• şənbə, 20 Aprel, 08:17
  • Baku Bakı 14°C

“Atatürk bütün əsgərlərinə bu kitabın oxunmasını əmr edib” - Kitab rəfi

01.02.20 13:17 7024
“Atatürk bütün əsgərlərinə bu kitabın oxunmasını əmr edib” - Kitab rəfi
Kitab insanın özünü inkişaf etdirməkdə əvəzsiz rola malikdir. Ancaq müasir dövrdə vaxt az olduğu üçün insanlar daha faydalılarını seçib oxumağa üstünlük verirlər. Ona görə, bu cəhətdən başqalarının məsləhətlərini diqqətə alırlar. Bu dəfə IBM şirkətində çalışan azərbaycanlı xanım Sevinc Ömərlinin məsləhət gördüyü 3 kitabı təqdim edirik.
Onun ilk məsləhəti Stiven Uilyam Hokinqin "Zamanın qısa tarixi” kitabı oldu: "Elmi-kütləvi əsərlər sırasında seçilən və bestsellerə çevrilən bu kitab sevdiyim kitabların ən başında gəlir. Bu əsəri sevərək oxuyacaqsınız. Çünki ən önəmli səbəbi burada mürəkkəb riyazi-fiziki hesablamalardan istifadə edilməməsi və kainatin, zamanın ən bəsit dillə oxucu kütləsinə çatdırılmasıdır. Bu əsər Aristoteldən tutmuş günümüzə qədər kainat haqqında bütün çalışmaları ələ almış bir kitabdır. İnsanın baxış bucağını dəyişdirir və kainatı dərk etməyimizə yardımçı olur”.
S.Ömərli deyir ki, Qriqori Petrovun "Bəyaz zanbaqlar ölkəsində” kitabı hər kəsin oxuması vacib olan kitabların ən başında gəlməlidir: "Əsər, yazarın Finlandiyaya səyahətləri zamanı yazdığı notlardan ibarətdir. 1800-cü illərin sonlarında ölkənin bataqlıqdan necə zanbaqlar ölkəsinə çevrildiyini anladır. Baş qəhrəman Snellman müəllimlər, əsgərlər, mühəndislər, həkimlər, din xadimləri demədən, hər kəsi çiyin-çiyinə həmrəy olmağa səsləyir və Finlandiyanın xilasının əsas yolunun təhsil olduğunu vurğulayır. Kitab hətta Atatürk tərəfindən məktəblərin tədris planına salınıb. Bildiyimə görə, Atatürk bütün əsgərlərinə bu kitabı oxumağı əmr edib. Əsərdə mənim beynimə həkk olunan "Təhsil alan insanların hər biri milli düşüncəni inkişaf etdirməyə, milli ruhu oyatmağa və milli iradəni gücləndirməyə məcburdurlar" cümləsidir”.
Corc Oruellin "1984” kitabı onun üçüncü seçimi oldu: "Həyatımızın hər dönəmində oxuya biləcəyiniz kitabların içərisində xüsusi yerə sahibdir. Diktatorların, iqtidar sahiblərinin öz mənafeləri üçün nələri etdiyini izah edən möhtəşəm bir kitabdır. Əsərdə göstərilənlər utopik bir dünyadan nümunələr olsa da, insan oxuduqca, mövcud durumları göz önünə gətirir və müqayisələr aparır. Bu kitabı oxuduqdan sonra şəxsən izlədiyim hər filmdə, oxuduğum hər xəbərdə, qarşılaşdığım hər reklamda mənə hansı fikirlərin üstüörtülü şəkildə çatdırılmaq istədiyini araşdırmağa başladım. Sizdə də elə olacaq, buna əminəm”.
Aygün
banner

Oxşar Xəbərlər