• cümə axşamı, 25 aprel, 08:05
  • Baku Bakı 14°C

Aşağı Saksoniyada əyalət seçkiləri yaxınlaşır

14.10.17 22:00 2045
Aşağı Saksoniyada əyalət seçkiləri yaxınlaşır
Sabah, yəni ümumi federal seçkilərdən cəmi üç həftə sonra Aşağı Saksoniya federal əyalətində (AFR) seçkilər keçiriləcək. Bu seçkilərin belə tezliklə keçirilməsi planlaşdırılmırdı.
AZƏRTACxəbər verir ki, Aşağı Saksoniyada seçkilərin vaxtından əvvəl keçirilməsi sosial-demokratlarla "yaşıllar”ın bu əyalətdə hakim koalisiyasından olan deputatlardan birinin "xəyanəti” ilə bağlıdır, çünki həmin "xəyanət” nəticəsində əyalət hökuməti yerli landtaqda səs çoxluğundan məhrum olub.
Almaniyada əyalət seçkiləri özünün regional spesifikası ilə fərqlənir: bu seçkilərin yekunlarını ümumfederal səviyyəyə birbaşa ekstrapolyasiya etmək heç vaxt mümkün olmur. Lakin bu dəfə Aşağı Saksoniyada səsvermə vaxtının bu qədər yaxın olması Almaniyanın yeni hökumətini formalaşdırmağa başlamağa hələ macal tapmamış kansler Angela Merkel üçün ciddi siqnal olacaq.
Sosial-demokratlar müxalifətə keçməyə qərara alandan sonra Merkelin parlamentdə çoxluğa malik hökumət koalisiyası yaratması üçün yalnız bir imkan qalıb: Azad Demokratik Partiyadan (ADP) olan liberallar və "İttifaq-90”/ "Yaşıllar” bloku ilə birləşmək. Kanslerin XDİ/XSİ blokundan olan mühafizəkarların siyasi rənglərinə (qara) və bu iki partiyanın rənglərinə (sarı və yaşıl) görə Almaniyada bu koalisiyanı Karib dənizindəki ada-dövlətin bayrağının rənglər qammasına uyğun olaraq "Yamayka” adlandırırlar.
Sentyabrın 24-də keçirilmiş seçkilərdən sonra almanların bu cür ekzotik siyasi ittifaqa münasibəti dəyişib. Belə ki, hələ avqust ayında həmin ittifaqın tərəfdarlarının və əleyhdarlarının say nisbəti 27:69 faiz idi. İndi bu ittifaqın tərəfdarlarının sayı artaraq 57 faizə çatıb, onun əleyhdarlarının sayı isə azalaraq 40 faizə düşüb.
Aşağı Saksoniyada seçkilərin Merkel üçün ideal nəticəsi elə olmalıdır ki, bu federal əyalətdə də "Yamayka” hökuməti formalaşdırmağa imkan versin. Doğrudur, seçkiqabağı rəy sorğuları bu üçqat ittifaqın landtaqda say çoxluğuna nail ola biləcəyini göstərib, lakin hətta bu halda da Merkel üçün ideal nəticə ehtimalı son dərəcə cüzidir.
banner

Oxşar Xəbərlər