• çərşənbə axşamı, 23 aprel, 20:03
  • Baku Bakı 20°C

Avakovu bitirən görüş

16.07.21 20:00 1611
Avakovu bitirən görüş
Ukraynanın erməni əsilli sabiq naziri Zelenskiyə rəqib olmaq niyyətindədir?
Ukrayna daxili işlər naziri Boris Avakovun istefa qərarı ölkənin siyasi gündəmində az qala bomba effekti doğurdu. Yeddi il idi ki, ölkənin güc strukturlarından birinə rəhbərlik edən Avakov "fövqəlnazir” statuslu şəxs kimi ad çıxarıb. Şəxsi ordusu və böyük təhlükəsizlik xidmətinə malik biridir. Bundan çıxış edərək, bu istefanın nə qədər əhəmiyyətli nəticəsi ola biləcəyi maraq doğurur. İndi hər kəs çoxsaylı suallara cavab axtarır - 2014-cü ildən nazir postunda çalışan Avakovun qəfil istefa qərarına səbəb nə oldu, bu istefanın arxasında hansı məqamlar gizlənir? Ukrayna siyasi dairələrində hesab edirlər ki, Avakov ölkə siyasətində ən ağır çəkili siyasilərdən biridir - həm əvvəlki prezident, həm də indikinin dövründə.
Ukrayna və Qərb mediasına, ekspertlərin bu yöndə fikirlərinə nəzər saldıqda məsələyə müəyyən aydınlıq gətirmək olur. Bəlli olduğu kimi, Avakov beşinci prezident Petro Poroşenkonun komandasında nazir postunu tutub. Və bu postunu Zelenski gələndə də saxlamağa müvəffəq oldu. Bu da, sözsüz ki, onun necə bir qüvvə olduğuna işarədir. Avakovun Poroşenko ilə ciddi münaqişəsi olmasına baxmayaraq, postunu saxlamışdı. Prezident hakimiyyəti öz əlində cəmləşdirməyə çalışır, Avakov da sonralar etiraf etdiyi kimi, buna qarşı çıxırdı. Poroşenkonun prezidentliyi dövründə Avakovu az qala "vitse-prezident" kimi xarakterizə edirdilər. Dəfələrlə şəxsi ordusu kimi qələmə verilən "Azov" qruplaşmasını saxlamaqda ittiham edirdilər. Total ukraynalaşdırma haqqında yeni qanunlar qüvvəyə minəndən sonra Avakov rus dili ilə bağlı qalmaqallı bəyanatlar səsləndirdi. Bildirirdi ki, bu dili Rusiyaya vermək lazım deyil. Özünü isə rusdilli ukraynalı millətçi adlandırırdı. Avakovun özünü daha çox mafiya başçısı kimi aparması, nazirlik fəaliyyəti boyunca kriminal qruplarla əlaqələri və qanunazidd əməlləri ilə bağlı mediada səsləndirilən ittihamlar səngimək bilməyib. Avakovun adı eyni zamanda insan alverində də hallanmaqdadır. Onun məhz indi istefaya getməsini isə Vladimir Zelenski ilə əlaqələndirirlər. Hər iki tərəf bu münaqişəni gizlətməyə çalışsa da, hər şey göz önündədir. Məsələ ondadır ki, nazir Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Pavel Fuksa qarşı sanksiyaları qəbul etməyib. Prezident ofisi də, Avakov da özlərini elə göstərirdilər ki, sanki aralarında ciddi fikir ayrılığı yoxdur. Avakov Maydan hərəkatından sonra hüquq-mühafizə orqanlarında iş təcrübəsi olmaya-olmaya nazir postunu tutdu. Buna qədər isə o keçmiş prezident Viktor Yanukoviçin dövründə barəsində cinayət işi olduğundan Avropada gizlənib. Nazir işlədiyi dövrdə polis idarəsində qalmaqallı zorlanma faktı ölkəni bir-birinə vurmuşdu.
"Sakit qocalıq” vədi?
Onun istefasına səbəb kimi bir neçə gün əvvəl "Tvitter” hesabında ABŞ-ın Ukraynadakı yeni səfiri Corc Kenlə görüşünü əks etdirən foto paylaşması göstərilir. Və bunu edən ukraynalı məmurlar arasında ilk şəxs kimi qələmə verilir. Əksəriyyət məhz bu amili də istefanın əsas səbəbi sırasında göstərir. Lakin bunlar fərqlidir. Versiyalardan birinə görə, Avakovun Kentlə görüşü Zelenskini özündən çıxarıb. Onun simasında amerikalılarla separat oyun təhlükəsini görüb. Bəzi şayiələrə görə, Zelenski Kentin səfərini həyəcanlı şəkildə qəbul edib və rəhbəri olduğu "Xalqın quluqçusu" fraksiyasından olan deputatların onunla görüşünə qadağa qoyub. Bu səbəbdən də nazirin Kentlə görüşündən sonra Zelenski məsələni sərt şəkildə ortaya qoyub və sonuncu da istefa ərizəsini yazmalı olub. Yəni Zelenski bununla göstərmək istəyib ki, ölkənin əsas fiquru odur, Kent yox.
İkinci versiyaya görə, Avakovdan elə Kent özü istefaya getməyi xahiş edib. Məhz Avakovu islahatları ləngidən nazir və oliqarxların Ukraynada mövqelərinin saxlanmasında əsas fiqur hesab edirlər. Bu səbəbdən də ona "sakit qocalıq” vəd edən Kent öz xahişi ilə ərizə yazmağı təklif edib. Maraqlıdır ki, Avakovun istefası artıq bir sıra, xüsusən də Qərb səfirliklərinə yaxın dairələrdə pozitiv qarşılanıb.
Zelenskinin rəqibi?
Ən əsas versiyalardan biri odur ki, Avakov 2024-cü il prezident seçkilərində Zelenskiyə rəqib ola bilər. Avakov yaxşı başa düşür ki, seçki kampaniyasını indidən başlamaq gərəkdir. İndidən ətrafında nüfuzlu və varlı şəxsləri toplaya bilər. O, artıq müəyyən piar kampaniyasına da başlayıb. Ona yaxın media Avakovun cəmiyyətin böyük hissəsinin dəstəyini qazana biləcəyini iddia edir. Onun gəlirlər bəyannaməsinə nəzər salanda görmək olur ki, hələ də parlament yaxınlığında mehmanxana nömrəsində yaşayır. Yenə də erməni bicliyi - özünü seçicilərin görmək istədiyi formada təqdim etmək istəyir.
Ən maraqlı versiyanı rus mediası səsləndirib. Ölkədə hərbi çevriliş baş verəcəyi, nəticədə hakimiyyətə hərbi xuntanın gələ biləcəyi fikri irəli sürülüb. Avakovun da xuntaya rəhbərlik edəcəyi göstərilib. Çevriliş cəhdinin 2024-cü ilə kimi reallaşa biləcəyi qeyd olunur.
Bir faktı da qeyd edirlər ki, erməni əsilli nazirin yerinə gələcək şəxs, böyük ehtimalla, işinin öhdəsindən gələ bilməyəcək. Çünki milli qvardiya və milli korpus, necə deyərlər, "Avakovun drujinnik”lərinə nəzarət edə bilməyəcək. Avakov onları nəinki az qala əli ilə yedirirdi, həm də böyüdüb. Prezident Vladimir Zelenskinin onun yerinə tapdığı şəxs "Xalqın qulluqçusu” fraksiyasından olan deputat Denis Monastırenkodur. Bu şəxs hazırda parlamentin hüquq-mühafizə komitəsinin rəhbəridir. Erməni əsilli nazirin Türkiyə əleyhinə bəyanatlar səsləndirməsinin, qondarma soyqırımı tanımaq istiqamətində məmura yaraşmayan bəyanatlar verməsinin də istefasına səbəb olduğu istisna edilmir. Dost ölkədə yaşayan soydaşlarımız da dəfələrlə bunu səsləndiriblər. Məsələn, Avakovun ermənilərin qondarma soyqırımını dövlət səviyyəsində tanımağın vacib olduğu barədə açıqlaması yaddan çıxmayıb. DİN rəhbəri səlahiyyətlərindən kənara çıxan siyasi açıqlamalar verib. Özünü yüksək səviyyəli Ukrayna məmuru kimi deyil, bir erməni siyasi xadimi və ya Ukraynanın erməni diasporunun nümayəndəsi kimi apardığını diaspor nümayəndələrimiz də təsdiqləyirlər.
Beləliklə, Avakov vəzifəsindən qovuldu. Qarşıda ölkəni ciddi sınaqlar gözləyir. Nəzərə alaq ki, bu ölkədə güc sahibi həm də oliqarxlardır. Və "pul kimdədir, hakimiyyət də ondadır” prinsipi ilə yanaşsaq, onda Zelenski ilk növbədə onları ya zərərsizləşdirməli, ya da onlarla dil tapmağa çalışmalıdır. Əks təqdirdə, həmin kapital kimlə gəldi, elə erməni nazirlə də birləşə bilər.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər