• cümə, 19 Aprel, 04:51
  • Baku Bakı 18°C

Arxayınlığın yaratdığı məsuliyyətsizlik

25.06.21 17:30 2196
Arxayınlığın yaratdığı məsuliyyətsizlik
Koronovirus təhlükəsi hələ tam bitməyib, ehtiyatı əldən vermək olmaz
Bir ildən çoxdur ki, dünya, təxminən 4 milyon insanın ölümünə səbəb olan və səssizcə yayılan koronavirusla mübarizədədir. Ancaq düşmən hələ də təslim olmaq istəmir. Hazırda COVID-19-a yoluxma və ölüm sayları Azərbaycanla yanaşı, bir çox ölkələrdə də kəskin şəkildə azalsa da, heç bir ölkə bu mübarizədə qalibiyyətə yaxınlaşdığını bildirmir.
Düzdür, hazırkı vəziyyət bizi sevindirir. Ölüm hallarının azalması, yoluxmanın iki rəqəmli olması, sürətli vaksinasiya aparılması müsbət haldır. Amma "başına gələn başmaqçı olar” prinsipini əsas tutaraq, sevinməyə, arxayınlaşmağa çəkinirik. Biz bundan öncəki yumşalmalarda gördük ki, insanlar bu vəziyyəti, sanki epidemiyanın tam bitməsi hesab edir və virusdan qorunmaq üçün ehtiyat tədbirlərinə əməl etmirlər. Yumşalmaların olması koronavirusun bitməsi demək deyil. Kafelərdəki sıxlıq, maskadan istifadə edilməmə halları bizi yenidən sərt karantin rejiminə geri döndərmişdi. Bəs görəsən indi vəziyyət necədir? Biz yenidən bu taleni yaşaya bilərkmi?
Professor Adil Qeybulla deyir ki, həddindən artıq optimizm bizim ziyanımızadır. Ekspertin sözlərinə görə, hələ insanların əksəriyyətində immunitet formalaşmayıb: "Aparılan araşdırmalar göstərir ki, hələ "CoronaVac”la vaksinasiya olunmuş şəxslərin əksəriyyətində immunitet formalaşmayıb. Təəssüflər olsun ki, vaksinasiyanın effektivliyi də biz gözləyən həddə deyil. Bu, təkcə bizdə deyil, başqa ölkələrdə də belə tendensiyaya rast gəlmək mümkündür. Ona görə də qətiyyən arxayın olmamalıyıq. Təəssüflər olsun ki, 4-cü dalğa, yaxud yeni pandemiyanın baş verə biləcəyi ehtimal edilir. Biz də son dərəcə diqqətli olmalı, karantin tədbirlərini gücləndirməliyik. Epidemioloji vəziyyətdə hər hansı pisləşmə olarsa, çox sərt tədbirlər görülməlidir. Hətta vaksinasiya məcburi xarakter daşıya bilər. Hesab edirəm ki, əhalini kütləvi antikor testi etməli, immunitet yaranmayan insanları yenidən vaksinasiya etməliyik”.
Təhlükəli "Delta” ştamı gəlirmi?
Minnesota Universitetinin Yoluxucu Xəstəliklərin Tədqiqatı Mərkəzinin direktoru, epidemioloq Mike Osteholmun sözlərinə görə, bəziləri pandemiyanın sona çatdığını düşünsə də, bu, belə deyil: "Nə qədər ki, insanların virusu bir-birinə ötürməyi davam edir, virusun yeni, daha ağır variantların inkişafı ehtimalı bir o qədər yüksəkdir. Narahatlığı törədən həm ötürülmə sürəti, həm də xəstəliyin daha ağır keçməsinə səbəb ola bilən "Delta” variantıdır”.
Həkimin fikrincə, indiyə qədər tam vaksinasiyadan keçmiş insanlar yeni ştamlara qarşı da güclü qorunma nümayiş etdiriblər: "Ancaq yalnız bir doza qəbul edən insanlar digər ştamlarla müqayisədə "Delta”nı daha pis keçirirlər”.
Həkim pandemiyanın uzunmüddətli trayektoriyasını anlamaq üçün qlobal vaksinasiya dərəcəsinin vacibliyini vurğulayır. O qeyd edir ki, 6.4 milyard insanın yaşadığı aşağı və orta gəlirli ölkələrdə, bu günə qədər 1 faizin yarısından az insan COVID-19 peyvəndi əldə edib. Belə olan halda xəstəliyə qalib gəlməyimizdən söhbət gedə bilməz.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər