• çərşənbə, 24 Aprel, 09:50
  • Baku Bakı 13°C

AŞ PA müşahidə missiyası nəyi öyrənmək istəyib?

24.01.20 17:54 1986
AŞ PA müşahidə missiyası nəyi öyrənmək istəyib?
Partiya sədrlərinin sözlərinə görə, parlament seçkiləri ilə bağlı ümumi müzakirələr aparılıb

Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkiləri müşahidə etmək üçün beynəlxalq təşkilatların nümayəndələri artıq Azərbaycandadır. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, beynəlxalq müşahidəçilər parlament seçkisi ilə bağlı həm uzunmüddətli, həm də qısamüddətli müşahidələr aparacaqlar. Bu günlərdə uzunmüddətli müşahidə missiyasını həyata keçirən Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanda parlament seçkilərini müşahidə etmək üçün yaradılmış xüsusi komitəsinin üzvləri Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşüb.
Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndəsi, deputat Sevinc Fətəliyeva qonaqlara parlamentdə təmsil olunan siyasi partiyaların fəaliyyəti, onların iş prinsipləri, ölkəmizdə insan haqları sahəsində vəziyyət barədə söhbət açıb. O, növbədənkənar parlament seçkilərinin keçirilməsini ölkəmizdə tətbiq edilən islahatların davamı kimi qiymətləndirib. Qeyd olunub ki, belə tərkibdə missiyanın bu gün burada təmsil olunması Azərbaycanda seçki prosesinin şəffaf və demokratik olmasının göstəricilərindən biridir.
AŞ PA-nın xüsusi komitəsinin üzvləri - İsveçrədən olan Alfred Heer, Estoniyadan Ravio Tam, Yunanıstandan Georgios Kartuqkalos Milli Məclisə keçiriləcək seçkilər ərəfəsində seçki kampaniyasının və siyasi mühitin dəyərləndirilməsi məqsədilə ölkəmizdə səfərdə olduqlarını vurğulayıblar.
Qeyd edək ki, AŞ PA müşahidəçiləri parlamentdə təmsil olunan digər siyasi partiyaların rəhbərləri ilə də fikir mübadiləsi aparıblar. Maraqlıdır ki, bu görüş çərçivəsində hansı məqamlar diqqət mərkəzində olub?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bildirdi ki, AŞ PA-nın parlament seçkilərini müşahidə etmək üçün yaradılmış xüsusi komitəsinin üzvlərini seçki ilə bağlı müəyyən məsələlər düşündürür: "Görüşdə seçki ilə bağlı detallarla maraqlandılar. Eləcə də mövcud situasiya, siyasi partiyaların fəaliyyəti, o cümlədən parlamenti necə görmək istəyimizlə, Milli Məclisin gələcək fəaliyyəti və sair bu kimi məsələlərlə maraqlandılar. Onu da qeyd edim ki, seçki prosesinin şəffaf gedib-getməməyi, seçkiqabağı mühit və başqa məsələlər diqqət mərkəzində oldu. Görüşdə proporsional seçki sisteminin bərpa edilməsi ilə bağlı fikirlərimi qeyd etdim. Toplantıda iştirak edən həmkarlarım da öz təkliflərini verdilər. Bu görüş ümumi bir tanışlıq idi və müşahidəçiləri yalnız seçkilərlə bağlı məsələlər maraqlandırırdı”.
F.Quliyev qeyd etdi ki, Azərbaycanda parlament seçkilərini müşahidə etmək üçün artıq müxtəlif beynəlxalq təşkilatlar qeydiyyatdan keçiblər: "Hesab edirik ki, seçkilərlə bağlı beynəlxalq təşkilatların istər uzun, istərsə də qısamüddətli müşahidəçilərinin olması vacibdir. Gəlib seçkiləri izləsinlər, sonra müxtəlif bəhanələr gətirməsinlər. Bilirik ki, bir çox hallarda qərəzli yanaşmalar olur. Ancaq qeyd etmək lazımdır ki, seçkilərlə bağlı normal mühit, şərait yaradılıb və beynəlxalq təşkilatlar da bununla tanış olmaq üçün gəlirlər. Hesab edirəm ki, buna xüsusi bir önəm verilməsinin mənasını görmürəm. Çünki bizi də ölkə olaraq başqa ölkələrdə keçirilən seçkilərə dəvət edirlər və biz də orada seçkini müşahidə edirik. Yəni, bu ümumi bir tendensiyadır”.
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirdi ki, AŞ PA müşahidəçiləri ilə toplantı adi görüşlərdən biri idi: "Müşahidə missiyasının üzvləri idilər. Onların, ümumiyyətlə parlamentin buraxılması, yeni parlamentin formalaşdırılması haqda və digər bu kimi sualları oldu ki, biz bunu cavablandırdıq. Hesab edirəm ki, görüş faydalı oldu və bu görüşün ən azından onlarda Azərbaycanda müəyyən siyasi partiyaların seçkilərlə bağlı mövqeyi barədə aydın fikir formalaşdı”.
F.Mustafa vurğuladı ki, AŞ PA-nın xüsusi komitəsinin üzvləri bütün partiyalarla görüşürlər: "Bu, istər parlamentdə təmsil olunan, istərsə də təmsil olunmayan siyasi partiyaları əhatə edir. Onlar həm də özləri hesabat hazırlayırlar və bunun üçün də bu görüşlərin faydası böyükdür. Yəni, ən azından bu görüşlərdən sonra hazırladıqları hesabatda müəyyən fikirləri qeyd edirlər. Ona görə də onları maraqlandıran seçkilərlə bağlı məsələ idi və bu baxımdan biz də real vəziyyəti ifadə elədik”.
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirdi ki, bu görüşdə parlament seçkiləri ilə bağlı bir sıra məsələlər müzakirə olunub: "Biz onlarla Azərbaycanda seçki kampaniyası dövründəki mövcud vəziyyət barəsində fikir mübadiləsi apardıq. AŞ PA müşahidəçiləri bütün məsələlərlə bağlı sual ünvanlayırdılar və biz də həmin sualları cavablandırdıq. Əslində onlar seçki dövrünü monitorinq edirlər ki, biz də bununla bağlı mövqeyimizi ifadə elədik. Belə bir görüşün keçirilməsi onlar tərəfdən bildirilmişdi və biz də siyasi partiya olaraq görüşdük”.

BƏXTİYAR

banner

Oxşar Xəbərlər