• cümə axşamı, 28 mart, 16:13
  • Baku Bakı 16°C

Avropa ölkələri Qafqaza yalnız neft anbarı kimi baxmamalıdır

25.04.14 10:02 1060
Avropa ölkələri Qafqaza yalnız neft anbarı kimi baxmamalıdır
Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Moskva konfransında Rusiya və İran tərəfindən Xəzər dənizində hərbi qüvvələrin sayının artırılmasından narahatlıq ifadə olunub. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov qonşu ölkələri Xəzər dənizində hərbi fəaliyyəti bərabər şərtlərlə həyata keçirməyə səsləyib. Qeyd edib ki, Xəzər dənizində hərbi qüvvələrin mövcudluğu və hərbi fəaliyyət bütün sahilyanı ölkələr üçün bərabər təhlükəsizlik şəraitinin təmin edilməsi prinsipinə əsaslanmalıdır. Diplomatın sözlərinə görə, bu, region dövlətləri arasında qarşılıqlı etimadın möhkəmlənməsinə və Xəzər dənizinin dostluq, əməkdaşlıq və mehriban qonşuluq zonasına çevrilməsinə xidmət edə bilər.
Xarici işlər nazirinin fikirləri ilə bağlı “Kaspi”yə açıqlama verən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc təəssüflə bildirib ki, Xəzər dənizi getdikcə hərbiləşməkdədir. Onun fikrincə, bu, Xəzərin çevrəsində təhlükəsizlik zolağı üçün deyil, bir dövlətin digərinə qarşı gözlənilə bilən hər hansı təcavüz aktlarını, yaxud da hansısa üçüncü ölkələrin burada iştirakını əngəlləmək üçün həyata keçirilir. Millət vəkili deyib ki, bütün hallarda bu, sülh şəraitini vəd etmir: “Xəzərdə hərbi qüvvələrin artırılması, hərbi texnikanın sayının artırılması, imkanlarının genişləndirilməsi fonunda, nəinki hüquqi statusun müəyyənləşməsi gerçəkləşib, əksinə bu istiqamətdə aparılan danışıqlara öldürücü zərbə vurulub. Eyni zamanda, gələcəkdə Xəzərin resurslarının işlədilməsi də çətinləşir. Bu məkan sahilyanı hər bir ölkənin tərkib hissəsidir. Azərbaycan Xəzər dənizinin sərhədi boyunca özünün coğrafiyasını müəyyənləşdirir və Konstitusiyamızın bütün müddəaları orada hakimdir. Bir çoxları üçün dağınıq, qaranlıq bölgələrdən fərqli olaraq, çox zəngin ehtiyatlara malik belə dənizlərdə strateji mənada istifadə niyyətləri var. Təəssüf ki, hazırkı dönəmdə Rusiya və İran burada öz imkanlarını genişləndirməkdədir. Elmar Məmmədyarovun açıqlaması Xəzər dənizini normal tərəfdaşlıq, dostluq məkanına çevirmək üçündür. Kiminsə “Mazandaran gölü”, yaxud digər başqa adla çağırmağından asılı olmayaraq, müstəqillik qazanmış hər bir ölkə müəyyən prinsiplə burada bölgüsünü həyata keçirib. Bir az gec, bir az tez, bu bölgü qəbul ediləcəkdir. Ancaq Xəzəri bütövlükdə bir ölkənin nəzarətə götürməsi xülyası ilə yaşayan, özünün strateji uzaq mənzilli silahlarını bu hövzədə qurub guya, Qərbin qarşısını kəsəcəyini düşünən dövlətlər həm öz xalqlarının maraqlarını əngəlləyirlər, həm də digər ölkələrin maraqlarına mənfi təsir göstərirlər. Hətta bəzi yataqların kim tərəfindən işlənməsi üzərindəki mübahisələr, güc nümayişi müxtəlif investisiya layihələrini yarımçıq qoyub. Bu baxımdan Azərbaycan xarici işlər nazirinin dilindən səslənən fikirləri ölkəmizin mövqeyi kimi qəbul etmək gərəkdir. Azərbaycan olaraq biz, Xəzər dənizini müxtəlif tərəflərin hədəflərinə yönələn silahlarla bəzəməkdən və zənginləşdirməkdənsə, sahilyanı dövlətlər arasında konsensus prinsipini tapmağın tərəfdarıyıq. Mənə elə gəlir ki, həm Xəzərin insanlar tərəfindən çirkləndirilməsinin, həm də bu məkanda hərbi texnikanın sayının getdikcə artırılmasına cavab olaraq, bir gün dəniz özü sahil ölkələrini cəzalandıracaq”.
Xəzərdə hərbi balansın Rusiya və İranın xeyrinə dəyişməsinin Azərbaycana qarşı olma ehtimalını şərh edən millət vəkili Ukraynadakı gərginlik fonunda ölkəmizin Qərb üçün əhəmiyyətinin artdığını bildirib. Qeyd edib ki, buna rəğmən, ölkəmizin heç bir halda bu cür məqsədli, alt qatında xüsusi niyyətlər dayanan və əksəri də Rusiya əleyhinə olan planların hamısına eyni dərəcədə yüksək qarşılıq verməyəcəyinə əminik: “Belə demək mümkünsə, bu, dinc dövrlərin çağırışı deyil. Burada tendensiyalılıq açıq şəkildə ortadadır. Siyasətçi, diplomat gözündən baxmadan da bunları görmək mümkündür. Bir müddət öncə Joze Manuel Borroza olduqca açıq mətnlə Azərbaycanın gələcəkdə də Avropa İttifaqı üçün əhəmiyyətini qeyd edib. Amma sual olunur, bunlar bizi indimi görürlər? Nədən ötən illər ərzində ölkəmizdə Qərbin iqtisadi-siyasi gücünü artıran layihələrin həyata keçirilməsi müqabilində bu, ədalətli qiymətini almırdı? Ermənistan Azərbaycanı təhdid və ciddi təzyiq altında saxlayırdı ki, biz özümüzün iqtisadi resurslarımızı Dağlıq Qarabağ məsələsinin həllində Ermənistanı şantaj etmək üçün Qərbə veririk. Bu ehtimallar özünü doğrultmadı. Amma istənilən ölkə öz resursunu yaxşı silaha çevirməkdə azaddır. İndi isə birdən-birə qaz bazarında iqtisadi şərtlər, yaxud geopolitik anlamda vəziyyət dəyişib. Bu fonda Azərbaycana qədərindən artıq uzadılan əllərə verilən reaksiyalar, ölkəmizə çox ciddi təzyiqlər gətirə bilər. Biz Rusiya və Ukrayna arasında yaşanan hadisələrin də dinc yolla, ərazi bütövlüyü, beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdarıq. Eyni zamanda Qərbə də səslənirik ki, ötən əsrdəki kimi eyni səhvləri təkrar etməsinlər. 1919-cu ildə Britaniyanın məşhur qüvvələri Qafqaza gəlmişdi və Xəzər dənizində, Bakının müxtəlif quru məkanlarında neft çıxarılmasına başlamışdılar. O zaman onlar yalnız bu iqtisadi maraq üzərində qərar tutdular və müstəqillik qazanan ölkələrin suverenliyinə, ərazi bütövlüyünə dəstək vermədilər. Bunun nəticəsində də SSRİ adlı bir imperiya yarandı, ingilislərin iqtisadi maraqları olan ərazilərin üzərinə əl qoyuldu və onlar burdan qovuldular. Mistik olaraq, yüz il sonra tarix təkrarlanmağa başlayıb. Bunu bütün Avropa ölkələri nəzərə almalıdırlar. Əgər onlar yenidən Qafqaza sadəcə neft anbarı kimi baxacaqlarsa, günün birində Vladimir Putinin “Potyomkin” gəmisi Xəzərdəki bütün Qərb şirkətlərini qovacaq”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər