• cümə, 19 Aprel, 18:31
  • Baku Bakı 24°C

Avropa Parlamentinin terrorçuları “hərbi əsir” adlandırması ədalətsizliyin təzahürüdür – Deputat

05.05.21 15:15 488
Avropa Parlamentinin terrorçuları “hərbi əsir” adlandırması ədalətsizliyin təzahürüdür – Deputat
Avropa Parlamenti üzvlərinin Avropa Komissiyasının sədri və Aİ sədrinə müraciət edərək Azərbaycandan "erməni əsirlərin” qaytarılmasını tələb etməyə çağırması ikili standartların, qərəzliliyin və ədalətsizliyin növbəti təzahürüdür.
BunuTrend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
A.Həsənova bildirib ki, Avropa Parlamenti üzvlərinin "erməni əsirlər” adlandırdıqları insanlar terrorçu və cinayətkardır və bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi vaxtında beynəlxalq ictimaiyyətə kifayət qədər məlumat verib:"Həmin erməni hərbçilər 10 noyabr razılaşmasından sonra Azərbaycan ərazilərində silahlı təxribat törətmiş və Azərbaycan təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilən terrorçulardır.
Məlumdur ki, 10 noyabr razılaşmasına əsasən Azərbaycan Ermənistana 70-dən artıq hərbi əsir verdi, Ermənistan isə Azərbaycan tərəfinə 12-yə qədər hərbi əsir qaytarıb.
Avropa Parlamenti tərəfindən qaldırılan məsələ isə 10 noyabr razılaşmasından təqribən bir ay sonra yaranan bir məsələdir. 10 noyabr razılaşmasına əsasən, Azərbaycanın nəzarətində olan ərazilərdə Ermənistan hərbçilərin yerləşdirilməsi, təxribatlar törədilməsi nəticəsində 4 Azərbaycan hərbçisi həlak olub, bir mülki şəxs yaralanıb.
Azərbaycan tərəfindən aparılan əməliyyat nəticəsində ermənilərin həmin təxribatçı qrupu zərərsizləşdirilib və 62 nəfər tutulub. Aparılan istinaq nəticəsində həmin şəxslərin 26 noyabr tarixində Azərbaycan ərazilərində yerləşdirilməsi öz təsdiqini tapıb. Onlar hamısı Ermənistandan olan insanlardır. Azərbaycan qanunlarına əsasən, həmin insanlar cinayət əməli törədiblər.
Bəllidir ki, şəxsin hərbi əsir adlandırılması üçün hərbi əməliyyatlar olmalıdır, lakin bu olmadıqda onların bir adı var - terrorçu. Azərbaycan bu barədə beynəlxalq təşkilatları məlumatlandırıb. Bu kimi əməllərin regionda təhlükəsizliyə ciddi təhdid olduğunu və bununla bağlı Ermənistana ciddi təzyiqin göstərilməsinin vacibliyi vurğulanıb.
Əlbəttə ki, Avropa Parlamenti də bu məsələdən xəbərsiz deyil, lakin yenə də ikili standartlardan çıxış edərək bu məsələni gündəmə gətirir, Azərbaycana qarşı qərəzli münasibət ifadə edir”.
Deputat bildirib ki, əgər Avropa Parlamenti o qədər ədalət çarçısıdırsa, onda birinci Qarabağ müharibəsində itkin düşmüş 4 min azərbaycanlının taleyi barədə də məsələ qaldırsın: "Azərbaycanın 30 il erməni işğalı altında qalan ərazilərinin minalanması Avropa Parlamentini niyə narahat etmir?! O minaların partlaması nəticəində insanların həlak olmasına Avropa Parlamenti göz yumur, minalanmış ərazilərin xəritələrinin Ermənistan tərəfindən Azərbaycana verilməməsi haqda bir kəlmə də demir, ancaq qondarma "hərbi əsirlərin” qaytarılmasını tələb edir.
Azərbaycan əraziərinə, mədəni və tarixi irsinə ermənilər tərəfindən vurulmuş ziyan, müqəddəs dini abidələrimizin dağıdılması heç bir Avropa Parlamenti üzvü tərəfindən qaldırılmır, lakin Ermənistanın marağında olan qərəzli məsələlər tez qabardılır. Bu bir daha göstərir ki, Avropa Parlamenti də öz ədalətlilik prinsiplərindən uzaqlaşıb, erməni diasporunun əsirinə çevrilib, beynəlxalq təşkilatın mandatına uyğun olmayan addımlar atır”.
banner

Oxşar Xəbərlər