AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

AŞPA-nın hesabatı dəyişdirilirmi?

AŞPA-nın hesabatı dəyişdirilirmi?

Siyasət
27 Dekabr 2012, 10:20 1886
Dekabrın 20-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin (MK) həmməruzəçiləri Pedro Agramunt və Joseph Debono Grech “Azərbaycanın öhdəliklərinə əməl etməsi” adlı hesabatı açıqlayıb. Yanvarın 23-də AŞPA-nın qış sessiyasında müzakirəyə çıxarılacaq hesabatda bildirilib ki, Avropa Şurasına üzv olandan bəri Azərbaycan demokratik institutların işi üçün bəzi həlledici sahələrdə qanunvericilik bazasının yaradılması yönündə irəliləyib. Həmməruzəçilər yerli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması yönündə aydın tərəqqini də qeyd ediblər. “Diffamasiya haqqında” yeni qanunun hazırlanması məqsədilə hakimiyyətin yardım istəməsi bu sahədə əməkdaşlığa yaxşı nümunə kimi qiymətləndirilib. Həmçinin hesabatda, AŞPA-nın Ermənistanla Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xarici siyasət gündəminə geniş təsirindən xəbərdar olması da yer alıb.
Hesabat yayıldıqdan bir müddət sonra bəzi mətbuat orqanlarında AŞPA MK-nin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Jozef Debone Qrexin hazırladığı sənəd barədə təzad yaradacaq fikirlər yer alıb. Diplomatik mənbələrə istinadən iddia olunub ki, həmməruzəçilərin hazırladığı hesabat MK-nin rəhbərliyi tərəfindən qəbul olunmayıb. Hesabatın Azərbaycandakı vəziyyətə adekvat olmadığı vurğulanıb. Qeyd olunub ki, həmməruzəçilər hesabatda Azərbaycanın Avropa Şurası qarşısında 11 il əvvəl götürdüyü öhdəliklərin yerinə yetirilmə səviyyəsini, insan haqlarının durumunu, demokratik təsisatların və KİV-lərin vəziyyətini əks etdirməliydi. Bununla bərabər, AŞPA məruzəçilərinə deyilib ki, sənəd kifayət qədər hökumətin maraqlarını ifadə edib, ölkədəki problemlərin əksəriyyəti orada yer almayıb. Bundan sonra komitədə hazırlanmış alternativ hesabat yayılıb. Həmin hesabatda isə Azərbaycandakı vəziyyət kifayət qədər sərt tonda tənqid edilib.

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə həmməruzəçilərin hazırladıqları hesabatlardan qeyri-adi nəsə gözləməyi əhəmiyyətsiz sayıb. Bildirib ki, bu tipli hesabatlarda yalnız istəklər ortaya qoyulur: “İki nəfər məruzəçi dövlətdən istəyini ortaya qoyub. Bu, ölkələrlə beynəlxalq təşkilatlar arasında sadəcə bir prosesdir. Hansısa bir məsələ ətrafında müzakirənin aparılması, aydınlığın gətirilməsi üçün. Nəzərə alınmalıdır ki, Azərbaycan yeni müstəqil dövlətdir. Onun dövlətçiliyinin tarixi cəmi 20 ildir, Monitorinq Komitəsini təmsil edən həmin iki nəfər isə min illərlə dövlətçilik ənənəsi olan ölkələrin nümayəndəsidirlər. Həmin ölkələrdə seçkilər yüksək səviyyədə keçirilir, formalaşmış demokratiya ənənələri, oturuşmuş cəmiyyət var. Həmçinin bu ölkələrin dünya birliyində də kifayət qədər nüfuzu var. Bu səbəbdən onlar digər ölkələrə də öz dövlətlərinin inkişaf səviyyəsindən yanaşırlar. Halbuki hər bir dövlətin siyasi sistemi fərqlidir, insan hüquqlarının təmini ilə bağlı fərqli mexanizmi var. Həmməruzəçilər öz baxışlarını hesabatlarda əks etdirirlər. Bu baxışların, rəylərin müəyyən bir hissəsi ilə razılaşmaq olar, ancaq müəyyən bir hissəsi mübahisələr doğurur. Hətta müəyyən məsələlər də var ki, onların özləri də bu barədə qəti fikir bildirmirlər”.

A.Mirzəzadə Azərbaycan hakimiyyətinin həmməruzəçilərlə münasibəti məsələsinə də toxunub. Qeyd edib ki, bəzi siyasi dairələr tərəfindən belə iddialar birinci dəfə səsləndirilmir: “Çox təəssüf ki, Azərbaycanda müəyyən siyasi dairələr vaxtaşırı ölkəmizlə beynəlxalq təşkilatlar arasında gərginliklər yaşanması barədə həqiqətəuyğun olmayan məlumatlar yayırlar. Burada əsas məqsəd özlərinin siyasi maraqlarını gizlətməkdir. Onlar özlərinin istəklərinin tam formada nəzərə alınmadığını görüb konfliktlər yaratmağa meyl edirlər. Azərbaycan Respublikası beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəliklərə tam məsuliyyətlə yanaşır. Burada hansısa gərginlikdən, qarşıdurmadan, gizli danışıqlardan söhbət gedə bilməz. Biz demokratik dəyərlərin daha da genişlənməsində maraqlıyıq. Bu məqsədlə beynəlxalq təcrübənin öyrənilməsinə, qarşılıqlı əməkdaşlığa da maraq göstəririk. Bu gün Azərbaycan cəmiyyəti tamamilə açıqdır. Qanunla qadağan edilməyən ideya və fikirlərin təbliği açıq şəkildədir. Demokratik prinsipləri özündə ifadə edən, milli maraqlarımıza zidd olmayan hər hansı yenilik Azərbaycanda maraqla qarşılanır. Ona görə də həmməruzəçilərin son hesabatını, əvvəlkilərə nisbətən obyektivliyə daha yaxın sənəd kimi qiymətləndirirəm. Düşünürəm ki, həmməruzəçilər sadəcə öz missiyalarını yerinə yetiriblər. Monitorinq Komitəsi rəhbərliyinin hesabatı bəyənməyərək, ayrıca sənəd yayması fikrini də bu səbəbdən həqiqət saymıram. Bu barədə söylənilən fikirlər ara sözləridir”.

Ana Vətən Partiyasının sədr (AVP) müavini, parlamentari Zahid Oruc Avropa Şurasındakı şəxslərin qəsdən mübahisə və müzakirələrə səbəb olacaq hesabat hazırladıqlarını dilə gətirib. Deputatın sözlərinə görə, onlar bilirlər ki, yaydıqları hesabatlar Azərbaycan daxilində müxtəlif reaksiyalar, siyasi rəylər doğurur, hətta hakimiyyət uğrunda mübarizənin elementinə çevrilir: “Bir ay sonra Avropa Şurasına üzv olmağımızın 11 ili tamam olur. Ötən dövr ərzində bizim bu təşkilatla bağlı bir sıra gözləntilərimiz özünü doğrultmadı. Sonuncu hesabat ətrafında yaranan fikirləri bölüşəndə də bunu aydın görmək mümkündür. Çox ziddiyyətli münasibətlər, mövqelər öz-özlüyündə həmin qurumun çox maraqlı şərtlərdən, tərəflərdən və qruplardan, o cümlədən onun üzərindən siyasət aparan dövlətlərdən ibarət olduğunu sübuta yetirir. Fikrimcə, Avropa Şurası vahid bir standartı tanımalıdır və o xəttə istinad etməlidir. Bu qurum məhkəmə deyil. Azərbaycan hər dəfə sanki bu tədbirə məhkəmə çəkişməsinə gedir. Belə demək mümkündürsə, xüsusi müdafiəçilər seçilir, ittihamçılar müəyyən olunur, hətta prokuror qismində də çıxış edənlər olur. Halbuki bu qurumun təbii təyinatı, başlıca funksiyası üzv ölkələrin öhdəliklərini yerinə yetirmək üçün onlara qiymət verməklə yanaşı, birgə təşəbbüsləri, birgə ideyaları müzakirə etmək, o ölkələrin həyatına yardımçı olmaqdan ibarətdir. Xüsusilə də ərazi bütövlüyü problemini yaşayan dövlətlərin əhalisinin problemlərini aradan qaldırmağa diqqət yönəlməlidir. Bunlar olmayanda, hadisələrin gedişatı sübut edir ki, Avropa Şurasının bölgəyə və Azərbaycana yönəlik siyasətini ən yaxşı halda birmənalı deyil. Sanki bu təşkilat siyasi maraqları həyata keçirmək üçün bir mexanizmdir və bir sıra hallarda ondan dəyənək kimi də istifadə olunur”.

Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa Pedro Agramunt və Joseph Debono Grechin hazırladığı hesabatdan tam obyektivlik gözləmədiyini diqqətə çatdırıb. O, Azərbaycanda və beynəlxalq təşkilatların regiona yanaşmasında bilinən gerçəkliklərin olduğunu və bu gerçəklərdən heç kimin qaça bilməyəcəyini vurğulayıb: “Hesab etmirəm ki, bütövlükdə bu məruzənin bütün detalları ilə bizim müəyyən gözləntilərimiz özünü doğrultsun. Çünki burada ciddi problemlər var və problemlərin əsasında həmin məruzəçilərin hansı prinsipial mövqe tutması dayanır. Məncə bu istiqamətdə çox ciddi narahatçılıqlar var. İndiki halda məruzəçilər müəyyən dərəcədə bu problemlərə daha yaxın bir mövqe sərgiləyirlər. Azərbaycana qərəzli mövqe tutmağa çox da meyl göstərmirlər. Bu olduqca önəmlidir. Bütün hallarda biz mübarizəmizi aparmalıyıq. Mən Avropalı qonaqların sonacan səmimi davranacağını gözləmirəm. Biz öz işimizi görməliyik, problemlərimizin həlli yolunda çalışmalarımızı davam etdirməliyik. Monitorinq Komitəsi tərəfindən məruzəçilərin hazırladığı hesabatın ləğv edilməsi barədə söylənilənlərə gəlincə, buna inanmıram. Çünki onların buna ixtiyarı yoxdur. Yalnız məruzəçiyə etimadsızlıq göstərmək heç bir məntiqə sığmır. Yəni bunun heç bir əsası yoxdur”.
Rufik İSMAYILOV