Artrit və artroz xəstəliklərindən qorunmağın yolları
Dünən akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında
Ümumdünya Artrit Xəstəliyi ilə Mübarizə Gününə həsr edilmiş tədbir
keçirilib.
APA-nın xəbərinə görə, Respublika Klinik Xəstəxanasının baş həkimi Telman
İbadov bildirib ki, bu xəstəliyin müxtəlif müalicə üsulları var, artrit oynaqda
yaranan iltihabı prosesdir.
Onun sözlərinə görə, bu proses nəticəsində
oynaq şişir, hərəkət məhdudluğu yaranır: "Artritin əlamətləri şişkinlik,
formanın dəyişməsi, ağrı, oynaq səthinin qızarması, hərəkət məhdudluğudur.
Dünyada 10 milyonlarla insan artritlərin bu və ya digər növlərindən əziyyət
çəkir. Son 20 ildə xəstəliklərin sayı iki dəfə çoxalıb. Artritlərə müxtəlif yaş
qrupundan olan insanlarda rast gəlinə bilər. 2016-cı ildə Respublika Klinik
Xəstəxanasında 221 xəstə, 2017-ci ilin 9 ay ərzində isə 142 xəstə müxtəlif
mənşəli artrit xəstəliklərindən müalicə alıb".
T.İbadov qeyd edib ki, son illər artrit
və artroz ən çox yayılmış oynaq xəstəliklərindən biridir. Onun sözlərinə görə,
artrit gənc yaşda, artroz isə 50-60 yaşda başlayır. "Artritin müalicəsində
stasionar, bəzən ambulator, artrozlarda isə ambulator müayinədən istifadə
edilir. Artritlərdə müalicənin nəticələrinin proqnozu müsbət, artrozda isə
xəstəliklərə görə vəziyyət fərqli olur. Artroz ağır dərəcədə olduqda,
şikəstliyə kimi gətirib çıxara bilir".
Mövzunun aktual olduğunu nəzərə alaraq,
bu xəstəliklərin yaranma səbəblərini və qorunma yollarını öyrənməyə çalışdıq.
Tibb elmləri doktoru, əməkdar elm
xadimi, professor Sahib Musayev bildirir ki, bunların hər
ikisi ayrı-ayrı xəstəlikdir: "Artrit oynaqların iltihabı, artroz isə oynaqların
degenerativ xəstəliyidir. Artrit iltihab mənşəli, birləşdirici toxumanın
autiumnin xəstəliyi olub daha çox gənclərdə, orta yaşlı insanlarda müşahidə
olunur. Artroza isə ən çox orta yaşdan sonra, ahıl insanlarda rast gəlinir.
Artroz oynaq qığırdağının qocalması və desturuksiya olması ilə xarakterizə
olunur. Ona görə də artroz xəstəliyinin qarşısını almaq üçün artıq çəki ilə
mübarizə aparmaq, travmatik zədələrdən uzaq olmaq lazımdır. Bu xəstəliyə
xüsusən professional idmanla məşğul olan insanlarda daha çox rast gəlinir.
Yaşlılarda isə hipodinamiya, yəni hərəkət məhdudluğundan əmələ gəlir. Bunun profilaktikası travmalardan qorunmaq,
kalsium ilə zəngin qidalarla qidalanmaq, balıq məhsullarından istifadəyə daha
çox üstünlük verməkdir. Ağır yük qaldırmaqdan da imtina edilməlidir”.
Həkim
deyir ki, artrit xəstəliyinin isə təəssüf ki, profilaktikası yoxdur. Bunun
səbəbi məlum deyil: "Bədənin ayrı-ayrı toxuma və üzvlərindəki komponentləri
bədən özü inkar edərək, qəbul etmir. Burada əsas iş immunitetin
yüksəldilməsidir. Soyuqlama şəraitində immunitetin aşağı düşməsi ilə bu
xəstəliyin ortaya çıxması baş verir. Sağlam həyat tərzi keçirmək, düzgün
qidalanmaq, iş rejiminin lazımı səviyyədə qurulması, stressdən uzaq, zərərli
vərdişlərdən imtina bu xəstəliyin yaranmasının qarşını alır. Xüsusilə qadınlar
arasında siqaret çəkmənin bu xəstəliyin əmələ gəlməsində rolu böyükdür. Bu,
sübut olunmuş bir faktdır. Bütün gün
kompüter arxasında oturan insanlarda da bu xəstəliyin müşahidə olunma ehtimalı
var. Onlara məsləhət görərdim ki, hər bir saatdan bir durub fiziki hərəkətlə
məşğul olsunlar. Çində belə bir məsəl var, "hər yeməkdən sonra yüz addım atsan,
yüz il yaşayarsan”. İltihabi xəstəliklərin fəsillə də əlaqəsi var. Xüsusən yaz və payız aylarında, metroloji
faktorların kəskin dəyişdiyi vaxtda bu kimi xəstəliklər müşahidə olunur”.
Revmatoloq Çinarə Səfərovanınfikrincə, artıq çəki bu xəstəliyi yaradan əsas səbəblərdəndir: "Bu
xəstəliklərdən qorunmaq üçün ilk növbədə düzgün qidalanmalı, çəkimizi nəzarətdə
saxlamalı və fiziki hərəkətlə məşğul olmalıyıq. Qəbul etdiyimiz preparatlardan
da çox şey asılıdır. Revmatik xəstələrin istifadə etdiyi bəzi dərmanlar
sümükdəki kalsini azaldır. Bu, oynaqlarda qığırdaqların yeyilməsinə səbəb olur.
Xəstə bu kimi dərman vasitələrindən istifadə edirsə, mütləq onun qoruyucusunu
da qəbul etməlidir. Və ya alınan travmalar da bu xəstəliklərin əmələ gəlməsinə
şərait yarada bilər. Bir sıra revmatik xəstəliklər var ki, onlarda artrit
müşahidə olunur. Revmatik xəstəliklər vaxtında müalicə olunmazsa, artrit əmələ
gələ bilər. O cümlədən, oturaq işlə məşğul olan insanlarda hərəkətsizlikdən bu
xəstəlik yarana bilər. Hərəkətsizlikdən
qan dövranı pisləşir, bu da maddələr mübadiləsinin pozulmasına, bir sıra
xəstəliklərin əmələ gəlməsinə səbəb olur”.
Günel Azadə