• cümə axşamı, 28 mart, 22:44
  • Baku Bakı 13°C

Avropa Parlamentindən Ermənistana məcburedici qərar

17.12.18 19:27 819
Avropa Parlamentindən Ermənistana məcburedici qərar
Avropa Parlamenti tərəfindən "Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasəti barədə” qətnamə qəbul edilib. Sənəddə tərəfdaş ölkələrin ərazisində dondurulmuş münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq nizamlanmasının zəruriliyi vurğulanır. Bundan başqa, qətnamə münaqişə nəticəsində doğma yurdlarından didərgin düşmüş şəxslərə dəstəyi gücləndirməyə, tərəfdaş ölkələrin ərazisində vəziyyətin destabilizasiyası məqsədilə üçüncü tərəflərin müdaxilə cəhdlərinin qarşısını almağa çağırır.
Beləliklə, sənəd faktiki olaraq növbəti dəfə Aİ-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində Azərbaycanın ərazi bütövlüyünə dəstəyini təsdiq edib.
Bundan əvvəl də Avropa Parlamenti və digər ittifaqa daxil olan institutlar tərəfindən qətnamələr qəbul edilib. Ancaq burada diqqətçəkən məqamlardan biri ondan ibarətdir ki, Aİ-yə daxil olan ölkələr Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Ola bilsin ki, Aİ-nin belə konkret mövqe sərgiləməsi Avropanın daxilində baş qaldıran separatizm təhlükəsi ilə bağlıdır. Bu qətnaməni Avropanın separatizmə münasibətinin dəyişməsi kimi qiymətləndirmək olarmı?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirdi ki, əvvəllər Avropada liberal düşüncə sahibləri öz dövlətlərində sakitlik olduğu halda, digərlərinin başına ağıl qoymaq niyyətində idilər: "Amma sonradan anladılar ki, həmin o separatizm təkcə kənarda yox, elə Avropa ölkələrində də baş qaldırır. Ona görə də bu məsələyə münasibət xeyli dəyişilib. Yəni, Kataloniya hadisələri, indi az qala Belçikanın parçalanması gündəmə gəlir və digər Avropa ölkələrində belə problemlər var. Bütün bu hadisələrdən çıxış edərək Avropa bu məsələlərə öz prinsipial yanaşmasını ortaya qoydu. Yəni ki, ərazi bütövlüyü, suverenlik, sərhədlərin toxunulmazlığı məsələsində eroziyaya, yumşalmaya yol vermək olmaz”.
R.Musabəyov vurğuladı ki, bu qətnamənin Dağlıq Qarabağ münaqişəsinin həllinə bilavasitə təsiri yoxdur: "Amma məsələsinin həlli üçün hüquqi bazanı möhkəmlətmiş olur. Kimlərsə düşünürdülər ki, əvvəl-axır Avropanı və qərb dünyasını açıq şəkildə Ermənistanın tərəfinə çəkmək olar. Amma indi anlayırlar ki, bu olmayacaq”.

Politoloq Elşad Mirbəşiroğlu bildirdi ki, Avropa İttifaqı ölkələrinin münaqişələrlə bağlı ikili mövqe sərgiləməsini qadağan edən maddələrin yer aldığı bir sənəd Azərbaycan üçün də çox önəmli idi: "Bu ondan xəbər verir ki, artıq Avropa İttifaqında münaqişələrin bütövlükdə elə bu ittifaqın özü üçün nə dərəcədə təhlükəli olduğunu dərk edirlər. Aydın başa düşürlər ki, regional münaqişələr nəinki onların mövcud olduğu konkret region üçün, bütövlükdə qlobal təhlükəsizlik üçün çox ciddi təhdidlər yaradır. Bu baxımdan Avropa İttifaqı ölkələrinin münaqişə vəziyyətləri ilə bağlı obyektiv mövqe sərgiləmələri gələcəkdə Ermənistan-Azərbaycan münaqişəsinin də ədalətli həlli üçün yeni imkanlar yarada bilər. Bu günə kimi Dağlıq Qarabağ münaqişəsinin vəziyyəti ilə bağlı beynəlxalq müstəvidə obyektiv mövqe mövcud deyildi. Azərbaycan tərəfinin çox ciddi diplomatik cəhdləri sayəsində münaqişə ilə bağlı obyektiv mövqenin formalaşdırılması istiqamətində müəyyən uğurlar əldə etmişik. Amma Avropa İttifaqı ölkələrinin özlərinin bu istiqamətdə xüsusi cəhdlərinin olmadığı bir şəraitdə münaqişə vəziyyətləri ilə bağlı ikili standartlardan uzaq durmaları, obyektiv mövqe sərgiləmələri bütövlükdə ona dəlalət edir ki, hər şeydən öncə Azərbaycanın ərazi bütövlüyü Avropa İttifaqı çərçivəsində qəbul olunur. Digər məqam ondan ibarətdir ki, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı artıq konkret mövqe görmək şansımız meydana gəlir. Çünki bu günədək Ermənistan heç bir sənəddə açıq şəkildə işğalçı dövlət kimi təqdim olunmayıb. Düzdür, son dövrlər qəbul edilmiş müəyyən sənədlərdə Ermənistanın Azərbaycan ərazilərini hərbi işğaldan azad etməsi tələbi qoyulmaqdadır. Amma bütün Avropa çərçivəsində belə bir mövqenin formalaşması həm də onu göstərir ki, Avropa İttifaqı ölkələri Azərbaycanla əməkdaşlığı bundan sonra daha dinamik inkişaf etdirmək istəyir. Çünki Dağlıq Qarabağ münaqişəsini digər münaqişələrdən ayırmırlar və bütöv bir yanaşma var. Hesab edirəm ki, bu yanaşmanın Azərbaycanın maraqlarına cavab verməsi Dağlıq Qarabağ münaqişəsi vəziyyətində dövlətimizin siyasi mövqelərini əhəmiyyətli dərəcədə gücləndirir. Bundan sonra Azərbaycan danışıqlar masası arxasında münaqişənin dinc tənzimlənməsi prosesində öz haqlı mövqeyini daha etibarlı şəkildə müdafiə edə biləcək. Həmçinin işğalçı Ermənistana qarşı gərəkən addımların atılması ilə bağlı daha ciddi tələblər irəli sürə biləcəkdir. Bu baxımdan hesab edirəm ki, Avropa İttifaqının məlum sənədində belə maddələrin yer alması bütövlükdə beynəlxalq təhlükəsizliyin və sülhün daha etibarlı qorunmasına zəmin yaradacaq”.
E.Mirbəşiroğlu qeyd etdi ki, Avropa İttifaqı ümumilikdə dərk edir ki, münaqişələr beynəlxalq və regional təhlükəsizliyə ciddi təhdid yaradır: "Eyni zamanda Avropada aydın başa düşülür ki, ittifaq sərhədlərində çoxsaylı potensial münaqişələr və separatizmə meyllilik mövcuddur. Gələcəkdə bu separatizmin qarşısının alınması artıq dərk edilir. Artıq müəyyən nümunələr də müşahidə edilib. Kataloniyanı və digər potensial münaqişə ocaqlarını qeyd etmək olar ki, bunlar bütövlükdə Avropa İttifaqının təhlükəsizlik sistemi üçün çox ciddi təhdidlər yaradır. Eyni zamanda Avropa İttifaqı sərhədlərindən kənarda mövcud münaqişələrin tənzimlənməsi ilə bağlı da obyektiv mövqe sərgiləməklə, həm də özünün gələcək təhlükəsizliyini təmin etmiş olur. Məsələyə Dağlıq Qarabağ münaqişəsi kontekstində yanaşdıqda, bu həm də Azərbaycan-Avropa İttifaqı münasibətlərinin xarakterinə müsbət təsir göstərə bilər. Bundan sonra Azərbaycan Avropa İttifaqı çərçivəsində münaqişənin ədalətli tənzimlənməsi ilə bağlı konkret mövqenin ortaya qoyulmasını istəyə biləcək. Düşünürəm ki, bütün bunlar Qarabağ münaqişəsi ilə bağlı kompleks addımların atılmasına rəvac verəcək”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, ümumiyyətlə son illər Avropa Parlamentində Azərbaycanla bağlı ədalətli qətnamələr qəbul edilir: "Həm Avropa Şurası, həm də Avropa Parlamenti hər zaman Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Hətta xatırlayıram ki, bir qətnamədə işğalçı qüvvələrin əraziləri tərk etməsinin vacibliyi də vurğulanmışdı. Bu o deməkdir ki, Avropada müəyyən ikili standartlar olsa da, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Təəssüf ki, bu qətnamələr reallığa çevrilmir. Amma hər halda BMT qətnamələri, həmçinin Avropa institutlarının bu cür qətnamələri bizim üçün faydalıdır və gələcəkdə işimizə yarayacaq”.
E.Şahinoğlu əlavə etdi ki, Avropa özü də separatizmlə üzləşib və bunun bariz nümunəsi Kataloniyada oldu: "Katalonlar düşünürdülər ki, separatizmə əl atıb İspaniyadan ayrılacaqlar, amma alınmadı. Avropa da katalonlara yox dedi və İspaniyanın ərazi bütövlüyünü dəstəklədi. Bunun özü də bir stimul oldu ki, bütün digər hallarda da separatçılara dəstək verməsinlər. Avropa İttifaqı Gürcüstanın, Ukraynanın, Moldovanın, eləcə də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu mənada Avropa ikili standartlar ortaya qoya bilməz və ona görə də Azərbaycana münasibət birmənalıdır. Əlbəttə, başqa məsələdir ki, avropalı siyasilər ikiüzlü siyasət yürüdürlər, həm Ermənistanla, həm də bizimlə yaxşı olmaq istəyirlər. Amma biz Avropa Komissarlığından tələb etməliyik ki, öz parlamentinin qəbul etdiyi qətnamələri yerinə yetirsin”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər