• cümə axşamı, 29 may, 09:10
  • Baku Bakı 20°C

Artıq olanda, əzab verir o da...

08.11.17 12:30 7155
Artıq olanda, əzab verir o da...
Soyuq qış aylarında ən çox qəbul etdiyimiz yeməklər xəmir xörəkləridir. Hətta insanlar arasında "xəngəl havası” deyə inanc da mövcuddur. Hava soyuq və ya yağışlıdırsa, xəngələ getmək lazımdır. Milli mətbəximizin bəzəyi olan xəmir xörəklərini oturaq həyat tərzi, insan fəaliyyətinin bir çox sahələrində fiziki əməyin texnika ilə əvəz olunması, aktivliyin azalması insan səhhəti üçün zərərli hala salıb. Alimlər sübut edib ki, Azərbaycan mətbəxinin əvəzolunmasına çevrilən xəmir xörəkləri hətta ölümə də səbəb ola bilər.
Bəs ekspertlərimiz nə düşünür? Xəmir xörəklərini yeməyin xüsusi qaydası və vaxtı varmı? Ümumiyyətlə, xəmir xörəkləri necə yeyilməlidir?
"Xəmir xörəkləri ayda bir dəfə yeyilməlidir”
Dietoloq Fuad Məcidov qəzetimizə açıqlamasında bildirdi ki, xəmir xörəklərinin kalorisi yüksək olduğu üçün insan orqanizmində ciddi problemlər yarada bilir: "Anlayıram, qış fəslində beyin xəmir xörəklərini tələb edir, bədən onu istəyir. Amma xəmir xörəkləri orqanizm üçün təhlükə mənbəyidir. Xəmir, un karbohidratdır. Xəngəl, tort, keks, undan hazırlanan hər bir xörək, şirniyyat karbohidratla zəngindir. Karbohidratın 3 əsas tərkib hissəsi var: Qlükoza, laktoza, fruktoza. Bunlar da bədənə ziyan olan maddələrdir. Xəmir xörəkləri kalori baxımından da çox yüksəkdir”
Dietoloqun sözlərinə görə, xəmir xörəkləri ayda bir dəfə yeyilməlidir: "Mən demirəm yeməyək. Yeyək. Amma ayda bir dəfə yeyək. Hər həftə oturub qutab, xəngəl, un məmulatlarından istifadə etmək olmaz. Bəzi insanlar var ki, xəmir xörəklərinə çox düşkündür. Belə qidaları ət, toyuqla qarışdırmayın və mütləq göyərtilər, tərəvəzlərlə bir yerdə yeyin. Xəmir xörəyinin yanında da mütləq qatıq olmalıdır. Məsələn, xəngəl ətli, zülallı, proteinli deyil, tərəvəzlərlə yeyilməlidir. Qarın qutabı yox, daha çox göy qutabı yeməyə üstünlük verin. Ən əsası, xəmir xörəklərinin ununa da diqqət edin. Qara, yulaf unundan istifadə etmək lazımdır. Çünki qara unun ağ undan fərqli olaraq, həm kalorisi aşağıdır, həm də bizim mədə, bağırsağımızda daha rahat həzm olunur. Məhz ona görə də, insanlar qara undan hazırlanan xəmir xörəklərini yesələr, daha faydalı olar”.
"Yemək ayrı məşğuliyyətdir, mədəni doldurmaq ayrı…”
Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov Azərbaycan mətbəxində hər hansı yeməyin zərərli olması fikrini qəbul etmir. Deyir ki, normal qidalanan insan üçün heç bir yeməyin ziyanı ola bilməz: "Nizami Gəncəvinin misrasında deyildiyi kimi "Artıq içiləndə dərd verir, su da...” Yəni ən ziyansız bir qida olan suyu da çox içəndə, ziyan verə bilər. Normal qidalanması olan insan üçün xəmir xörəkləri niyə ziyan olsun ki? Əksinə soyuq qış aylarının yeməyi məhz xəmir xörəkləridir. Bu yeməklər qışda insana istilik verir. Amma yeyəndən sonra mütləq işləməli, hərəkət etməlisən. Təbii, tək xəmir yeməklərini yox, bütün yeməkləri yeyib oturduqda, yatdıqda, həzm olunmur və orqanizmdə ciddi fəsadlar yarada bilir. Qış vaxtı bədənə istilik verən yeməklər yemək lazımdır. Amma bir məqama diqqət etməliyik. Yemək ayrı məşğuliyyətdir, mədəni doldurmaq ayrı… Təbii, artıq yeyəndə partlamaya düşəcəksən”.
Baş kulinar yeməklərin insan səhhətində yaratdığı problemlərin səbəbini passiv həyat tərzi ilə əlaqələndirir. Kulinarın sözlərinə görə, insan orqanizmində yeməklə bağlı bütün problemlər hərəkətsizlikdən, tənbəllikdən irəli gəlir: "Əvvəllər insanlar çox yeyib, gedib yer şumlayıb, əkin əkir, fiziki işlə məşğul olurdular. Əgər bir yekə qab xəngəli yeyib gedib yatacaq və ya kabinetinizdə oturacaqsınızsa, bu, əlbəttə sizə mənfi təsir edəcək. Gün ərzində sərf etdiyiniz enerji qədər yemək yeməlisiniz. Burada yeməyin və qışın günahı yoxdur. Xəmir xörəkləri qışın dərmanıdır. Qışda ət və xəmir yeyərlər”.
"Qidalanma mədəniyyəti olmalıdır”
Tibb elmləri doktoru Adil Qeybulladeyir ki, əgər bəzi qidalardan insan səhhətinə zərər dəyirsə, bunun səbəbini orqanizmin özündə axtarmaq lazımdır: "Ümumiyyətlə, insanlarda qidalanma mədəniyyəti olmalıdır. Qida az qəbul olunmalıdır, axşam saatlarında qida qəbulunu kəskin şəkildə azaltmaq lazımdır. Yağlı qidalardan imtina olunmalıdır, çox hərəkətli olmaq, bədənin aktivliyini qorumaq lazımdır. Yeməklə bağlı fəsadlar o səbəbdən yaranır ki, biz həddindən artıq kalorili qidalar qəbul edirik. Ancaq həmin kalorini sərf etmək üçün hərəkətlilik yetərincə olmur. Oturaq iş rejimində çalışan, hərəkətsiz və çəkisi həddindən artıq olan insanlar üçün bəzi çox yağlı və kalorili milli yeməklərin qəbulu ziyanlıdır”.
Həmsöhbətimizin sözlərinə görə, bizim ən böyük problemimiz qəbul etdiyimiz qidanın kalorisini sərf edə bilməməyimizdən irəli gəlir: "Ən böyük problemimiz hipodinamiya problemidir. Yəni qəbul olunan kalori ilə sərf olunan kalori arasındakı fərqdir. Hipodinamiya bütün xəstəliklərin əsasında dayanır. Bu orqanizmdə bir durğunluq yaradır və qarın, bağırsaqlar, həzm sistemi normal işləmir, qan dövranı tənzimlənmir, venoz qan dövranı sistemində problemlər yaranır. Bədənə daxil olan kalori sərf olunmur, bu da çəki artımına gətirib çıxarır”.
"Ürək-damar xəstəliklərinin cavanlaşmasının səbəbi…”
A. Qeybulla sonda vurğuladı ki, ürək damar xəstəliklərinin cavanlaşmasının səbəblərindən biri də axşam vaxtı yemək yeyib hərəkət etməməkdən irəli gəlir: "Xəmir xörəkləri mədə üçün həzm baxımından ağır olan yeməklər kateqoriyasına aiddir və nəzərə alaq ki, burada yağ elementləri, karbohidratlar, zülallar kifayət qədər var. Çətin həzm olunan qidalar günorta vaxtı qəbul olunub, axşam qəbul olunmursa və bunun arxasında fiziki iş, kalorinin sərfi dayanırsa, burada problem yoxdur. Amma yeyib hərəkət etməmək artıq çəkiyə, mədə-bağırsaq, öd yollarının xəstəliyinə səbəb ola bilir. Biz qida rejiminə fikir verməliyik. Mümkün qədər az qida qəbul etməli, saat 5-dən sonra qida qəbulunu məhdudlaşdırmalıyıq. Təəssüflər olsun ki, biz axşam vaxtı daha çox yemək yeyirik. Axşam çox yediyimiz üçün ağırlaşır, hərəkət etmədən yatırıq. Bu da ürək damar xəstəliklərinin, şəkərli diabetin artmasına səbəb olur. Bu gün cavan adamların əksəriyyətində ürək damar xəstəliklərinin peyda olunması da məhz bununla bağlıdır”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər