• cümə, 29 Mart, 00:55
  • Baku Bakı 7°C

Atanın ödəmədiyi pulu dövlət ödəyəcək?

18.07.19 11:00 26460
Atanın ödəmədiyi pulu dövlət ödəyəcək?
"2014-cü ildə boşandıq, cəmi 5 ay aliment ala bildim. Sonra hər nə səbəbdənsə keçmiş həyat yoldaşımı həbs edib, 7 il azadlıqdan məhrum etdilər. 5 ildir ki, aliment almıram, 2 uşaqla kirayədə qalıram. Aldığım maaş isə kirayə pulunu, uşaqların xərclərini ödəməyə kifayət etmir. Açığı, bu problemin həlli üçün nə edəcəyimi bilmirəm. Kimə müraciət etdimsə, bildirdi ki, keçmiş həyat yoldaşım həbsdə olduğu müddətdə aliment almağım mümkünsüzdür. Yalnız o, azadlığa çıxıb işlədikdən sonra aliment verə bilər”.
Bu fikirləri bizimlə söhbətində bir müddətdir ərindən boşanan Aynurə bölüşdü. Aynurə sadəcə aysberqin görünən tərəfidir. Günümüzdə onun kimi aliment problemi yaşayan xanımlar çoxdur və təəssüflər olsun ki, onların böyük əksəriyyəti problemin həllinə nail ola bilmir. Bu problemin öz həllini tapması üçün dövlət səviyyəsində də müəyyən işlər görülür. Belə ki, ölkəmizdə aliment fondunun yaradılması ilə bağlı danışıqlar gedir. Bu barədə APA-ya ombusdsman Elmira Süleymanova bildirib. O, Aliment Fondunun yaradılması haqqında Milli Məclisə müraciət etdiyini deyib. Onun sözlərinə görə, Aliment Fondunun yaradılması zəruridir: "Çünki ölkədə boşanmaların sayı kritik həddədir. Aliment Fondu Dövlət Sosial Müdafiə Fondu kimi bir fond olacaq. Boşanan insanlar məhkəmə qərarından sonra bu fonda müraciət edərək aliment pulunu ala biləcəklər. Sonra isə dövlət həmin borcludan məcburi qaydada müəyyən bir prosedurla bu vəsaiti alacaq. Ümid edirik ki, Aliment Fondunun yaradılması öz müsbət həllini tapacaq”.
Bəs görəsən bu fondun yaradılması nə dərəcədə realdır?
Hüquqşünas Sahib Məmmədov Aliment Fondunun yaradılmasını məqsədəuyğun hesab edir: "Əslində, bu məsələ çoxdan gündəmdədir və özü də aktualdır. Dünyada da bu cür fondlar fəaliyyət göstərir. Hər kəsə bəlli məsələdir ki, bir çox hallarda boşanmalardan sonra valideynlər, xüsusilə də atalar üzərlərinə düşəni yerinə yetirmirlər. Bu isə nəticə etibarı ilə tərəflər arasında problemlərin yaranmasına gətirib çıxardır. Məsələn, Ədliyyə Nazirliyinin məhkəmə qərarlarının icrası baş idarəsində bəlkə də 10 minlərlə belə mübahisəli iş var. Hansı ki icraçılar bunu həll etməkdə acizdirlər. Çünki aliment verməli olan şəxslərin bəzisi ya ölkəni tərk edib, ya da heç bir yerdə işləmir. Nəticə etibarı ilə qarşı tərəf ona kəsilən alimenti ala bilmir. Ona görə də belə bir fondun yaradılması məqsədəuyğun sayılır. Yəni, aliment ala bilməyənlərə dövlət hansısa bir yolla kömək edir. Amma sonra imkan düşən kimi reqres qaydada alimenti verməli olan şəxsin gəlirləri fonda yönəldilir”.
S. Məmmədov qeyd edir ki, dövlətin alimentin alınması ilə bağlı icra prosesində itirdiyi vəsaitlər fonda çəkilən xərcdən dəfələrlə çoxdur. Ona görə də dövlət birdəfəlik belə bir fond yaradıb ilkin vəsaiti qoysa, sonradan da onu geri alsa problemdə fundamental dəyişikliklər əldə olunar. Müsahibimiz bir məsələyə də aydınlıq gətirdi. Qeyd edir ki, hazırda qanunvericiliyə müvafiq olaraq alimenti verməyəni yox, məhkəmə qərarını icra etməyən şəxsi həbs edirlər: "Biri var bu adamın həqiqətən ödəmə qabiliyyəti, işi yoxdur deyə pul vermir. Biri də var məqsədli şəkildə məhkəmə qərarını icra etmir. Buna görə o, həbs edilir. Yəni, tək bu məsələdə deyil, istənilən mövzuda məhkəmə qərarını icra etməyən şəxs cinayət məsuliyyətinə cəlb olunur”.
Qadın və gənc ailələrin sosial inkişafı İctimai Birliyinin sədri, Milli QHT Forumunun Gender Mərkəzinin rəhbəri Tünzalə Cavadova mövzu ilə bağlı təşkilatlarına çoxsaylı müraciətlər olduğunu qeyd etdi: "Son vaxtlar boşanmaların sayı sürətlə artmaqdadır. Ailə münasibətlərinin sonlandırılması zamanı problem ən çox aliment məsələsində yaşanır. Aliment ala bilməyən qadınlar bir çox hallarda övladlarının bütün, xüsusilə də təhsil və sağlamlıqla bağlı ehtiyaclarını ödəyə bilmir. Belə olan halda zərər görən tərəf uşaq olur. Qadının daimi yaşayış, iş yeri yoxdursa, bu zaman vəziyyət daha da çətinləşir. Yəni, düşünün qadın 3 uşaqla boşanır və onun qalmağa, işləməyə yeri yoxdur. Hələ üstəlik qarşı tərəf də aliment vermir. Bəs bu ana övladlarını necə dolandırmalıdır? Bu mövzu ilə bağlı bizim təşkilata da çox saylı müraciətlər olur. Həmin qadınların və uşaqların hüquqlarının müdafiə olunmasında, aliment məsələsinin həllində bacardığımız qədər kömək edirik. Lazım gəldikdə qadınların məşğulluq problemlərini həll etmək üçün bəzi aidiyyatı orqanlarla danışıqlar aparırıq”.
Birlik sədri düşünür ki, ölkəmizdə aliment fondunun yaradılması bu mövzu ilə bağlı problemin həllinə kömək edəcək: "Aliment Fondu məsələsi isə dövlətin nəzarətində gündəmdə olan, təxirəsalınmaz məsələdir. Çünki bu gün boşanan qadınların ən çox üzləşdiyi problem alimentlə bağlıdır. Elə atalar var ki, övladına aliment ödəməkdən imtina edir. Ya başqa ölkədə olur, ya da pulu olmadığını bildirir. Maddi təminatın olmamağı uşaqların hərtərəfli inkişafına mane olur. Ona görə düşünürəm ki, ölkəmizdə Aliment Fondunun yaradılması bu mövzu ilə bağlı problemin həllinə kömək edəcək. Digər tərəfdən, Avropa təcrübəsinə nəzər salsaq, Niderlandda Alimentlər üzrə Federal Büro, Polşada Aliment Fondu, Fransa Dövlət Aliment Fondu kimi qurumlar fəaliyyət göstərir. Yəni, valideyn alimenti ödəməkdən yayındığı təqdirdə onun əvəzinə dövlət ödəyir. Amma bu borclunu aliment üzrə öhdəlikdən azad etmir. Onun əvəzinə ödəniş edilsə də, zamanla həmin vəsait ondan tələb edilərək fonda qaytarılır”.
Günel
banner

Oxşar Xəbərlər