• cümə, 19 Aprel, 12:00
  • Baku Bakı 25°C

“AtaHolding” Avropa çempionatının baş sponsorudur

21.04.14 12:53 1214
“AtaHolding” Avropa çempionatının baş sponsorudur
2014-cü il iyunun 13-15-də Bakıda Milli Gimnastika Arenasında keçiriləcək bədii gimnastika üzrə 30-cu Avropa çempionatının baş sponsoru “AtaHolding” ASC-dir. Bu barədə “Kaspi”yə “AtaHolding” ASC İdarə Heyətinin sədr müavini Rəşad Rəsullu bildirib. O, baş sponsorluqdan yalnız qürur duyduqlarını dilə gətirərək, təmsil etdiyi şirkəti belə bir mötəbər tədbirdə özünə əsas tərəfdaşlardan biri kimi görən Azərbaycan Gimnastika Federasiyasına və şəxsən federasiya prezidenti, Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevaya təşəkkürünü çatdırıb: “Azərbaycanda hər sahədə olduğu kimi idman sahəsində də intibah dövrünü yaşayır. Dövlət səviyyəsində ölkə idmanına göstərilən diqqət və qayğı idmançılarımızın beynəlxalq arenalarda uğurlu çıxışına gözəl zəmin yaradıb. Artıq hər Olimpiya Oyunlarında, dünya və Avropa çempionatında Azərbaycan atletləri adlarından söz etdirməyi bacarır, üçrəngli bayrağımızı göylərə qaldırır, himnimizi səsləndirirlər. Təsadüfü deyil ki, aparıcı idman ölkələri Azərbaycana rəqib olduqda belə məyusluqlarını gizlətmirlər. Ölkəmiz bununla yanaşı, beynəlxalq yarışlara da uğurla ev sahibliyi edirlər. Məhz bunun sayəsində beynəlxalq federasiyalar Azərbaycana hər hansı yarışı həvalə edərkən gözəl sonluqla başa çatacağını əvvəlcədən çəkinmədən deyirlər. İyunda ölkəmizdə baş tutacaq bədii gimnastika üzrə 30-cu Avropa çempionatı da buna əyani sübutdur. Çünki bundan öncə 2 dəfə analoji turnirə ev sahibliyi edən Azərbaycan bu inam sayəsində növbəti dəfə qitənin ən güclü gimnastlarını Bakıya toplayacaq. Biz isə “AtaHolding” ASC olaraq, çempionatın baş sponsoru olmaqdan yalnız fəxr duya bilərik. İnanırıq ki, Azərbaycan idman sevərləri çempionatda gərgin və maraqlı mübarizənin şahidi olacaqlar”.
R.Rəsullunun sözlərinə görə, hər bir idman növündə olduğu kimi gimnastikada da Azərbaycan tək Avropanın deyil, bütün dünyanın favoritləri sırasındadır: “Təbii ki, bu da səbəbsiz deyil. 2002-ci ildə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasına rəhbər seçildikdən sonra bu idman növündə xüsusi canlanma yarandı. Ölkəmiz bədii gimnastika üzrə dünya və Avropa çempionatlarını, Dünya Kubokunu qəbul etməyə başladı. “AtaHolding” ASC-nin baş sponsorluğu ilə keçiriləcək 30-cu Avropa çempionatı da gimnastika dünyasının diqqətini Bakıya yönəldəcək. Özü də 33 ölkənin iştirakı ilə baş tutacaq yarış memarlığına görə təkrarsız olan yeni Milli Gimnastika Arenasında təşkil ediləcək. İnanırıq ki, əvvəllər Bakıda keçirilən yarışlarda xalqımızı medallarla sevindirən gimnastlarımız yenə öz bacarıqlarını nümayiş etdirərək, komandamıza mükafatlar qazandıracaqlar. Hər idmançımıza uğurlar arzulayır, azarkeşlərimizi zalda onlara dəstək olmağa çağırırıq. “AtaHolding” ASC daima idmançılarımız və azarkeşlərimizlə birgədir!”
Qeyd edək ki, “AtaHolding” ASC yarandığı gündən etibarən ölkə idmanının inkişafına öz töhvəsini verməyə çalışır. “AtaHolding” ASC 2007-ci ildən Beynəlxalq Otüstü Hokkey Federasiyasının və 2008-ci ildə Beynəlxalq Güləş Federasiyasının baş sponsorudur. “AtaHolding” ASC “AtaSport” klubuna da himayəçilik edir. Bu klubda otüstü hokkey, yunan-Roma güləşi, sərbəst güləş və qadın güləşi üzrə bölmələr var. Klubun peşəkar idmançıları Olimpiya oyunlarında, Dünya və Avropa üzrə yarışlarda, nüfuzlu beynəlxalq turnirlərdə dəfələrlə qalib gəliblər və mükafatçılar sırasına düşüblər.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər