• şənbə, 20 Aprel, 12:53
  • Baku Bakı 23°C

Arzularının arxasınca gedən sənətçi – Gənclərə örnək - Fotolar

08.11.18 14:52 1619
Arzularının arxasınca gedən sənətçi – Gənclərə örnək - Fotolar
Muğam sənəti bu gün sözün əsl mənasında öz inkişaf dövrünü yaşayır. Bu inkişafda muğam ifaçılıq sənətimizi yaşadanların, gənc nəslə təbliğ edən pedaqoqların payı az deyil. "Ustad” deyə müraciət etdiyimiz bu sənətkarlar yaşı bilinməyən muğamlarımızı böyük sevgi ilə təbliğ edirlər. Bu gün keçmişinə səyahət edəcəyimiz sənətkar da məhz o ustadlardandır. Əlinə qaval alanda dünya onun gözündə qəzəl, tələbələri isə təsnif kimi canlanır.
Görüş...
Xalq artisti Teyyub Aslanovla onun çox da uzaqda qalmayan keçmişinə səyahət etmək üçün görüşdük. Sənətkarla ilk tanışlığımız hələ bir neçə il əvvəl Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələblərinə muğam sənətinin dərinliklərindən bəhs edərkən reallaşıb. Dərsinə qonaq olduğumuz Teyyub müəllim tələbələrini gələcəyin xanəndələri gözündə görürdü. Onun sevinclə, ümidlə ən istedadlı tələbələrini ətrafına cəm edib, onları beynəlxalq festivallara, dövlət televiziyasına çıxardığının şahidi olmuşam. Deyirdi ki, bu gün tələbəyə uşaq gözündə baxmaq, onu ruhdan salmaq doğru deyil. Tələbədə özünə inam və güvən yaratmaq lazımdır.
Neftçilikdən müğənniliyə
Beləliklə, qonağımız Teyyub Aslanovla keçmişə səyahət edirik. Müsahibimiz 1967-ci ilin 6 fevralında dünyaya gəlib. Bakı şəhərində doğulan xanəndənin kiçik yaşlarından musiqiyə böyük həvəsi olub. Azyaşlı Teyyubu qohum-tanışların şad günlərində mütləq oxutdurardılar. Bu həvəs onu orta məktəbin birinci sinfindən musiqi məktəbinə (nağara sinfi), daha sonra isə Bakıxanov qəsəbəsində yerləşən Mədəniyyət sarayının "Mahur” instrumental ansamblına gətirir. 1974-1984–cü illərdə 96 saylı orta məktəbdə təhsil alır və orta məktəbi yaxşı qiymətlərlə bitirir, Azərbaycan Neft-Kimya İnstitutuna daxil olur. Ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanır. Geri döndükdən sonra Nəriman Əliyevdən özəl olaraq muğam dərsləri almağa başlayır.

1984-1989-cu illərdəAzərbaycan Dövlət Neft-Kimya İnstitutununneft-mədən fakültəsində ali təhsil alan həmsöhbətimiz 1989-1994-cü illərdə isə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində musiqili teatr aktyorluğu ixtisası üzrə təhsilini davam etdirir.

Xanəndə həmin illəri belə xatırlayır: "Məktəb illərimdə çox nadinc olmuşam. Həyatımın hər anı mənim üçün dəyərli və unudulmazdır. Məktəbdə ən çox Azərbaycan dili və Ədəbiyyat fənlərini sevirdim. Məktəbi bitirdikdən sonra neft-mədən fakültəsinə daxil oldum, əslində isə "avtomatikavə telemexanika” fakültəsində oxumağı daha çox arzulayırdım. 2 il burada təhsil aldım”.
Xanəndə həyat hekayəsindən o qədər maraqla danışır ki, özümdən biixtiyar sual verirəm - "Bəs neftçi hara, xanəndəlik hara?”. .... Müsahibimiz gülərək "O zaman "Bəxtiyar” filmini çox sevirdim” deyir: "Mən də Bəxtiyar kimi sənətimi dəyişib ifaçı oldum. Təbii ki, zarafat edirəm. Uşaq yaşlarımdan oxuyurdum. Azərbaycan Televiziyası ilə ilk çıxışım isə Bəxtiyardan fərqli olaraq, "Üzüyümün qaşı firuzədəndir” mahnısı ilə deyil, Neftçilər günündə - 20 sentyabrda ifa etdiyim "Neftçi” mahnısı ilə oldu”.

Qarşısına xanəndə olmağı məqsəd qoyan Teyyub, ailəsindən gizlin 1989-cu ildəAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetininmusiqili teatr aktyorluğu ixtisasına daxil olur. Həmin illəri belə xatırlayır: "O zaman xanəndəlik bu qədər məşhur deyildi. Mən ürəyimin səsinə qulaq asıb təhsilimi yarımçıq qoydum. Həyatımda yeni səhifə açmağı hədəfləmişdim. Tələbəlik illərimdə həm də restoranda işləyirdim. Dərsdən sonra muğam ustadının yanına gedirdim. Axşamlar isə işləyib, pul qazanırdım”. İncəsənət Universitetinə daxil olmamışdan öncə fəhlə kimi çalışırdım və 180 manat maaş alırdım. Neft quyusunda qazmaçı köməkçisi də işləmişəm”.
İfaçılıqdan ilk maaşını 1984-cü ilin sentyabrında qazandığını deyən xanəndə həmin pulu özünə xərcləməyib: "İlk maaşımı orta məktəbin sonuncu sinfində ifaçılıqdan qazanmışam. O zaman mənə 20 rubl pul vermişdilər. Həmin pula evə şirniyyat aldım. Ondan sonra qazandığım pulları da evə vermişəm”.
Arzunun bir addımlığında
İncəsənət Universitetində təhsil aldıqdan sonra cəsarəti və çalışqanlığı ona arzusunda olduğu qapıları açır. 1995-ci ildən "Azərbaycan” muğam üçlüyü və başqa ansambllarla bərabər bir çox xarici ölkələrdə (ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Türkiyə, Avstriya, Niderland, Yunanıstan, Polşa, Rumıniya, Ukrayna, Belarus, Moldova, Tacikistan, İran və s.) konsert və festivallarda iştirak edir. Uğurları da bundan sonra başlayır.

Deyir ki, bir vaxt var idi İncəsənət Universitetində təhsil alırdı, indi isə bu doğma ocaqda təhsil verir: "İnsanın arzuları sonsuzdur. İllər ötdükcə yeni arzular doğur. O illərdən çox keçib. Bu gün İncəsənət Universitetində gənc xanəndələrin yetişməsində az-çox bizim də əməyimiz keçir. Xanəndə olmaq arzusu ilə universitetə sənəd verən gənclər muğamı sevirlər”.

Xalq artistimiz söhbət əsnasında öz dövrünün çətinliklərindən də danışdı. Dedi ki, sovet dövründə böyüyən gənclik çox çətinliklər görüb: "Çətinliklər insanın yetişməsində böyük rol oynayır. Hər insanın öz məqsədi olmalıdır və bu məqsəd uğrunda gecə-gündüz əzmlə, səbirlə çalışmalıdır. Bizim dövrümüzdə indiki müasir avadanlıqlar yox idi. Uşaq vaxtı qavalımı özüm hazırlamışdım. Ustadımın köməkliyi ilə evdə qavalıma üzlük çəkmişdim. Dəfim olana qədər onu işlətmişəm. İndiki uşaqlara hər bir şərait, imkan yaradılıb. Mənim oxuduğum vaxtda diktofonlar belə yox idi ki, müəllimlərimin səsini ona yazıb, evdə dinləyim. Maqnitofonlar var idi, amma hər adamın da imkanı yox idi almağa. 300 manata 2 kasetli maqnitofon almışdım. O da lentlə idi, tez dolurdu. İndi müasir telefonlar, diktofonlar var. Nə qədər istəyirsən səs yaz, sonra onu sil və ya özündə saxla. Bizi o çətinliklər yetişdirib”.
Zamanında dostları ona xanəndəliyi atmağı, bizneslə məşğul olmağı tövsiyə edib: "Musiqiçi dostlarım var idi ki, mən universitetdə oxuyanda bizneslə məşğul olurdular. Dedilər ki muğamla deyil, bizneslə məşğul ol, daha çox qazanc əldə edərsən. Mən ürəyimin səsinə qulaq asdım. Bu gün onlar məni görəndə deyirlər ki, sən öz yolundan dönmədin. Özümü nə biznesdə, nə də başqa sahədə görmürdüm. Bəlkə də o əzmkarlığım məni bu səviyyəyə qədər gətirib çıxardı”.
O zaman İncəsənət Universitetində təhsil aldığını və gecəsini gündüzünə qatıb oxuduğunu, muğamı öyrəndiyini görən dostları bəzən sənətkarı qınayıb da. Onu musiqinin çətin bir sahəsi ilə məşğul olmaqdan çəkindirməyə çalışıblar. "Mən Azərbaycanın muğam sənətini beynəlxalq festivallarda təmsil etməyə başlayanda onların düşüncələri dəyişdi. Xarici səfərlərə gedib, musiqimizi nəinki Azərbaycanda, beynəlxalq arenada təbliğ etdikcə arzularıma addım-addım yaxınlaşırdım. Vaxtilə mənə əlçatmaz görünən sənətkarlarla eyni səhnəni bölüşürdüm”.

Bir zamanlar təhsil aldığı universitetdə pedaqoji fəaliyyətlə məşğul olmağın avantajlarından danışan müsahibim hazırda muğam kafedrasının müdiri vəzifəsində çalışır. Deyir ki, tələbələrini çox gözəl başa düşür: "Əsas odur ki, tələbədə öyrənməyə həvəs və maraq olsun. Muğam sənətinin diqqətdən kənar qalan dövrü mənim gənclik illərimə təsadüf edib. Həmin dövrdə belə, bu sənət nə yaddaşlardan silinib,nə də xalqın sevgisindən məhrum olub. Bu sənət bizə dədə-babalarımızdan miras kimi yadigar qalıb. Muğam sənəti bizdən sonra da yaşayacaq. Bizim məqsədimiz odur ki, bu sənəti gənclərimizə öyrədək və onlar da yetişməkdə olan gənc nəslə ötürsünlər”.
Xanəndə sonda əlavə etdi ki, "Xalq artisti” fəxri adı onun yaradıcılığının zirvəsidir. Bu adın məsuliyyəti çox böyükdür. Həm şərəfli, həm də məsuliyyətlidir.

Sözsüz ki, bu gün Xalq artisti adına layiq görülən xanəndə keçmişi ilə gənclərə örnəkdir. Onun timsalında şahidi oluruq ki, insan nəyisə ürəkdən istəyirsə, nə valideynlərin təkidi, nə çevrəsindəki insanların münasibəti, nə də yaşadığı dövrün çətinlikləri ona mane ola bilmir. Bir sözlə, Teyyub Aslanov öz sənət yolu ilə Azərbaycan gəncliyinə nümunəvi bir örnəkdir.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər