• cümə axşamı, 28 mart, 14:15
  • Baku Bakı 16°C

Artıq üç ildir ki, fəal səhnədə deyiləm

28.01.19 15:00 1097
Artıq üç ildir ki, fəal səhnədə deyiləm
Keçmə şairindən, xanəndəsindən
Qəlbini bu yerə bağlar deyərlər
Döysən Qarabağda bir uşağı sən
Muğamat üstündə ağlar deyərlər.

- Hansısa şairin yadımda qalan numisralarıyla sizə müraciət etməyim səbəbsiz deyil, Qarabağda doğulub dodaqaltı da olsa mahnı, muğam oxumayan adam yoxdur. Amma böyük sənətə qədəm basıb uğur qazanmaq isə hər adama qismət olmur. Sənət yolu seçməyinizi, bu yolda şöhrət qazanmağınızı hansı başlıca səbəbə bağlayırsınız?
– Əlbəttə ki, ilk növbədə o torpaqda doğulduğuma görə, bəlkə də, başqa bölgədə doğulsaydım, başqa bir sənətin sahibi olardım. Bəlkə də, elə Qarabağda doğulduğuma görə Allah mənə səs verib. Buna görə Allahıma təşəkkür edirəm. Hər bir insanın missiyasını Allah təyin edir, yəni ona hər hansı bir sahədə istedad verir. Mənə də Qarabağlı olmağı nəsib edib və mənə bu səsi verib. Seçdiyim sənətə görə valideynlərimə də minnətdaram. Əsas məsələ isə ağıl, zəhmət və səbirdir. Çünki, bizim musiqimizin muğam janrı çox çətin və ciddi bir janrdır. Hələ Sovet dövründə yaşamaq, o dövrün çətinliklərinə baxmayaraq muğam janrı ilə tanınmaq, qəbul olunmaq fantastik dərəcədə əlçatmaz görünürdü. Amma içimdə müsiqiyə olan o məhəbbət, sənətə olan yanğı, fədakarlıq məni səbirli olmağa, dözməyə və inadla əsas məqsədə çatmağa vadar etdi. Hərdən dönüb geriyə baxıram, deyirəm, İlahi, sən mənə necə güc vermisən, mən bu yolu necə keçib gəlmişəm, özüm də inana bilmirəm. Allah istəyəndə insana güc verir, bütün sınaqların qarşısında yol açır. İndi sənətə gəlməyə nə var ki… 2005-ci ildən bu günə kimi Heydər Əliyev Fondunun dəstəyi ilə Muğam televiziya müsabiqələri keçirilir. Özümüz gedib bölgələrdən istedadları tapıb seçirik. Biz də sənətkar olaraq onların ən yaxşılarını canlı efirə çıxarırıq, üç ay ərzində onları xalqa tanıdırıq. Amma bizim dövrümüzdə efirə çıxmaq bir möcüzə idi, yəni o dərəcədə çətin idi. Senzura vardı, cəmi bir televiziya kanalımız vardı, inamsızlıq vardı, gənclərə indiki kimi bu dərəcədə qayğı yox idi. Yəni sənətə gəlmək hardasa bir qəhrəmanlıq idi. O adamlar ki, səhnəyə gəlirdilər, tanınırdılar, o insanlar fədakar insanlardır, ömrünü bu yola həsr etmiş insanlardır. Mən Opera və Balet Teatrında işləyirdim, ayda cəmi 80 rubl maaş alırdım. Hətta dostlarım mənə deyirdilər ki, sən, bəlkə, janrını dəyişəsən, müasir mahnılar oxuyasan. Mən deyirdim, yox, içimdən gələn, bacardığım, oxumaq istədiyim ancaq muğamdır. Dözdüm, bu günə gəlib çatdım. Allah hər zaman səbrli insanları mükafatlandırır. Mən həmişə tələbələrimə də deyirəm ki, səbirli olun. İndiki gənclərin səbri yoxdur. İstəyirlər ki, hər şeyi bir anda əldə etsinlər. Mən deyirəm ki, siz çalışın sənəti öyrənin, sənətkar olun, qalan işlər öz-özünə reallaşacaq.
– Operaya gəlişinizdə Şövkət Ələkbərovanın əvəzsiz rolu olub. O, deyib ki, vaxt gələcək səni Məcnun kimi barmaqla göstərəcəklər.
– Hərbi xidmətdən sonra Bakıya gəldim. Sənədlərimi Bakı Musiqi Məktəbinin Muğam şöbəsinə verdim və mərhum sənətkarımız Vahid Abdullayevin sinfinə qəbul olundum. Üçüncü kursda oxuyanda, 1985-ci ildə Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyi ilə bağlı müsabiqə keçirildi. Mən də həmin müsabiqəyə hazırlaşdım, muğam üzrə laureat olub, birinci yeri tutdum. Orada Şövkət Ələkbərova ilə tanış oldum. Şövkət xanım münsiflər heyətinin üzvü, Gülağa Məmmədov isə sədri idi. Birincilik diplomunu Şövkət xanım mənə verdi və məni öz sinfinə dəvət etdi. Dedi ki, sənin səsini çox bəyəndim, mənim sinfimə gəl. Səhhətində problem olduğuna görə bəzən dərsləri evində keçirdi. Mənə dedi ki, bəlkə səni operaya aparaq, orada oxuyasan. Soruşdum ki, mən operada oxuya bilərəm? Çünki, hələ tələbə idim. Bəzən eşidirdim deyirdilər ki, operada adamın səsi batır. Şövkət xanım dedi ki, sənin səsin, görkəmin Məcnuna çox uyğundur. Əgər sən yaxşı çalışsan, öz üzərində işləsən, vaxt gələcək, sən ən yaxşı Məcnunlardan biri olacaqsan. İndi hər dəfə səhnəyə çıxanda, o uğuru görəndə Şövkət xanımın ruhuna dua oxuyuram. Mən onu özümə nümunə götürmüşəm. Demişəm ki, hər zaman gənclərə kömək edəcəyəm. Əlimdən tutub mənimlə bərabər operaya getdi. Bədii Şuranın üzvləri yığıldılar, mənə qulaq asdılar. Onda 33 yaşım var idi. O gündən bu günə kimi "Leyli və Məcnun” tamaşasında Məcnun obrazını yaradıram. Yaşlı nəslin nümayəndələri məni altı il baş rol ifa etməyə qoymadılar. Hətta deyirdilər ki, sən də yaşlananda belə olacaqsan. Mən deyirdim ki, bu, yaşla bağlı bir məsələ deyil. Paxıllıq insanın canındadır, naşükürlük və paxıllıq insanın genindən gəlir. Muğam müsabiqəsinin on yeddi nəfər ifaçısını mən operaya aparmışam. Hər il, hər müsabiqədən sonra operanın rəhbərliyinə müraciət edirəm. O da sağ olsun onları dinləyir, tələbələrimdən on nəfəri operada çalışırlar. Yeni Leylilər, Məcnunlar hazırlamışam, hamısının da tamaşasına gedirəm. İyirmi beş ildir ki, Məcnunu oxuyuram. Elə bir dövr oldu ki, yaşlı nəsil teatrdan çıxmışdı, mən tək qalmışdım, o dövrdə mən təkbaşına Məcnunu oxudum. Bu günə kimi on Leyli ilə tərəfmüqabili olmuşam. Mən istəyirəm ki, gənclərimiz daha çox yetişsinlər, ona görə də onlara yer veririk. Mən yalnız teatr sezonun açılışında və bağlanışında oxuyuram, çünki tamaşaçı məni tələb edir. Mən daha çox Milli Konservatoriyanın professoru, müəllim kimi fəaliyyət göstərirəm. Bu gün gənc Leylilərimiz, Məcnunlarımız var. Bəzən deyirlər ki, Mənsum İbrahimov bu yaşda Məcnunu ifa edir. Mən artıq üç ildir ki, fəal səhnədə deyiləm. Sadəcə nümunəvi tamaşa oxuyuram, o tamaşanı da öz tələbələrimlə oxuyuram. Yəni, bu gün səhnədə gənclərimizdir.

– Səhnədə dəfələrlə Məcnun obrazını yaradan Mənsum İbrahimov, sən demə, həyatda da müəyyən qədər Məcnun olub. Amma içinizdəki məcnunluğu ətrafınızdakılar görməyiblər, hisslərinizi saxlamağı bacarmısınız.
– Hər bir insanın həyatında o sevgi hissi var. İnsanı yaşadan da o hissdir. Sevgi hissi olmasa insan bir robot olar. Həyat yoldaşımla eyni məktəbdə oxumuşuq, aramızda münasibət yaranıb. O vaxt başqa bir dövr idi, mobil telefonlar da yox idi. O hissləri biz bir-birimizə demədən yaşamışıq. Sevgini heç vaxt qışqırmazlar. Allaha şükür, bu gün dörd övladımız var. Həyat yoldaşım coğrafiya müəlliməsidir, əməkdar müəllimədir. Onun yetirmələri bu gün müxtəlif sahələrdə xidmət edirlər. Biz müəllim ailəsiyik. Mən də müəlliməm, muğam professoruyam. Üç qızımız, bir oğlumuz var. Qızlarım ali məktəbi qırmızı diplomla bitirib. Bu da mənim xanımımın xidmətidir. Çünki mən çox vaxt qastrollarda oluram. O iş xanımımın üzərinə düşür. Qızlarımın üçü də ailəlidir. Qızlarımın hər biri mənim üçün bir dünyadır. Onları o qədər çox istəyirəm ki... Sonbeşik oğlumun on dörd yaşı var. Orta məktəbdə oxuyur, idmanla məşğul olur. Övladlarımın ixtisas seçiminə heç vaxt qarışmamışam. İki qızım Beynəlxalq Münasibətləri bitirib, biri diplomant, biri məmurdur. O biri qızım isə həkimdir. Oğlum uşaq vaxtı oxuyurdu. Görsəydim ki, qeyri-adi səsi var, kömək edərdim. Valideyninə görə sənətə gələn uşaq həmişə yarı yolda qalır. Qoy bacardığı işlə məşğul olsun ki, Vətənimizə yararlı ola bilsin. Mənim övladlarım heç vaxt adımdan istifadə etməyiblər, çünki belə tərbiyə görüblər. Onlar görüblər ki, valideynləri hər şeyi öz zəhmətləri ilə əldə ediblər.
– Siz həm də müəllimsiniz. Asəf Zeynallı adına Musiqi Kollecində və Milli Konservatoriyada dərs deyirsiniz. Eşitdiyimizə görə valideynlər uşaqlarının sizin sinfinizdə oxumağını istəyirlər, elə uşaqların özləri də sizin sinfinizdə təhsil almaq üçün can atırlar.
– Tələbələrimə övladlarım kimi baxıram. Təhsil almağa gələn uşaqlar yaradıcı uşaqlardır, onlara fərdi yanaşıram. Bəzən görürsən ki, uşaq gələndə qapalı olur, bir aydan sonra açılır. Onlara təkcə dərs demirəm, onları müsabiqələrə, efirlərə çıxarıram, tədbirlərə, xarici səfərlərə aparıram. Onları bir sənətkar kimi yetişdirirəm. Hətta onlara ailə məsələlərində də kömək edirəm. Tələbəyə kömək etmək lazımdır, onu sıxmaq olmaz. Oxuyan on tələbədən beşi xanəndə olacaq. Onların yaddaşında qalmalıdır ki, müəllim mənə təmənnasız kömək edib. Onlardan tələbim isə odur ki, hər biri özündən sonra gələn beş nəfərə köməklik etsin. Onlar görürlər ki, mənim tələbələrim irəli gedirlər, yeni gələnlər də istəyirlər ki, onlara da köməklik edim. Sinfimə gəlmək istəklərinin bir səbəbi də bu dediklərimdir. Hərdən rektorumuz Səyavuş müəllim mənə deyir ki, sən bizə problem yaradırsan, qəbul olunan uşaqların bir çoxu sənin sinfində təhsil almaq üçün ərizə yazırlar. Deyirəm, mən onlara demirəm ki, mənim sinfimə gəlin. İstəyirəm ki, konservatoriyaya layiq uşaqlar yetişdirək, bu, bizim borcumuzdur. Bu gün biz Əlibaba Məmmədov, Arif Babayev kimi ustadlarımızla əl-ələ verib bu işləri görürük.

– Müsahibələrinizin birində "İnsan imtahana çəkilir”, deyirsiniz. Çəkən varsa, çəkdirən kimdir? Bunu deməklə nəyi nəzərdə tutursunuz? Mühitimi, zamanımı, yoxsa alın yazısınımı? Ümumiyyətlə, siz taleyə inanırsınızmı?
– Tam yox, müəyyən qədər inanıram. Həqiqətən də, Allah sevdiyi insanları sınağa çəkir. Həyat düz xəttən ibarət deyil ki? Həyat elə o çətinlikləri, problemləri ilə gözəldir. İnsan bir problemini həll edir, rahatlaşır, amma sabah digər problem baş qaldırır. Əslində, xoşbəxt, güclü insan odur ki, özünü həyatda itirməsin. Çətinliyi də verən Allahdır, xoşgünü də. Xoş günündə Allaha şükür etməlisən, çətin gününə naşükürlük etməyə haqqımız yoxdur. Allah rəhmət eləsin, Zəlimxan Yaquba, onun xəstə vaxtı bir müsahibəsini dinlədim. Ona sual verirlər ki, siz bu xəstəliyi necə qəbul etdiniz? Dedi ki, ”kənddən gəlmiş bir uşaq idim. Gəldim Bakıya, ölkə ilə bir adım oldu. Heç ağlıma da gəlməzdi ki, yetim bir uşaq bu qədər tanınmış bir insan olacaq. Məni bu səviyyəyə çatdıran, əlimdən tutan Allah oldu. Zaman keçdi, xəstələndim, xəstəliyi də mənə Allah verdi. Mən xəstəliyi də sevə-sevə qəbul etdim”. İnsanın içindəki böyüklüyə baxın ki, Allahın verdiyi xəstəliyi də sevə-sevə qəbul edib. Çünki, onu da verən Allahdır. Allah heç kimə dərd, bəla verməsin. Amma insanın həyatında gözlənilməz hadisələr də, qəzavü-qədər də olur. Qalan şeylər isə insanın özünə bağlıdır. Çünki, Allah hər bir insana vücudunu əmanət verir, ağıl, şüur verir. Allah buyurur ki, sənə şüur verdim ki, həyat yolunu özün müəyyənləşdirəsən. Çətinlikdən keçəndə qorxmayasan, mətin dayanasan, səbirli olasan, heç vaxt özünü itirməyəsən. Hər şey üçün Allaha şükür etmək lazımdır. Ona görə də hər şeyə rağmən həyatı şərəflə yaşamaq lazımdır, azad, rahat. Həyatımın ən çətin dönəmində də şükür edib yaşamışam, bu gün də şükür edib yaşayıram. Muğam sənəti ilə məşğul olan bir insan maddi cəhətdən o qədər də zəngin olmur, amma mən mənəvi cəhətdən çox zənginəm. Əsas məsələ, cəmiyyətin hörmətini qazanmaqdır, cəmiyyətə zərər vermək yox, xeyir vermək lazımdır. Bizim həyatımızı xalq bizdən yaxşı bilir, çünki, xalqın gözü önündə yaşayırıq və dünyamızı dəyişirik. Bundan gözəl şey yoxdur. Elə insanlar var ki, problemi həll olunmayanda depressiyaya düşür. Problemi verən də Allahdır. Zaman keçir, düşünürsən ki, o problemə görə mənasız yerə depressiyaya düşmüsən. O iş həll olunmalıdırsa, həll olacaq. Amma olmayacaqsa, özünü öldürsən də olmayacaq. Ona görə də onun fikri ilə depressiyaya düşüb yaşamaq lazım deyil. Hər günümüz bizə bir dəfə verilir. Həyatı yaşamaq la- zımdır. Ətrafa neqativ yox, müsbət enerji vermək lazımdır, insanlar səndən qaçmasınlar. İnsanlar neqativ enerji verən adamdan qaçırlar. Həyatda elə insanlar var ki, salam verirsən, narazılıq, naşükürlük edir, yaxşı heç nəyi görə bilmirlər, hər şeyi ancaq neqativ görürlər. O insanlar zərərvericilərdir, onlardan həmişə uzaq olmaq lazımdır. Onlar yaxşı günlərinə də sevinmirlər, sevinə bilmirlər. Çünki, içindəki neqativ qaranlıq imkan vermir ki, işığı görsün. O, hər şeydə bir qaranlıq axtarır. Mən hamıya işığı görməyi arzulayıram. İşıqlı olsunlar, canları sağ olsun. Bütün çətinliklərinə baxmayaraq, həyat gözəldir.

Söhbətləşdi: İntizar İsmayıl

banner

Oxşar Xəbərlər