AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Avropa Birliyindən növbəti ikili standart

Avropa Birliyindən növbəti ikili standart

Siyasət
30 Aprel 2013, 08:03 1470
Müstəqillik əldə etdiyi dövrdən daim müxtəlif səviyyələrdə haqsızlıqlarla üz-üzə qalan Azərbaycana qarşı növbəti qərəzli addıma yol verilib. Bu dəfə belə bir addım Avropa Birliyindən gəlib. Dövlətlərin ərazi bütövlüyünün qorunmasını prioriteti elan edən Avropa Birliyi tərəfindən beynəlxalq hüquq normaları ilə uzlaşmayan bir addım atılıb. Söhbət işğal altında olan Azərbaycan torpaqlarına AB-ni təmsil edən ölkələrin nümayəndələrinin etdiyi qanunsuz səfərdən gedir.

Mətbuatda da qeyd edildiyi kimi, qrupa AB ilə Ermənistan parlamentlərarası dostluq qrupunun üzvləri, Avropa Parlamentinin təmsilçiləri Evard Stadler (Avstriya), Kiriakos Triantafilides, Eleni Teoxarus (Kipr), Fransa parlamentinin üzvləri Valeri Buaye və Qi Tessye, belçikalı professor Bernar Kuli daxil olub. Eleni Teoxarusun rəhbərlik etdiyi nümayəndə heyəti Xankəndində Azərbaycanın işğal altında olan ərazilərində fəaliyyət göstərən separatçı rejimin rəhbərliyi ilə görüşüblər. Qeyd edək ki, Avropa Parlamentinin Kiprdən olan deputatı Eleni Teoxarus 1988-ci ildə hərbi əməliyyatların aktiv dövründə Dağlıq Qarabağda könüllü həkim-cərrah kimi çalışıb. İşğal altında olan ərazilərə qanunsuz səfər edən Fransa parlamentinin üzvü Valeri Buaye isə parlamentə təqdim olunmuş qondarma erməni soyqırımını inkara görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsinin müəllifidir. Nümayəndə heyətinin tərkibi Azərbaycan və türk dünyasına qarşı nifrətləri sonsuz olan xəstə təfəkkürlü şəxslərdən ibarət olub. Lakin istənilən halda bu qrup rəsmi Bakının etirazlarına baxmayaraq AB adından işğal altında olan torpaqlarda olub.

Xarici işlər nazirinin müavini Araz Əzimov bəyan edib ki, işğal edilən Dağlıq Qarabağa səfərə yalnız o halda icazə verər ki, bu təşəbbüs həmin regionun ölkə daxilinə yenidən reinteqrasiyasına və işğaldan azad edilməsinə kömək etsin. “Dağlıq Qarabağ işğal altında olan bir ərazidir, istənilən halda ora daxil olmaq üçün mütləq Azərbaycan hökumətinin icazəsi olmalıdır. Xarici vətəndaşlar tərəfindən qeyd edilən regiona səfərləri biz ciddi sürətdə nəzarət altında saxlayırıq” - deyə o bildirib.
Beləliklə, növbəti dəfə Azərbaycana qarşı ayrı-seçkiliyə yol verilmiş oldu. Bəlli olduğu kimi, beynəlxalq birlik tərəfindən Azərbaycan torpaqlarının işğal altında olduğu rəsmən təsdiq edilib. Tək BMT-nin işğal altında olan Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının çıxarılmasını tələb edən dörd qətnaməsi var. Ermənistan isə nəinki onlara məhəl qoymur, hətta yeni-yeni ərazi iddiaları ilə çıxış edir. AB-də xristian klub kimi işğalçı ilə işğala məruz arasında fərq qoymayaraq, balanslı siyasət yürütməyə üstünlük verir. Qurum Xocalı soyqırımını törədən bir dövlətə qarşı nəinki hər hansı bir sanksiya tətbiq edir, əksinə, ona yardımlarını gücləndirir. Axı necə olur ki, insan haqlarını və dövlətlərin ərazi bütövlüyünü əsas şərt kimi götürən AB buna göz yumur? Budurmu birliyin daim əlində dəstəvuz etdiyi insan haqları və ərazi bütövlüyü? Şübhəsiz ki, bu səfər beynəlxalq hüquq normaları baxımından yalnız və yalnız separatizmi dəstəkləməkdən başqa bir şey deyil.

AB-nin Azərbaycan Ordusunun zabiti Ramil Səfərovla bağlı mövqeyini yada salaq. Macarıstanda erməni zabiti öldürməyə görə ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərovun azadlığa buraxılmasına görə dərhal qətnamə qəbul edən AB Macarıstanın mövqeyini kəskin pisləmişdi. Halbuki, Ramil Səfərovun azadlığa buraxılması beynəlxalq hüquq normalarına - həm Macarıstan, həm də Azərbaycan Konstitusiyasına və qanunvericiliyi əsasında həyata keçirilmişdi.

Konvensiyaya əsasən, hər bir tərəf əfv, amnistiya elan edə və ya ölkə Konstitusiyası, yaxud digər hüquqi aktlar əsasında məhkumun cəzasını azalda bilər. Odur ki, Macarıstanın Ramil Səfərovu cəzasının qalan hissəsini çəkmək üçün Azərbaycana təhvil verməsi proseduru və onun əfv edilməsi “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyası və Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğun olub. Avropa Birliyi isə nə edir? Faktları araşdırmadan azərbaycanlı zabiti və Azərbaycan bayrağını təhqir etdiyinə görə cəzasını alan erməni zabitini müdafiə edir. Avropa Birliyi erməni və xristian həmrəyliyindən çıxış edərək Ramil Səfərovun azadlığa buraxılmasına qarşı çıxış etməyə üstünlük verir. Ümumiyyətlə, bu qurumun xristian klubu olduğunu və xristian həmrəyliyindən çıxış etdiyi barədə kifayət qədər faktlar var. Tək bir məsələdə bunu əyani şəkildə görmək olar. Bir milyondan artıq soydaşımız öz ev-eşiyindən məhrum olmuş vəziyyətdə qaçqın həyatı yaşayır. Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımız hələ də işğal atındadır. AB isə bütün bunları göz yummağı bir yana, işğal altında olan Azərbaycan torpaqlarına səfərlər təşkil edir. Bu, xristian həmrəyliyi deyil, bəs nədir? Başqa bir fakt - Türkiyəni uzun illərdir ki, öz sıralarına üzv qəbul etməyən AB ilbəil Ankaraya yeni tələblər irəli sürür. Türkiyə bu tələblərə əməl etsə də, ona qarşı ayrı-seçkilik davam edir. Rəsmi Ankara da haqlı olaraq AB-ni “xristian klubu” adlandıraraq, artıq bu quruma üzvlüyü prioritet kimi görmək istəmədiyini bəyan edib.

AB-nin Ermənistanı müdafiə etməsinin bir səbəbi də var: Belə görünür ki, Avropa ölkələrinin əksəriyyətini özündə birləşdirən bu quruma güclü iqtisadiyyata və siyasi sabitliyə malik Azərbaycan kimi dövlət gərək deyil.

Azər NURİYEV