• cümə axşamı, 25 aprel, 22:06
  • Baku Bakı 21°C

Avropa İttifaqı - Azərbaycan əlaqələri strateji əhəmiyyət daşıyır - Fotolar

22.02.19 18:43 1253
Avropa İttifaqı - Azərbaycan əlaqələri strateji əhəmiyyət daşıyır - Fotolar
Bu həftə Azərbaycan diplomatiyasının gündəmi Avropa İttifaqı (Aİ) ilə münasibətlər baxımından zəngin olub. Həm Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının V iclasının Dövlət Başçısının iştirakı ilə Bakıda keçirilməsi, həm Avropa Komissiyasının Büdcə məsələləri və İnsan resursları üzrə Komissarı Günter Ottinger, Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş Direktorluğunun rəhbəri Henrik Hololey, Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak kimi rəsmilərin Azərbaycana səfər etməsi və dövlət başçısı səviyyəsində qəbul edilməsi, həm də yeni saziş layihəsinin müzakirəsinin növbəti raundunun Bakıda baş tutması bunu deməyə əsas verir. Hal-hazırda Azərbaycanla Aİ arasında enerji, təhlükəsizlik və nəqliyyat məsələləri üzrə məsləhətləşmə mexanizmləri fəaliyyət göstərir ki, bu da Aİ-nin ölkəmizin regiondakı aparıcı mövqeyinə verdiyi əhəmiyyətin bariz nümunəsidir.


Məlumat üçün bildirək ki, Aİ ilə Azərbaycan arasında nəqliyyat məsələləri üzrə məsləhətləşmə mexanizminin yaradılması yeni təşəbbüsdür. Aİ tərəfindən Azərbaycanın nəqliyyat strategiyası və regionun nəqliyyat qovşağı olmasına yüksək qiymətləndirilir və bu sahədə Azərbaycanla əməkdaşlığa ciddi maraq göstərilir. 19 fevral tarixində Avropa Komissiyasının Mobillik və Nəqliyyat üzrə (MOVE) Baş Direktorluğunun rəhbəri Henrik Hololey tərəfindən başçılıq edilən Aİ nümayəndə heyəti ölkəmizə səfər edərək 1-ci Azərbaycan-Avropa İttifaqı yüksək səviyyəli nəqliyyat dialoqu çərçivəsində bir sıra görüşlərə başlayıb. Tərəflər Azərbaycanın əlverişli nəqliyyat qovşağı və logistika mərkəzinə çevrildiyini vurğulayaraq, ölkəmizin Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb dəhlizlərinin kəsilişində tutduğu mühüm yeri önə çəkiblər.
Bu kontekstdə Avropa İttifaqının Şərq-Qərb dəhlizinin vacib infrastruktur komponenti olan Bakı-Tbilisi-Qars dəmir yol layihəsinə verdiyi dəstək qeyd olunub. Bildirilib ki, hazırda fəaliyyətdə olan bu yol Asiya və Avropa İttifaqı ölkələrini birləşdirən nəqliyyat şəbəkələrində özünəməxsus rol oynayır və səmərəlilik, vaxt, sürət baxımından aşıq-aşkar üstünlüklərə malikdir. Azərbaycanın Trans-Avropa Nəqliyyat Şəbəkəsinə qoşulması və Avropa İttifaqı ilə tərəfdaşlığa dair yeni saziş layihəsində nəqliyyat məsələlərinə ayrıca yer ayrılmasının bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar vəd etdiyi də diqqətə çatdırılıb. Sözügedən mövzunun Azərbaycan-Avropa İttifaqı Tərəfdaşlıq Prioritetləri sənədində yer alması xatırlanıb və həmin istiqamət üzrə ümidverici perspektivlərin olması bəyan edilib.

Bundan başqa, həftə ərzində strateji tərəfdaşlıq üzrə sazişə dair danışıqları davam etdirmək üçün Aİ-nin nümayəndə heyəti Azərbaycanda olub. Saziş layihəsi üzrə intensiv danışıqlar aparılıb. Həmçinin Avropa İnvestisiya Bankının (AİB) nümayəndə heyəti də ölkəmizə səfər edib. TAP layihəsinin maliyyələşdirilməsində iştirak edən AİB ölkəmizin inkişafını, investisiya cəlbediciliyini nəzərə alaraq, yeni sahələrə maraq göstərir. Qeyd olunanlar bir daha onu deməyə əsas verir ki, Aİ Azərbaycanın strateji əhəmiyyətini anlayır, onunla əməkdaşlıqdan məmnundur və bu əməkdaşlığın davam etməsini arzulayır. Bütün bunlar isə Azərbaycan prezidentinin həyata keçirdiyi güclü, qətiyyətli milli maraqlar üzərində qurulmuş xarici siyasətinin nəticəsində mümkün olub.


Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Elman Nəsirov mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycan-Aİ münasibətləri dinamik inkişaf tempinə malikdir. Millət vəkili deyib ki, Aİ üzvü olan ölkələrdən çoxu ilə Azərbaycanın strateji tərəfdaşlıq münasibətləri formalaşıb və müvafiq sənədlər imzalanıb. Onun sözlərinə görə, Aİ ilə Azərbaycanın münasibətləri ötən il imzalanmış sənədlərdə bir daha öz əksini tapıb: "Bu sənəd olduqca mühüm əhəmiyyət daşıyır. Bu sənəddə Avropa İttifaqı növbəti dəfə Azərbaycanla münasibətlərinə strateji baxımdan qiymət verib. Xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində birmənalı mövqe ortaya qoyub. Bildirilib ki, bu münaqişə beynəlxalq hüququn ərazi bütövlüyü prinsipi çərçivəsində həllini tapmalıdır. Ermənilərin daim əllərində bayraq etdikləri xalqların öz müqəddəratını təyin etmə hüququndan bu sənəddə bir kəlmə də olsun bəhs edilməyib. Bu, bir daha bizim münasibətlərimizin səviyyəsini ortaya qoyub. Bununla yanaşı, Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində də faydalı əməkdaşlıq edirik. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində yeni alternativ enerji mənbəyi funksiyasını həyata keçirir. 2015-ci ildən başlayaraq Azərbaycanın təşəbbüsü və Avropa İttifaqının dəstəyi ilə Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının toplantıları Bakı şəhərində keçirilir. Bu günlərdə keçirilən sayca 5-ci toplantı göstərdi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında həm enerji təhlükəsizliyi sahəsində, həm də nəqliyyat dəhlizlərinin reallaşdırılması istiqamətində mütəşəkkil iş formalaşıb və həyata keçirilməkdədir”.

E.Nəsirov qeyd edib ki, Aİ və Azərbaycan arasında enerji və nəqliyyat sahəsindəki əməkdaşlığın çox yaxşı perspektivləri var: "Azərbaycan coğrafi baxımdan elə bir ərazidə yerləşir ki, həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizləri məhz burada kəsişir. Bu baxımdan, Azərbaycan mühüm tranzit ölkə kimi də diqqət çəkir. Azərbaycan həyata keçirdiyi beynəlxalq əhəmiyyətli layihələrlə Avrasiyanın yalnız enerji təhlükəsizliyi xəritəsini dəyişmir, eyni zamanda bir sıra layihələrlə ən mühüm mərkəzinə çevrilir. Əlbəttə ki, bu uğurların arxasında Prezident İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi siyasi kurs dayanır. Bütün dünya dövlətləri, o cümlədən Avropa İttifaqı da Azərbaycanın əhəmiyyətini, mövqeyini qeyd etməkdədir. Avropa İttifaqı ən azı 3 mənbədən enerji tələbatını ödəmək xəttinə malikdir. Azərbaycan Avropa İttifaqı üçün bu nöqteyi-nəzərdən də əhəmiyyətli dövlətdir. Beynəlxalq aləm, xüsusən də Avropa İttifaqı ona görə Azərbaycana hörmətlə yanaşır ki, ölkəmiz müstəqil xarici siyasət həyata keçirir. Ölkəmiz hansısa qüvvələrin, enerji siyasətinin əlində alətə çevrilmir. Azərbaycanın enerji siyasəti, xüsusən də Cənub Qaz Dəhlizi ilk növbədə enerji təhlükəsizliyi, azad rəqabət, enerji şaxələndirilməsi layihəsidir. Bu və bunun kimi beynəlxalq əhəmiyyətli layihələr heç bir halda üçüncü tərəfin əleyhinə deyil, hər hansı siyasi təzyiq elementinə çevrilməyib. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi siyasətin fəlsəfəsidir. Azərbaycanın uğurlarının kökündə də məhz bu fəlsəfə dayanır”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər