• şənbə, 20 Aprel, 17:57
  • Baku Bakı 23°C

Avro-2020-nin gətirəcəyi turistlər

07.12.19 09:00 962
Avro-2020-nin gətirəcəyi turistlər
Ekspertlər deyirlər ki, təkcə Bakı ilə kifayətlənməyib, bölgələrimizə də səfərlər təşkil edərək, ölkəmizin turizm potensialını tanıtmaq turizm şirkətlərinin üzərinə düşəcək
Bir neçə gün bundan əvvəl Avro-2020-də iştirak edəcək yığmaların hansı şəhərlərdə meydana çıxacağı bəlli oldu. Sevindiricidir ki, A qrupunda yer alan Türkiyə yığması 2 oyunu Bakıda keçirəcək. Bu da o deməkdir ki, Bakıya xeyli türkiyəli azarkeş axın edəcək. Artıq qardaş ölkənin mətbuatında bununla bağlı yazılar dərc edir. Türkiyəli fanatlar Bakını doğma ev bildikləri üçün böyük məmnuniyyətlə paytaxtımıza gələcəklər. Türkiyə yığması Bakı Olimpiya Stadionunda iyunun 17-də Uels, iyunun 21-də isə İsveçrə yığmaları ilə qarşılaşacaq. Buna qədər isə Bakıda daha bir oyun – iyunun 13-də Uels-İsveçrə qarşılaşması baş tutacaq. Azərbaycan yığması Avro-2020-nin seçmə mərhələsində Uels yığması ilə bir qrupda yer almışdı. Bakıda keçirilən oyuna Uelsdən xeyli azarkeş gəlmişdi. Bu fakt onu göstərir ki, Bakıda 2 oyuna çıxacaq Uels yığmasının fanatları yayda da paytaxtımıza axın edəcəklər. Elə İsveçrə yığmasının fanatlarından da bunu gözləməyə dəyər. Onu da qeyd edək ki, Avro-2020-nin 1/4 finalının da bir qarşılaşması Bakıda baş tutacaq. Bu o deməkdir ki, təxminən 2 həftə ərzində paytaxtımıza 150 minə yaxın turist gələ bilər. Özü də bu turistlərin hər biri Bakıda ən azı 5 gün qalacaqlar. Məsələn, Türkiyə yığmasının Bakıdakı oyunları iyunun 17 və 21-də keçiriləcək. Deməli, türkiyəli fanatlar oyundan bir-iki gün əvvəl paytaxtımıza axın edə bilərlər. Təbii, ilk qarşılaşmadan sonra onlar Bakını tərk etməyəcəklər, paytaxtımızda qalacaqlar. Belə olan təqdirdə, həmin turistlərin asudə vaxtları yaranacaq. Bəs Avro-2020 üçün Bakıya gələcək turistlərin burdan razı getməsi üçün hansı addımlar atılmalıdır? Turizm şirkətləri onların əyləncəsindən tutmuş, Azərbaycanın bölgələrinə səfər etmələrinə qədər – bütün istəklərini nəzərə almalıdırlar. Almalıdırlar deyirik, bəs görək, turizm şirkətləri bu məsuliyyətin ciddiliyini anlayırlarmı? Bu məsələdə turizm şirkətlərinin, obyektlərinin üzərinə hansı yük düşür? Məsələ ilə bağlı ekspertlərin mövqeyini öyrəndik.
AzTA –nın icraçı direktoru Əhməd Qurbanovun sözlərinə görə, ölkəmiz bu mövzuda təcrübəyə malikdir: "Son zamanlar Azərbaycan bir çox beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edib və həmin dövrdə də kifayət qədər turist ölkəmizə səfər etmişdi. Təcrübəyə əsaslanaraq deyə bilərik ki, biz bundan da çox turisti qarşılama potensialına malikik. 2020-ci ildə keçiriləcək oyunlara da sevə-sevə ev sahibliyi edəcəyik. Bundan əvvəlki tədbirlərin təşkilatçılığına baxsaq, görərik ki, hər şey yüksək səviyyədə idi. Gələn qonaqlar, bütün media təşkilatçılıqdan razılıq edirdi. Əminəm ki, bu iş növbəti ildə də yüksək səviyyədə olacaq. Təbii ki, bu, turizm sahəsinin inkişafına təkan verəcək olduqca önəmli bir amildir. Ölkəmizdə kifayət qədər 3, 4, 5 ulduzlu otellər var. Həmçinin hostellərin də sayı günü-gündən artır. Bütün bunlar ona işarə edir ki, növbəti il gələcək qonaqları qarşılamaq üçün tam hazırıq”.
İcraçı direktor görüləcək işlərdən də danışdı: "İlk növbədə turizm agentliklərinin üzərinə böyük yük düşür. Çünki gələn turistlərin əksəriyyəti şirkətlər vasitəsilə gəlir. Yəni onların qarşılanmasında, yerləşdirilməsində əsas rolu turizm şirkətləri oynayır. Bizim qurum da öz üzərinə düşən vəzifəni yerinə yetirir. Bu kimi beynəlxalq səviyyəli görüşlərin keçiriləcəyi zaman, şirkətlərlə görüşüb onlara öz tövsiyələrimizi veririk. Turistin qalacağı yerin, gəzəcəyi məkanın, ona bələdçilik edəcək şəxsin seçilməsi əsas məsələlərdən biridir. Xüsusilə də bələdçilər çox önəmlidir. Çünki ölkəmiz haqqında əsas informasiyanı turistə onlar verir. Bundan başqa turistin gördüyü ilk insan da bələdçilər olur. Bir bələdçi turistdə bütöv ölkə haqqında həm müsbət, həm mənfi rəy yarada bilər. Ona görə, çalışmalıyıq ki, bu rəy müsbət olsun. Yəni ilk dəfə oyunları izləmək üçün gələn turist, növbəti dəfə bir də gəlsin”.
Ə. Qurbanov qeyd etdi ki, bu kimi oyunların keçirilməsi ölkəmizin turizm potensialını artırır: "Təcrübə göstərir ki, bir günlük oyuna baxmağa gələn turist çox zaman qalmır, oyun bitdikdən sonra ölkəsinə geri dönür. Amma bu dəfə bir neçə oyun keçiriləcək və aralarında fasilələr olacaq. Ona görə, turizm şirkətləri bunu nəzərə alaraq tur paketlər hazırlamalıdırlar. Sadəcə Bakı ilə kifayətlənməyib, bölgələrimizə də səfərlər təşkil edərək, ölkəmizin turizm potensialını tanıtmalıdırlar. Onsuz da, ölkəmiz elə də böyük deyil. Hansısa regiona səfər maksimum 4-5 saat çəkir. Əslində bu, bizim üçün çox gözəl fürsətdir. Gələn turist canlı reklamdır. O, razı qalaraq getsə, növbəti dəfə həm özü gələcək, həm də bir dostuna da ölkəmizə səyahət etməyi məsləhət görəcək. Bu da ölkəyə səfər edən turistlərin sayını artırmış olur”.
Turizm üzrə ekspert Ceyhun Aşurov bildirdi ki, bu tip oyunların Azərbaycanda keçirilməsi ölkəmizin imici və tanıtımı baxımından olduqca vacibdir. Gələn turistlər təkcə futbolu izləməyə yox, həmçinin ölkəmizlə də tanış olmaq üçün gəlir. Bakıdakı oyunlar təxminən 2 həftə ərzində keçiriləcəksə də, konkret günlər təyin olunub. Həmin oyunlar arasında bir neçə gün boşluqlar olacaq. Bu aralıqda, gələn qonaqların kifayət qədər vaxtı olacaq ki, ölkəmizi gəzsin, görməli yerlərə səfər etsin. Sadəcə Bakı ilə kifayətlənməyib regionlara da baş çəkmək imkanları olacaq. Hazırda ölkəmizdə 700 otel var. Təxminən 25 minə yaxın nömrə, 45 minə yaxın yataq yeri var. Futbol kifayət qədər geniş azarkeş kütləsi olan oyunlardan biridir və ciddi sayda turist axını olacaq. Düşünürəm ki, biz gələn qonaqları layiqincə qarşılamaq potensialına malikik. Bu amil, ölkəmizin iqtisadi baxımdan da inkişafını təmin edəcək. Oyunların həm yerli, həm də xarici mətbuatda işıqlandırılması da ölkəmizin tanıdılmasına müsbət təsir edəcək. Hazırda otellərin standartlara uyğunlaşdırılması, turizm sahəsində xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində ciddi işlər görülür”.
Avro-2020 ilə əlaqədar ölkəmizə turist axınının müşayiət olunacağını deyən ekspert bildirdi ki, hava limanı, ictimai nəqliyyat, turizm infrastrukturlarıgücləndirilmiş iş rejimində işləməlidir: "Gələnlərin sayında ciddi şəkildə artım olacağından, otellərdə sıxlıq müşayiət olacaq. Ölkəyə indiyə qədər Azərbaycanda olmayan turist kütləsi gələcək. Hətta, evlərin kirayəsində artım qeydə alına bilər. Turistlərin gəlişi ölkəmizə valyuta axınına səbəb olur. Gələnlər sadəcə, oyuna baxıb qayıtmır, bir neçə gün öncədən gəlir və oyundan sonra da bir neçə günqalacaqlar. Təbii ki, onların oyundan başqa, əlavə xərcləri də olacaq. Turistlər müxtəlif turizm məhsullarımızdan istifadə edəcəklər. Hesab edirəm ki, bu cür idman yarışlarının faydası çoxdur”.
Günel Azadə
banner

Oxşar Xəbərlər