• cümə axşamı, 28 mart, 23:38
  • Baku Bakı 13°C

Arzusu çin olan fikir və əməl nəhəngi

23.04.19 09:15 996
Arzusu çin olan fikir və əməl nəhəngi
"Heç vaxt doğrunu söyləməkdən çəkinməyin, doğruya doğru, əyriyə əyri deyin”.
Ə.Ağaoğlu
Əksər tədqiqatçılarımızın "fikir və əməl nəhəngi” adlandırdıqları Əhməd bəy Ağaoğlu Azərbaycan mətbuatının, mədəniyyətinin, ədəbiyyatının, ictimai fikrinin formalaşmasında misilsiz xidmətləri olan böyük bir şəxsiyyətdir. Onun jurnalistika, siyasət, ictimai fikir, tənqid, bədii ədəbiyyat, elm sahələrində göstərdiyi çoxcəhətli, mürəkkəb, səmərəli fəaliyyəti bir daha onun nəhəng şəxsiyyət olmasından xəbər verir.
"Mətbuatın dil və üslubu canlı, təbii, sadə olmalıdır; bu, onun maraqlı olmasını təmin edən əsas şərtlərdəndir” söyləyən Əhməd bəy "hər xalqın öz mətbuat orqanı” olması fikrini dönə-dönə qeyd edirdi.
O, "Kaspi” qəzetində çap etdirdiyi "Şərqdə jurnalistikaya bir nəzər”, "Şərq jurnalistikasının icmalı”, "Azərbaycanca qəzetin zəruriliyinə dair” adlı məqalələrində jurnalistikanın cəmiyyətdəki rolu və əhəmiyyətindən bəhs edərək, Şərq dünyasının qəflət yuxusunda olmasını təəssüflə bildirirdi: "Müsəlmanlar arasında dövrü mətbuatın banisi və atası, Şərqin tanınmış siyasi xadimi Seyid Cəmaləddin hesab edilə bilər. O, sözünün tutarlığı, qələminin kəsərliliyi sayəsində müsəlmanlara ilk dəfə olaraq başa saldı ki, vicdanlı jurnalist "mənfur cənnət” deyil, ictimai fikrin və ictimai vicdanın daşıyıcısıdır”.
Əhməd bəyin fikridir: "Gündəlik və ya dövrü mətbuat yalnız o yerdə mümkündür ki, orada fərdin cəmiyyətə və ya hakimiyyətə münasibətdə hüquq və vəzifələri az-çox, dəqiq müəyyən edilsin, bir sözlə, həyat qaydaları sarsılmaz təmələ əsaslansın”.
Mətbuatı cəmiyyət həyatının barometri adlandıran Əhməd bəy "İrşad” qəzetinin 16 aprel 1906-cı il tarixli sayında çap etdirdiyi "Dəbistan” və "Molla Nəsrəddin” adlı məqaləsində yazırdı: "Baxın "Molla Nəsrəddin”ə! Bu cəridə nə gözəl cəridə! Nə qədər əql, zəka, məharət və zövq göstəriyor! Nəinki biz müsəlmanlar, bəlkə ən mədəni, ən mütərəqqi taifələr böylə cəridələr ilə fəxr edə bilərlər! Onun nəqşləri, sözləri o qədər gözəl, o qədər pürməna. O qədər tənbihamiz nəqşələr və sözlərdir ki, insanın baxdıqca xoşu gəlib, baxdıqca bəsirəti artıyor!”
Professor Alxan Bayramoğlu "Əhməd bəy Ağayevin "Dəbistan” və "Molla Nəsrəddin” məqaləsi və mətbuata dair fikirləri haqqında” sərlövhəli məqaləsində yazır: "Azərbaycan milli mətbuatı tarixində hər birinin öz yeri olan, "Molla Nəsrəddin” və "Dəbistan” jurnalları haqqında söz düşəndə, elmi dairənin və geniş ictimaiyyətin yadına adətən Əli bəy Hüseynzadənin "Molla Nəsrəddin” və "Dəbistan” məqaləsi düşür. Məqalələrin adlarındakı yaxınlıq, bəlkə də, formal yerdəyişməni nəzərə almasaq, eynilik Ə.Hüseynzadənin dostu Ə.Ağayevlə məslək və yaradıcılıq dostluğunun davamını göstərən fakt kimi maraqlıdır”.
Əhməd bəyin məqaləsində "Molla Nəsrəddin”in iki, "Dəbistan”ın isə bir sayı haqqında məlumat verilib. Çünki Əhməd bəy məqaləni yazan zaman "Molla Nəsrəddin”in iki, "Dəbistan”ın isə cəmi bir sayı işıq üzü görmüşdü. İstər Əhməd bəyin, istər Əli bəyin məqaləsi bu gün də mətbuatşünaslıq tariximizdə dəyərini itirməyən mənbələrdəndir. Hər iki müəllifin bu mövzuda olan məqalələrindən aydın olur ki, onlar 20-ci yüzilliyin əvvəllərində Azərbaycanda milli mətbuat mühitinin formalaşdığını təsdiqləyir və mətbuatın ölkəmizin ictimai-mədəni həyatında mütərəqqi rol oynayacağına böyük ümidlər bəsləyirdilər.
Zaman bu dahilərin ümidlərini doğrultdu. "Molla Nəsrəddin”dən sonrakı tarix sübut etdi ki, mollanəsrəddinçilik Azərbaycan xalqının milli-ictimai sərvəti, möhtəşəm təfəkkür həqiqəti, əbədiyyən var olacaq yaddaş abidəsi, vətən, dövlət və milləti üçün çalışanların dildə, fikirdə, işdə birlik prinsipləri ilə formalaşan yaradıcılıq, quruculuq konsepsiyasıdır.
Bu konsepsiyanı yaradan mollanəsrəddinçiləri filologiya elmləri doktoru, professor Allahverdi Məmmədli "böyük Azərbaycançılar” adlandırır. Müəllif haqlı olaraq qeyd edir ki: "Azərbaycançılığın milli fəlsəfi təlim kimi formalaşmasında "Molla Nəsrəddin” xüsusi rolu olmuşdur.
Bütün sahələrdə olduğu kimi, mətbuatımızın da inkişafında mənfur qonşularımız bizə hər an mane olub. Bu haqda Ə.Ağaoğlu "Böhtan və iftira” adlı məqaləsində yazırdı: "Mişak”, bu erməni dilində çap olunan erməni qəzetəsi "Həyat” barədə yazır: "Peyğəmbər deyiliksə də, indidən deyə biləriz ki, Əhmədbəy Ağayevin təhti-idarəsində olan qəzetə nə olacaq. Bu bir qəzetə olacaq ki, islamdan xaric bir şeyi qəbul etməyəcək, hər şey ki, islamdır, islam rəngi ilə rənglənib qəzetənin nəzərində lətif, pak olacaq, hər şey ki, islamdan xaricdir-napak, müləvvəs olacaq. Xüsusən bu da "Kaspi” kimi bir şey olacaq”.
Məqalədə diqqətimizi çəkən daha çox "Mişak”ın, Qafqazın və Orta Asiya müsəlmanlarının yeganə rusdilli qəzeti olan "Kaspi”ni ironiya ilə "bir şey” adlandırmasıdır. Bildiyimiz kimi, "Kaspi”nin rusdilli qəzet olmasına baxmayaraq, əsas qayəsi (təbii ki, H.Z.Tağıyev qəzeti aldıqdan sonra) Rusiyanın "ikinci növ” əhalisi hesab edilən müsəlmanların hüquqlarını imperiyanın hakim xalqı sayılan pravoslav əhalinin hüquqları ilə bərabərləşdirməyə nail olmaq idi. Ona görə də, Ə.M.Topçubaşov yazırdı: "Kaspi” bir müddət yalnız Azərbaycanın deyil, hətta deyərdik ki, bütün Rusiya müsəlmanlarının əsas tribunası rolunu oynamışdır”.
Doğrudur, sovet dövründə əvvəlki illərin dövrü nəşrlərinə qiymət və təsnifat verilərkən, "Kaspi” qəzetinin tarixi bir nəşr olması, hətta ayrı-ayrı məqamlarda sosialist ideologiyası barədə söz açması, geniş oxucu maraqlarına bağlılığı nəzərə alınmadı. Sovet ideologiyası və reallığı baxımından yanaşıldı, qiymətləndirildi. Onun hakim dairələrə mülayim, barışdırıcı münasibəti, xüsusən, milyonçu H.Z.Tağıyevlə bağlılığı, pantürkist Ə.Ağaoğlu və onun qələm yoldaşı Ə.Hüseynzadə ilə yaxınlığı əsas götürülərək, "Kaspi”yə "ziyanlı burjua nəşri” damğası vuruldu. Amma bu gün zaman sübut etdi ki, Azərbaycan tarixinin həmin mərhələsini obyektiv işıqlandırmaq üçün ötən tarix vərəqlənib öyrənildikcə, ən etibarlı mənbə, məxəz kimi "Kaspi”yə istinad etməmək mümkün olmadı.
Əhməd bəyin bu mövzuya həsr etdiyi məqalələrlə tanış olarkən aydın olur ki, Ağaoğlu milli ehtiyaclar haqqında düşünərkən qəzetsizliyin acısını aşkarca duymuşdur. Görkəmli alim Əziz Mirəhmədovun dediyi kimi: "Hiss olunur ki, bu məqalələr azərbaycanca mətbuatın zəruriliyini dərindən dərk edib onun xiffətini çəkən bir şəxsin qələmindən çıxmışdır”.
"Azərbaycan dilində qəzet məsələsi mətbuatda dəfələrlə müzakirə olunmuşdur” söyləyən Ə.Ağaoğlu, sonra təəssüf hissi ilə qeyd edir ki, bu təşəbbüslər baş senzura idarəsi tərəfindən boğulurdu. O, 1894-cü ildə çox böyük ümid və inamla Peterburq Senzura komitəsinə müraciət edir. Komitə isə Azərbaycan dilində qəzet və ya jurnal nəşrini "arzuolunmaz” sayaraq cənab Ağayevin ərizəsini rədd etməyi lazım bilir.
Xoşbəxtlikdən, senzura komitəsinin arzusu gözündə qalır. 20-ci yüzilliyin ilk illəri, ana dilində qəzet nəşr olunduğunu görmək istəyən Ağaoğlunun böyük sosial arzusunun çin olması ilə başlayır. "Həyat”ı zühur edir, "İrşad”ı yol göstərir!
Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər