• cümə axşamı, 28 mart, 14:30
  • Baku Bakı 16°C

Atasının vəsiyyətinə əməl etdi, şöhrət tapdı

07.08.19 09:30 20227
Atasının vəsiyyətinə əməl etdi, şöhrət tapdı
Türkiyənin Azərbaycandakı Mədəniyyət və Tanıtım müşavirliyinin dəstəyi ilə Bayburtda iştirak etdiyimiz 25-ci Beynəlxalq "Dədə Qorqud” festivalında tarixçilər, alimlər, "Dədə Qorqud” dastanın araşdırmaçıları da iştirak edirdi. Festivalda "Dədə Qorqud” dastanının üçüncü əlyazmasının sahibi, kitab kolleksiyaçısı kimi tanınan Türkmən Vəli Məhəmmədlə söhbət etmək imkanımız oldu. Onu dünyaya tanıdan, dastanın üçüncü əlyazması olub. Türkmən Vəli Məhəmmədlə bu barədə danışdıq. O, hər şeyin bir təsadüf nəticəsində baş verdiyini, əslində, özünün belə bir əlyazma tapdığına hələ də inanmadığını dedi.
Söhbət əsnasında, yeni tapılmış nüsxəninAzərbaycanın güney hissəsində yazıldığı ehtimal olunduğunu da vurğulayan müsahibimiz, Əlişir Nəvai, Əhməd Yəsəvi və Məhəmməd Füzuliyə aid əlyazmaların əslinin məhz onun kitabxanasında mövcud olduğunu da bildirdi.

- Vəli bəy, 25-ci "Dədə Qorqud” festivalında sizi xoş gördük. "Dədə Qorqud” dastanının üçüncü əlyazmasının sahibi kimi tarixə düşdünüz. Hansı hissləri keçirirsiniz?
- Dədə Qorqud bütün türk dünyasının ortaq dəyəridir. Sizləri belə bir festivalda görməkdən məmnunluq hissi duyuram. Məni isə bu festivala gətirən "Dədə Qorqud” dastanının üçüncü əlyazmasını tapmağım oldu. Bunun üçün çox sevincliyəm. Həm əlyazmanı tapdığıma, həm də sizlərlə birlikdə olduğuma görə. Fürsətdən istifadə edib, Azərbaycana buradan qucaq dolusu salam göndərirəm.

- Nə zamansa ağlınıza gələrdi ki, kitab kolleksiyaçısı olaraq "Dədə Qorqud” dastanının üçüncü əlyazmasını tapıb, türk dünyasına təqdim edəcəksiniz?
- Heç zaman. Düzdür, "Dədə Qorqud”a böyük sevgim vardı, amma bir gün belə bir nüsxə tapacağımı ağlımın ucundan da keçirməzdim. Mən İranda tanınmış fabriklərin birində mühəndis olaraq çalışırdım. Atam alim idi. O, mənə artıq qocaldığını və türk dünyası ilə bağlı araşdırmalar etdiyini və kitab topladığını dedi. Bildirdi ki, heç zaman başladığı işi yarımçıq qoymayıb. Onun topladığı qədim kitabların davamını mənim toplamağımı, özüm üçün böyük bir arxiv yaratmağımı istədi. Və dedi ki, elə bir arxiv yarat ki, insanlar sənin qədim kitablardan ibarət topladığın arxivdən bəhrələnə bilsin. Atamın arzusunu yerinə yetirmək qərarına gəldim. Atam deyirdi ki, türklər öz tarixlərindən bəhs edən kitabların hamısına sahib olmayıblar. Sən çalış, qədim əlyazmalarla hazırlanan köhnə kitabları tap, onları qaydaya sal, nüsxələ və kitabxana yarat. Mən də 132 qədim kitab tapdım. Onların arasında basma kitablar da var. Çevrəmdəki insanlara səs saldım ki, türk ədəbiyyatı, tarixi ilə bağlı qədim və önəmli nə kitab və ya əlyazma olsa, onu məmnuniyyətlə alaram. Hansı qiymətə verirlərsə versinlər, əgər o kitabda türkdilli millətlərdən bəhs edilirdisə, həmin kitabı alacağımı dedim. Artıq öz kitabxanamı yaratmışdım. Orada köhnə kitabları yerləşdirir və onları alimlərə göstərirdim. Ancaq kitabları hədiyyə vermirdim, kimsə hər hansı kitabı çox istəyəndə, surətini çıxarıb hədiyyə edirdim.

- Bəs necə oldu ki, ədəbiyyatdan, elmdən heç bir anlayışı olmayan bir mühəndis, özü də bilmədən "Dədə Qorqud” dastanının üçüncü nüsxəsini tapdı?
- Atamın nəsihətindən sonra türk və türkmən dilində olan kitablar toplamağa başladım. Onları çoxaldıb tədqiqatçılara göndərir və fikirlərini öyrənməyə çalışırdım. Ravi adlı bukinist dostum mənə Tehranda yaxşı kitabların olduğunu və onların mənim marağımı çəkəcəyini dedi. Mənim də maşınım yox idi və bilmədim gedim, yoxsa yox. Çox düşündüm və avtobusa oturub, Tehrana getdim. Bu kitabı əldə etmək üçün 500 kilometr yol qət etməli oldum. Yaxşı xatırlayıram, 2018-ci ilin dekabr ayı idi...
Ravi türkcə bilmirdi və ona görə, bu kitabdan heç nə anlamamışdı. Ətrafımdakı tarixdən anlayışı olan insanlardan soruşduqda isə dedilər ki, bu kitabın heç bir dəyəri yoxdur. Hətta "Bu kitabda "Dədə Qorqud”u tərifləyib bir dastan yazıblar”- deyənlər də oldu. Mən ona dedim ki, belə kitabları toplayıram. Gördüm ki, bu kitab basma kitabdır. Dedilər yox, bu basma deyil, çapdan çıxıb. Sonra kitabı əlimə aldım. Tehranda köhnə əlyazmalarla məşğul olan bir mütəxəssisə göstərdim. O dedi ki, bu, həqiqətən basmadır. Və o kitabı satan adamdan 3 nüsxəsini 2 dollara satın aldım.
- 2 dollar çox ucuz deyil?
- Satıcı onu 10 dollara satırdı və mən onu endirib bu qiymətə aldım. Günbətdə əsəri bir neçə şəxsə göstərdim, kompüterdə elektron nüsxəsini yaradıb Tehrandakı alimlərə bir neçə səhifə göndərdim. Ancaq onlar da nə olduğunu başa düşmədilər. Kitabı bir tarixçinin yanına apardım. O dedi ki, bu, pis kitabdır, ona pul verməyinə belə dəyməz. Kitabı oxuyan bəzi alimlər Dədə Qorqudun bütün abır-həyasının bu kitabda əldən getdiyini dedilər. Bəziləri isə bu kitabda Dədə Qorqudu lağ obyektinə çevirdiklərini deyərək, onu atmağımı məsləhət gördülər. Onların fikirlərinə əhəmiyyət vermədim və kitabın surətini çıxardım. Türkiyədə tanınmış dostum Şahruz Akatabay tarixi çox sevirdi və düşündüm ki, bəlkə o, bu kitabdan bir şey anlaya. Kitabı ona göndərdim. 3 gündən sonra mənə dedi ki, sən bir xəzinə tapıbsan. Əvvəlcə nə olduğunu anlamadım, sadəcə, kolleksiyama türk dilində yeni əlyazma daxil olduğunu sandım. Ancaq mən hardan biləydim ki, 2 dollara aldığım kitab məni bütün türk dünyasında məşhur edəcək.

- Siz hardan bildiniz ki, bu kitab məhz "Dədə Qorqud” dastanının üçüncü nüsxəsidir?
- Tədqiqatçıların söylədiklərinə görə, 200-300 yaşı var. Şahruz Akatabay mənə bu kitabın "Dədə Qorqud” la bağlı olduğunu və mühafizə edilməsinin vacibliyini söylədi.
Əslində mənim də kitab barədə heç bir anlayışım yox idi. Əlyazmanın nə olduğunu ilk anlayan şəxs Türkiyədə yaşayan araşdırmacı Şahruz Ağ Atabəyin özü idi. Mən kitabı tapdım, bəli. Amma həqiqəti tapan adam Şahruz Ağ Atabəydir. Çünki biz ondan qabaq kitabın dəyərsiz olduğu nəticəsinə gəlmişdik. Şahruz bunu tanıtdı və yüksəltdi.
O, kitabın əslini istədi. O sahə üzrə mütəxəssis Səməd bəyin yanına aparıb, o da dostuma deyib ki, bu kitab çox dəyərli kitabdır. Mənə dedi ki, bu kitabı göz bəbəyin kimi qoru, çünki bu kitab səni dünyada məşhur edəcək. Doğrudan da, 2 dollara aldığım kitab məni bütün türk dünyasına tanıtdı. "Dədə Qorqud” dastanının üçüncü əlyazması kimi məşhurlaşan kitab haqqında çox söz-söhbətlər gəzdi. Kitabı mənə satanlar dedilər ki, onu biz tapmışıq, halbuki deyirdilər ki, çox dəyərsiz kitabdır. 9 aydan sonra bizi Ankaraya dəvət etdilər, daha sonra Təbrizə getdik. Kitabla bağlı tədbirlər keçirildi, layihələr başlandı. Birdən birə özümü bu sferanın içərisində tapdım. İndi isə Bayburtdayam və insanların Dədə Qorquda olan sevgisinə heyranam. Bu kitab məni daha da qiymətləndirdi və insanlar tərəfindən hədiyyələrə tuş gəldim. Əgər kitabı oxuyan son dostum deməsəydi ki, bu kitab həqiqətən dəyərlidir, mən onu atacaqdım. Çünki hər kəs mənə deyirdi ki, bu kitabda Dədə Qorqudu ələ salıblar. Kitab satan dedi ki, mən 50-60 tarixçiyə müraciət etsəm də, bunu məndən heç kim almadı. Əgər sən bu kitabı məndən alıbsansa, təşəkkür edirəm sənə. 2 dollara aldığım kitaba görə, mənə Türkiyədə minlərcə dollar təklif etdilər. Bu kitaba belə hörmət bəslədiniz və dünyaya təqdim etdiniz. Mən buna görə məhz mediaya təşəkkür edirəm.

- Türk dünyasına mesajınız nədir?
- Dədə Qorqud ortaq tariximizin və ədəbiyyatımızın məhsuludur. Gələcəkdə qurulacaq birliyimizə də vəsilə ola bilər. Kitabı almaq üçün bir neçə nəfər yüksək məbləğ təklif etdi, amma heç birinə satmayacağam. İki əlyazma Avropadadır, heç olmasa biri türk torpaqlarında qalsın. Tapdığım kitabları alimlərlə, tədqiqatçılarla paylaşıram. Qazaxıstanın Tehrandakı səfiri hörmət göstərib ziyarətimə gəldi. Nüsxəni yaxından araşdırdılar. Türkmən səhra xalqı, Azərbaycan türkləri və xüsusilə də, Türkiyədəki qardaşlarımız əlyazmanın tapılmasını böyük sevinclə qarşıladılar.
Qədim nüsxələri tapıb ortaya çıxarmağı mənə nəsihət edən atamdır. Atama təşəkkür edirəm. Məni məşhurlaşdıran isə onun vəsiyyəti oldu.

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər