,
Beynəlxalq Enerji Agentliyinə görə, Rusiya qəfildən kranları bağlasa, yeni tədarüklər
Avropanı xilas etmək üçün kifayət etməyəcək. "Reuters” xəbər verir ki,
Avropanın enerji zəifliyi səbəbindən ABŞ hökuməti bu yaxınlarda bir neçə beynəlxalq
enerji korporasiyası ilə Rusiya qazının mövcud olmadığı təqdirdə Avropaya qaz tədarükü
planını hazırlamaq üçün danışıqlar aparıb. "Reuters” ABŞ rəsmilərinə və sənaye
mənbələrinə istinadən yazır ki, Dövlət Departamenti əlavə təchizatların necə təmin
oluna biləcəyini öyrənmək üçün şirkətlərlə əlaqə saxlayıb.
"Hürriyet”:
TAP Avropada "tarazlığı” pozub
Belə bir
mürəkkəb durumda Avropanın köməyinə Türkmənistan, eləcə də, Azərbaycan qazı
çata bilər. Məsələn, Türkiyənin "Hürriyet" qəzeti yazır ki, Azərbaycanın
təbii qazını Türkiyə üzərindən Avropaya daşıyan Trans Adriatik təbii qaz kəməri
(TAP) Avropada "tarazlığı” pozub. Kəmərin işə salınması ilə Azərbaycanın təbii
qaz ixracı ötən il əhəmiyyətli dərəcədə artıb. Bu çərçivədə 2021-ci ildə Azərbaycandan
Avropaya 8,15 milyard kubmetr, Türkiyəyə isə 8,5 milyard kubmetr qaz ixrac
edilib. Qeyd edək ki, TAP boru kəməri Cənub Qaz Dəhlizinin Avropa hissəsini təşkil
edir. 878 kilometr uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində
TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin
altından keçərək İtaliyanın cənubunda bitir. TAP, Cənub Qaz Dəhlizinin Avropa
qolu, Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata
keçirəcək qovşaq layihəsidir.
Azər
NURİYEV
