• cümə, 19 Aprel, 17:37
  • Baku Bakı 25°C

Çatdırdığım yeməkdən təklif edənlər olur

01.05.20 10:00 4021
Çatdırdığım yeməkdən təklif edənlər olur
Kuryer Coşqun Ənvərli: "Kuryerlə kobud rəftar edən, bu peşəni aşağı görən insanlara demək istəyərəm ki...”
Pandemiya dövründə biz evlərimizdə özümüzü izolyasiya etdiyimiz halda, həkimlər, polislər, əsgərlərlə yanaşı, onlar da çöldə sifarişlərimizi çatdırmaq üçün işləyirlər. Bu fədakar işçilər gecəsini gündüzünə qataraq ölkənin virusla mübarizə etdiyi günlərdə sifariş etdiyimiz yeməkləri isti və tez çatdırmaq üçün zamanla yarışır, sözün əsl mənasında qəhrəmanlıq nümayiş etdirirlər. Söhbət pandemiya dövrünün gizli qəhrəmanlarından olan kuryerlərdən gedir. "Gənclərə örnək” rubrikamızda ölkənin məşhur yemək sifarişi xidməti Wolt-un peşəkar kuryeri Coşqun Ənvərli ilə söhbətləşdik.

Coşqunun əsas ixtisası dülgərlikdir. İlk iş yeri isə Gəmiqayırma zavodundan təknəçilik olub. Daha sonra SOCAR-ın binası tikilərkən elektrik mühəndis köməkçisi işləyib. 2014-cü ildən isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində operator işləyir. Wolt şirkətinin ölkəmizdə fəaliyyət göstərdiyi ilk günlərdən orada kuryer kimi fəaliyyət göstərir.

- Coşqun bəy, Wolt-da iş rejiminizdən danışardınız. Günün hər saatında bu şirkətin kuryerlərinə rast gəlmək olur...
- Xüsusi iş rejimi yoxdur. İş qrafiki sərbəstdir və saatla yaxud saatsız olaraq iki hissəyə bölünüb. Hər ikisini özünüz seçirsiniz. Həftənin 5-ci günü müəyyən saatlar verilir. Wolt-da işçilər də reytinqli və ikinci dərəcəli reytinqli olaraq iki hissəyə bölünür. Reytinqli işçilər 5-ci gün saat 4-də həftə ərzində hansı saatlarda işləyə biləcəksə, onu seçir. İkinci dərəcəli nisbətən az reytinqli işçilər isə saat 5-də işləyəcəkləri saatları seçirlər. Mən çalışdığım qədər çox saat işləyirəm. Çox işləməyin səbəbi odur ki, həm işləməkdən zövq alıram, həm də 95 faiz reytinqdə oluram. Çalışıram reytinqdən düşməyim. Reytinqdən düşdüyüm hallarda ya icazəli oluram, ya da hansısa şəxsi işlərim olduğu üçün sifarişə az gedirəm. Bir çox işlərdə işləmişəm. Düşünürəm ki, Wolt-un iş qrafiki ən idealıdır. Şirkətdə sifariş həcminə gəldikdə isə, hazırda minimal sifarişin həcmi 10 AZN, standart çatdırılma qiyməti isə 1.5 AZN təşkil edir. Standart çatdırılmaya 1.5 km radiusunda bütün sifarişlər daxildir, hər növbəti 500 m üçün isə 0.4 AZN əlavə olunur.


- Bütün dünyada tətbiq edilən karantin rejimi sanki unudulan peşələrin vacibliyini yadımıza saldı. Son zamanlar blogger, psixoloq, marketoloq və s. kimi müasir peşələr fonunda kuryer, poçt xidmətləri, usta və bu kimi vacib peşələr unudulur və arxa fona keçir.
- Bu kimi peşələr həqiqətən çox vaxt unudulur. Xidmət sektoru ikinci plana atılır. Hamı hüquqşünas, həkim, müəllim olmaq istəyir. Hamımız ali təhsilli hüquqşünas olsaq, bəs xidmət sektorunda kimlər işləyəcək? Axı bu sahələrə də dırnaqarası yanaşılmamalıdır. Xidmət sektoru da peşəkarları tələb edir və məhz bu sahədə olan peşəkarlar ən az o peşələr qədər gəlir və hörmət qazanır. Xüsusi karantin rejimi dövründə çatdırılma xidmətlərindən istifadə edənlər bu işin nə qədər vacib olduğunu dərk etdilər.

- İnsanlar xüsusilə də müştərilər sizinlə necə rəftar edir? Peşənizə lazımi hörmətlə yanaşmayan və kobud davranan insanlar varsa, onlara nə demək istəyərdiniz?
- İnsanlarla danışıq tərzi, onlarla necə rəftar etmək lazım olduğunu bilirəm. Sən yaxşı rəftar edəndə onlar da sənə minnətdarlıq bildirirlər. Qarşılıqlı hörmət olanda, əgər problemli adam deyilsə, inciklik olmur. Mənimlə kobud rəftar edən çox az adam olub. O da ya hava şəraiti, ya restoran yeməyi gecikdirdiyi səbəbindən. Amma kuryerlə kobud rəftar edən, bu peşəni aşağı görən insanlara demək istəyərəm ki, bu, sadəcə, insanlara xidmətdir. Heç bir şəxs heç kimdən nə artıq, nə də əskik deyil. Hər bir işin öz xidməti, öhdəliyi var. Hamı bir-biri ilə mehriban xoş davransa, qarşılıqlı münasibətlər də yüksək səviyyədə olar.

- İş vaxtı başınıza gələn hansısa maraqlı və gülməli hadisəni bizimlə bölüşərdiniz?
- İlk iş günümü unuda bilmirəm. İlk sifarişdən qayıtdıqdan sonra, ofisə daxil olanda, 7-8 nəfər rəhbərim və iş yoldaşlarım məni alqışladı. Çaşıb qaldım ki, nə baş verir? Çox təəccüblü idi. Onların işçisinə necə dəyər verdiklərini gördüm. Əsl motivasiya idi. Bundan əlavə, mənim üçün həm təəccüblü, həm maraqlı, həm də qürurverici hallardan biri də odur ki, bəzi nazirliklərə, nazir müavinlərinə yemək aparmışam. Bunlar insana xoş təsir edir. İş mühitimiz o qədər gözəldir ki... Məşhurlara yemək aparmaq insana qəribə hiss etdirir.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər