Atası tərəfindən həbs olunması üçün polisə aparılan əməkdar artist - Keçmişdəki mən
Sadə, istedadlı, təvazökardır... Həyatının ən müqəddəs,
gözəl dövrünün uşaqlıq illəri olduğunu hesab edir. Çətinliklərdən qorxmur. "Bir
qapı bağlanırsa, digəri mütləq açılır” prinsipi ilə hərəkət edir.
Müsahibimiz əməkdar artist, Azərbaycan Dövlət
Musiqili Teatrının aktyoru Əzizağa Əzizovdur.
"Bəzən həyat
bizi başqa istiqamətə aparır”
Hacıqabulda 7 uşaqlı ailədə dünyaya gəlib. Anası
evdar qadın, atası maşinistdir. Deyir ki, dənizçi olmaq istəsə də, ailəsinin təkidi
ilə incəsənət sahəsinə gəlib: "Orta məktəbdə oxuyanda dənizçi olmaq istəyirdim,
çünki dənizi çox sevirdim. Məqsədim Odessa Hərbi Dənizçilik Məktəbində təhsil
almaq idi. Tale, qismət... Bəzən həyat bizi başqa istiqamətə aparır. Mənimlə də
elə oldu. 1978-ci ildə orta məktəbi bitirib, böyük bacım və böyük qardaşımın təkidi
ilə Mədəniyyət və İncəsənət Universitetinin Musiqili komediya aktyoru fakültəsinə
daxil oldum. Həmişə deyirəm ki, bu sənətə gəlməyimə peşmanam. Neçə dəfə bu sənətdən
uzaqlaşmaq istədim, amma gec idi... Övladlarıma əvvəldən demişdim ki, hansı sənəti
seçirsinizsə seçin, amma incəsənəti seçməyin. 45 yaşıma kimi evim olmayıb. Uzun
illər yataqxanada qalmışam, çox çətinlik görmüşəm. Ona görə istəmirəm ki, mənim
çəkdiyim əziyyətləri övladlarım çəksin”.
"Dənizçi
olmaq istəyirəm”
Ailəsinin təkidi ilə həyatı dəyişəm həmsöhbətimiz
deyir ki, sənətlə bağlı heç vaxt öz övladlarına təzyiq göstərməyib: "Bir qızım,
bir oğlum var. Uşaq vaxtı mənə təzyiq olunduğu üçün uşaqlarımın sənət seçiminə
mane olmadım. Qızım uşaqlıqdan həkim olmaq istəyirdi. Düzdür, aktrisalığa da həvəs
göstərirdi. Amma bu, hobbi idi. Biz də dəstək olduq və arzusuna çatdı. Oğlum isə
pilot olmaq istəyirdi. 59 yaşım var hələ də bacımı qardaşımı günahkar tuturam
ki, dənizçi olmamışam. Seçdikləri sənətin arxasında dayanmışam. Düzdür,
uğurlarım çox olub, amma hələ də dənizçi olmaq istəyirəm”.
"Atam məni həbs
etdirirdi”
Uşaqlıq illərindən danışan həmsöhbətimiz deyir ki,
təkliyi sakitliyi çox sevir: "Dərsdən gələn kimi çörək yeyib, qoyunları
otarardım. Elə dərslərimi də orada oxuyurdum. Əlaçı idim. Nadinc uşaq deyildim.
Amma çox pis alışqanlığım var idi, 7-ci sinifdən siqaret çəkirdim. Buna görə
atam tərəfindən dəfələrlə döyülmüşəm. Hələ də o ağrı yadımdan çıxmır”.
Danışarkən kövrəlir. Bu an atasının onu həbs etdirməsi
yadına düşür və gülərək həmin hekayəni danışır: "Atam çox ciddi idi. Yadımdadır
bir dəfə 10-cu sinifdə oxuyanda qohum uşaqları ilə razılaşdıq ki, gedək kinoya
baxaq. Atamdan icazə aldım və getdik. Biz dəmir yolunun yaxınlığında olurduq.
Vaqonlarda yüklər gətirildiyi üçün orada tez-tez oğurluqlar olardı. Bir dəfə keçəndə
gördük ki, taxtalar var. Uşaqlar dedi ki, gəlin bu taxtadan oğurlayaq,
sataq. O vaxt 30 qəpiyə satıb, sabahkı
kinonun pulunu düzəltmək istədik. Mən taxtanı götürüb, qan-tər içində çiynimdə
gətirirdim. Gördüm ki, atamgil həyətdə oturub, samovar çayı içirlər. Atam məni
görüb ayağa qalxdı. Dedi ki, ay bala, bu nədir? Dedim ata, taxtadır gətirdim
ki, həyətdə işlədərik. Atam həyətdə oturmuşdu. Dedi ki, bir dəqiqə
dayan, mən sənə yer göstərəcəm, taxtanı aparaq. Mənə dedi ki, arxamca gəl və məni dəmiryol polisinə gətirdi. Hamı atamı
tanıyırdı. Nizam-intizamı, qanunları sevən insan idi. Polislərə dedi ki, sizə
oğru gətirmişəm. Taxta oğurladığı üçün bunu həbs edin. Mənə göstəriş verdilər
ki, at taxtanı yerə, get, bir də belə etmə. Atam əsəbiləşdi ki, əgər siz
qanunsuzluq edib oğluma 15 gün həbs verməsəniz, sizdən şikayət edəcəm. Məni
orda qoyub getdi. Məni otağa saldılar. Sonra polis mənə başa saldı ki, gecəni
qohumlarıngildə qal, atan sakitləşsin. Bir də belə etmə. Ata olduğum üçün atamı
indi çox yaxşı başa düşürəm. Əgər o məni cəzalandırmasa idi, indi həbsxanalarda
çürüyüb getmişdim, həyatım məhv olmuşdu”.
Universitet illərində Bakıda kirayə qalıb. Deyir
kasıb ailə olsalar da, ailəsi yataqxanada yaşamasına icazə verməyib: "Yemək
bişirmək əlimdən gəlmir. Amma yaxşı paltar ütüləyə bilirəm. Sosiska, kolbasa ilə
idarə edirdim. Dərsdən çıxanda yeməkxanada yeyirdik. Ürəyim yemək istəyəndə isə
ərzaq alırdıq, ev yiyəsi bişirirdi”.
Qoçu əsgər səngərdə...
Dövlət Musiqili Teatrının səhnəsində müxtəlif illərdə
və fərqli quruluşlarda səhnəyə qoyulan "O olmasın, bu olsun” komediyasında Qoçu
Əsgər obrazının dəyişilməz ifaçısı təkcə səhnədə deyil, həyatda da əlinə silah
alıb, Qarabağ uğrunda döyüşlərdə könüllü kimi iştirak edib. Lakin bu barədə çox danışmaq istəmir: "Həmin il ermənilər
Xocalı soyqırımını törədəndən sonra, könüllü şəkildə orduya getdim. Mən bu barədə danışanda kövrəlirəm. Sənət müəllimim, böyük sənətkarımız
Yaşar Nuri həmişə deyirdi ki, nəticəsi olmayan iş barədə çox danışmağa dəyməz.
Əgər uğrunda vuruşduğum torpaqlar hələ də işğal altındadırsa, o rayonlarda
doğulan insanlar doğma ev-eşiklərinə qayıda bilmirlərsə, mən nə danışım, özümü
necə qəhrəman kimi təqdim edim? Ali Baş Komandanımızın əmri ilə igid əsgər və
zabitlərimiz inşallah Qarabağı azad edər, ondan sonra rahat deyərəm ki, bir
vaxtlar mən də döyüşdə nəsə etmişəm. Mən necə deyim ki, döyüşmüşəm. Axı
torpaqlarımızın 20 faizi işğal altındadır... Bu, hamımızın vətəndaşlıq
borcudur. Yəni belə məsələləri qəhrəmanlıq kimi təqdim etməyin əleyhinəyəm. Əvvəl
vəziyyət çətin idi. İndi ordumuz, texnikamız çox güclüdür. Gənclərimizdə ruh yüksəkliyinin olmağı, vətənpərvərliyin
təbliğatı vacibdir. Şükür ki, dövlətimiz bununla bağlı yetərli təbliğat işləri
görür”.
"Şəkillərimi
yandırdım”
Müsahibimiz döyüşə gedərkən şəkillərini yandırıb:
"Mən könüllü müharibəyə gedəndə anam razı deyildi. Mənə dedi ki, bilirəm ki,
qayıtmayacaqsan. Onu sözü mənə təsir etdi və o vaxt bütün şəkillərimi
yandırdım. Düşündüm ki, əgər ölsəm, anam şəkillərə baxıb pis olmasın. Bilirdim
ki, mənə nəsə olsa, şəkillərə baxıb gecə-gündüz ağlayacaq. Ona görə bütün şəkillərimi
məhv etmişəm. Sonradan bir-iki şəkillərim qrup yoldaşlarımda qalmışdı və mənə
göndərdilər”.
"Yaşlı nəsil
gəncləri incidir”
Sonda gənclərə məsləhət verən müsahibimiz vurğuladı
ki, insan yaşlandıqca kövrəlir və gəncliyinin qədrini yalnız o zaman anlayır.
Buna görə, gənclər hər anı yaşamalı və zamanın qədrini bilməlidirlər: "Gənclik
insanın ən gözəl dövrüdür. Gənclər bunun qədrini bilib yaşasınlar. Gəncliklərindən
istifadə etsinlər. Dəyərli işlər görsünlər və qarşılarına məqsəd qoysunlar.
Bir-birilərini, valideynlərini və ən əsası, vətəni sevsinlər. Mən Azərbaycan gəncliyini
çox sevirəm. Onlardan narazılığım da yoxdur. Yaşlı nəsil gəncləri çox incidir.
Cavan uşaq yol vermirsə, onu qınamaq düzgün deyil. Bəlkə sənin də uşağın kiməsə
yer vermir? Dövr dəyişdiyi üçün gəncləri qınamaq olmaz.
Aygün ƏZİZ