• cümə axşamı, 28 mart, 21:31
  • Baku Bakı 13°C

“Asiya ATƏT”i təşəbbüsü reallaşacaq?

15.11.18 18:50 613
“Asiya ATƏT”i təşəbbüsü reallaşacaq?
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin, Asiya qitəsində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) analoqunun yaradılması barədə səsləndirdiyi ideya geniş müzakirə mövzusu olaraq qalır. Qazaxıstan prezidenti bildirib ki, yeni təhlükəsizlik qurumunun yaradılması sadəcə, zaman məsələsidir. Onun sözlərinə görə, yeni strukturun yaradılması üçün fundament rolunda, özündə 27 dövləti birləşdirən Asiyada etimad tədbirləri və qarşılıqlı münasibətlər üzrə Müşavirə oynaya bilər. Bu ideyanın reallaşması üçün Nazarbayev ATƏT və Asiyada etimad tədbirləri və qarşılıqlı münasibətlər üzrə Müşavirənin səylərini birləşdirməyi və Astanada birgə məsləhətləşmələr keçirməyi təklif edib. Qazax lider Astana meydançasını ATƏT-in yeni bir sammitinin keçirilməsi üçün də təklif edib. Qazaxıstan prezidenti bəyan edib ki, Asiya üçün kollektiv təhlükəsizliklə bağlı təşkilat lazımdır. O, bu fikri beynəlxalq ekspert forumu -"Astana klub”un ölkə paytaxtında keçirilən iclasında çıxış edən zaman səsləndirib. Məlumat üçün bildirək ki, bu qurumun da yaradılmasının təşəbbüskarı məhz Qazaxıstan olub. 27 ölkənin üzv olduğu qurumda 13 dövlət və təşkilat, o cümlədən ATƏT müşahidəçi qismində iştirak edirlər. Nazarbayev bildirib ki, məhz Asiyada etimad tədbirləri və qarşılıqlı münasibətlər üzrə Müşavirə Avrasiya məkanında təhlükəsizlik zonası yarada bilər. Qazaxıstan prezidenti birinci dəfə deyil ki, Asiyada ATƏT analoqunun yaradılması barədə təşəbbüslə çıxış edir. Qurumun 2014-cü ildə Şanxayda keçirilən sonuncu toplantısında Nazarbayev hətta bu quruma ad da qoymuşdu – Asiyada Təhlükəsizlik və İnkişaf Təşkilatı. Qazaxıstan liderinin sözlərinə görə, bu, ATƏT-ə sağlam bir rəqabət yarada bilərdi.
Yeri gəlmişkən, analoji təşəbbüs Rusiya tərəfindən, daha dəqiq desək, bu ölkənin "Ədalətli Rusiya” Partiyası tərəfindən də səslənib. O zamankı vitse-spiker Nikolay Leviçev bildirib ki, geosiyasi gərginlik nəzərə alınmaqla, Rusiyanın, Şərq istiqamətində ATƏT-in analoqu ola biləcək bir qurum yaratması zəruridir. Və yeni qurum Asiyada etimad tədbirləri və qarşılıqlı münasibətlər üzrə Müşavirənin əsasında yaradıla bilər. Onun sözlərinə görə, belə bir təşkilat Asiya-Sakit Okean regionunda münaqişələrin preventiv xəbərdaredici aləti rolunda çıxış edə bilər. Təkliflər reallaşmadı və 2017-ci ildə yenidən bu ideyaya qayıdıldı. Ötən il Nazarbayev ideyanın reallaşması üçün ilk addım kimi, Asiyada etimad tədbirləri və qarşılıqlı münasibətlər üzrə Müşavirə, ASEAN və ATƏT-in birgə məsləhət iclasının keçirilməsi barədə təkliflə çıxış edib. "Bizim mövqeyimizi rəsmi olaraq barələrində danışdığımız təşkilatların diqqətinə çatdıracağıq”, - deyə Nazarbayev fikrinin nə qədər ciddi olduğunu bir daha bəyan edib. Qazaxıstan prezidenti ölkəsi ilə ATƏT-in sıx əməkdaşlığının zəruriliyini dəfələrlə bildirib, ölkəsinin, təşkilatın inkişafında verdiyi töhfəni yüksək qiymətləndirib. Buna misal kimi, Qazaxıstanda 2010-cu ildə keçirilən ATƏT-in zirvə toplantısını göstərib. Bu toplantı XXI əsrdə hələ ki, keçirilən ilk toplantı kimi tarixə düşüb. Üstündən 10 il keçmiş, Qazaxıstan lideri bu tədbirin təkrarən keçirilməsini təklif edir. Bunda da məqsəd 1975-ci il Helsinki razılaşmasını yeniləşdirməkdir. Bu razılaşma "soyuq müharibə”nin qızğın illərində gərginliyi azaltmağa xidmət edirdi. Nazarbayevin qənaətincə, sammiti 2020-ci ildə, Helsinki razılaşmasının 45 illiyində keçirmək mümkündür. "Sözsüz ki, bu məsələdə bir çox işlər dünya nəhənglərinin mövqeyindən asılı olacaq. Dünya dövlətlərini yeni razılaşmanın imzalanması ilə bağlı birgə fəaliyyət göstərməyə çağırmaq istərdim”, - deyə prezident bəyan edib. Əlavə edib ki, bu proses elə da sadə deyil və bu mənada gələn il yekun danışıqlara hazır olmaq üçün fəaliyyətə başlanılmalıdır. Eyni zamanda əlavə edib ki, Qazaxıstan hər zaman açıq dialoq və sülhyaratma missiyası uğrunda çıxış edib: "Rəsmi Astana münaqişə vəziyyətində olan tərəfləri barışdırmağa cəhd göstərib və dəfələrlə uğur da qazanıb. Sülhlərin birləşməsi bizim tarixi missiyamızdır”. ATƏT-in mənzil-qərargahından "Kommersant”a bildiriblər ki, sammitin çağırılması barədə planlar mövcud deyil. Hələ ki, söhbət nazirlər səviyyəsində illik görüşlərdən gedir və növbəti görüş dekabrın 6-7-də Milanda keçiriləcək.

Azər
banner

Oxşar Xəbərlər