AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Artıq hər şey aşkar olacaq” müsahibə

“Artıq hər şey aşkar olacaq” müsahibə

Siyasət
15 Fevral 2013, 09:58 1521
Azərbaycanda ianə edilən pul vəsaitlərinin siyasi partiyalara, QHT-lərə, həmçinin xarici QHT-lərin ölkədəki nümayəndəliklərinə nağd şəkildə verilməsinin qadağan olunacağı gözlənilir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə 247-5 maddəsi əlavə ediləcək. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən parlamentin plenar iclasına tövsiyə olunan layihəyə görə, hər hansı fiziki şəxsin qeyd olunan təşkilatlara nağd şəkildə pul vəsaiti verdiyi aşkarlanarsa, 250 manatdan 500 manata qədər, vəzifəli şəxslər 750 manatdan 1500 manata qədər, hüquqi şəxslər isə 3500 manatdan 7000 manata qədər cərimələnəcəklər. Dəyişikliklərdə ianə edilən pul vəsaitlərinin siyasi partiyalar, QHT-lər və xarici QHT-lərin ölkədəki nümayəndəlikləri tərəfindən nağd şəkildə qəbul edilməsi də qadağan olunur. Bunun üçün vəzifəli şəxslər 1000 manatdan 2000 manata qədər, hüquqi şəxslər isə 7000 manatdan 10 000 manata qədər cərimələnəcəklər. Azərbaycanda fəaliyyət göstərən, nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik olan QHT-lərə nağd şəkildə verilən və həmin təşkilatlar tərəfindən nağd şəkildə qəbul edilən 200 manata qədər ianələrə bu maddənin qüvvəsi şamil edilməyəcək. Mövzu ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Çingiz Qənizadə “Kaspi”nin suallarını cavablandırır.

- Çingiz müəllim, sizin də üzv olduğunuz komitə tərəfindən parlamentin plenar iclasına tövsiyə olunan bu layihə barədə nə deyə bilərsiniz?
- Milli Məclisin plenar iclasında dörd qanun layihəsinə dəyişikliklərlə bağlı mənim təklifim müzakirəyə çıxarılır. Bunlar “Qrant haqqında”, “Dini etiqad azadlığı haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar)” haqqında qanunlara, eyni zamanda “İnzibati xətalar məcəlləsi”nə edilən dəyişikliklərlə bağlı qanun layihəsidir. Burada söhbət QHT-lər və dini qurumlar tərəfindən hər hansı ianələrin nağd şəkildə alınmasından söhbət gedir. Bu, artıq qadağan olunur və rəsmi şəkildə alınması vacib sayılır. Burada ianələrin verilməsi zamanı “Dini etiqad azadlığı haqqında” qanunla bağlı göstərmişəm ki, ianə verən şəxs özünün mənafeyinə, özünün istəyinə uyğun hər hansı tələb şəklində, imtiyaz xatirinə bu pulu verə bilməz. Eyni zamanda, bu pulu alan, yəni ianəni götürən şəxs də hansısa qəbz verməklə bu pulun alınmasını həyata keçirə bilməz. Bu baxımdan “Dini etiqad azadlığı haqqında” qanunun 18-ci maddəsinə belə bir dəyişiklik olunmasını təklif etmişəm. Fikirləşirəm ki, bu, olduqca normaldır. Bu dəyişiklik dini qurumlar, ictimai təşkilatlar vasitəsilə, hər hansı bir formada pulların əlbəəl verilməsini, bunun rəsmiləşdirilməməsini qadağan edir. Bu prosesin rəsmi şəkildə həyata keçirilməsini tələb edir. İanələrin verilməsi zamanı hər hansı bir şəxsin dolayısı və ya bilavasitə imtiyaz əldə etməsinin, gəlir əldə etməsinin qarşısını alır. Digər bir dəyişikliyin “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar)” haqqında qanuna edilməsi təşəbbüsünü irəli sürmüşəm. Bu qanuna yeni maddənin əlavə olunmasını təklif etmişəm. Burda da həmin qaydada ianələrin QHT-lər tərəfindən alınması, hər hansı bir şəxsə birbaşa, yaxud dolayı yolla maddi vəsait, nemət, imtiyaz və güzəşt verilməsi qadağan edilir. Göründüyü kimi, həm “Dini etiqad azadlığı”, həm də “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar)” haqqında qanunlara ediləcək dəyişikliklərdə söhbət sadəcə ianələrin nəğd şəkildə verilməsindən gedir. “Qrant haqqında” qanuna ediləcək dəyişikliklərlə bağlı təklifimizdə isə biz əvvəlcə nəzərdə tutulan qrantın tərifini veririk. Eyni zamanda 11-ci maddəyə əlavə olunur və burda göstərilir ki, “Dini etiqad azadlığı”, həm də “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar)” haqqında Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan ianələr və dövlət hakimiyyəti orqanlarının yardımları istisna olunmaqla, qrant müqaviləsi olmadan Azərbaycan Respublikasında fəaliyyət göstərən dini qurumlar, QHT-lər o cümlədən xarici dövlətlərin QHT-lərinin filial və nümayəndəlikləri maliyyə vəsaitləri və ya başqa maddi formada yardım qəbul edə bilməzlər. Burda da görürsünüz ki, söhbət ancaq qrant müqaviləsi olmadan maliyyə və ianə verilməsindən söhbət gedir. Hesab edirəm ki, burada yazılı, rəsmi şəkildə həm ianənin, həm də qrantın müqavilə formasında alınmasına heç bir qadağa yoxdur. Sadəcə, bu prosesin rəsmiləşdirilməsi və gələcəkdə hesabatlılığı tələb olunur. Qrantın alınması zamanı Ədliyyə Nazirliyinə məlumat verilməsi və eyni zamanda Maliyyə Nazirliyinə bu haqda hesabat verilməsi tələb olunur.

- Siz özünüz bu dəyişikliyi necə qiymətləndirirsiniz?
- Bu aşkarlıq, hesabatlılıq deməkdir. Belə bir addımın atılması ilə cəmiyyətdə QHT-lərə, dini qurumlara olan inam, etibar daha da artacaq. Çünki artıq hər şey aşkar olacaq. Bütün bu halların pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 223 və 247-ci maddələrinə də dəyişiklik olunacaq. Qrant müqaviləsi olmadan Azərbaycanda fəaliyyət göstərən QHT-lər, dini qurumlar, o cümlədən xarici QHT-lərin buradakı filial və nümayəndəlikləri hər hansı bir maliyyə vəsaiti alarlarsa, buna görə inzibati məsuliyyət ortaya qoyulacaq. Eyni zamanda, ianələrin 200 manata qədər xeyriyyəçi QHT-lərə verilməsinə məhdudiyyət qoymuruq. Hesab edirik ki, nizamnaməsi xeyriyyə məqsədlidirsə, orda ianələrin həddi 200 manata qədər olmaqla rəsmi sənədləşmə aparılmadan alına bilər. Mən 247-ci maddəyə yeni əlavələrin olunmasını da təklif etmişəm. Burda siyasi partiyaların, QHT-lərin hesablarına xarici dövlətlərdən hər hansı bir formada maliyyə daxil edildiyi zaman bununla bağlı maliyyə hesabatlarının verilməməsinə, eyni zamanda ianə və maliyyə vasitələrinin nəğd alınmasına görə məsuliyyət məsələsi qoyulub. Fikrimcə, bu dəyişiklik aşkarlığın, hesabatlılığın artırılması deməkdir. Eyni zamanda bu dəyişikliklər ölkədə Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrdə terrorçuluğun maliyyələşdirilməsi və sair kimi cinayət xarakterli hadisələrə yönələ bilən pulların qarşısının alınmasına xidmət edəcək. Nə qədər aşkarlıq olacaqsa Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələr əsasında birgə fəaliyyət şəklində çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsi və sair kimi halların qarşısı alınacaq.

- Belə söz-söhbət gəzir ki, bu dəyişikliklər QHT-lərin əlindən maliyyə qaynaqlarını alınmasına, onların daha ciddi nəzarətə götürülməsinə xidmət edəcək. Deyilənlər nə dərəcədə doğrudur?
- Qətiyyən belə deyil. Bütün bu söz-söhbətləri qanunla tanış olmayan həmkarlarım, QHT təmsilçiləri deyir. Axı, qanunvericilikdə biz göstərmirik ki, konkret olaraq bunu almaq olmaz, bunu etmək olmaz. Biz deyirik ki, ala bilərsən, ancaq, aldığını rəsmiləşdir, bunun hesabatını ver. Faktiki dövlət orqanları da məhz bu cür işləyir. Maliyyə onlara dövlətdən və ya hansısa mənbədən daxil olur. Sonra da mühasibatlıq vasitəsi ilə bunun hesabatını ortaya qoyurlar. Hətta dövlət qurumlarında audit yoxlamaları və sair də olur. QHT-lərə, ümumiyyətlə, hara pul ayrılırsa, harada pul varsa, o rəsmi şəkildə olmalı, hesabatı aparılmalıdır.

- Beynəlxalq praktikada, digər inkişaf etmiş ölkələrdə bu məsələ necə tənzimlənir?
- Beynəlxalq təcrübəyə baxsaq, deyə bilərəm ki, qanunvericiliyə bu dəyişikliklərin edilməsi baxımından hələ bir qədər gecikmişik. Çünki bu addımı atmazdan qabaq, biz özümüz beynəlxalq praktikanı araşdırdıq. Məlum oldu ki, İngiltərədə, Rusiyada, eləcə də Avropa ölkələrinin çoxunda hesabatlılıq tələb olunur, onların üzərində maliyyə-monitorinq nəzarəti də var. Hətta ABŞ-da belə bir qanun var ki, xarici təşkilatlardan pul daxil olarsa, mütləq rəsmi müqavilə bağlanmalı, həmin şəxs agent qismində qeydiyyata alınmalıdır. Söhbət hərbi agentdən və sairdən getmir. Sadəcə qeydiyyat aparılır ki, filan agentlər xarici təşkilatın nümayəndəsidir və pul müqabilində filan hərəkətləri həyata keçirirlər. Çox təəssüf ki, bəzən bizdə pulu alan şəxsin onu hara xərcləməyini, necə hesabat verməyini, yalnız özü bilir. Hamısını özü bildiyindən, bəzən alınan maliyyə şəxsi məqsədlər üçün istifadə olunur. Bu da bir problem deyil. Amma ən böyük problem budur ki, o pullar, sonradan ölkədə ictimai-siyasi sabitliyin pozulmasına, terrorçuluğun maliyyələşdirilməsinə xərclənə bilər, eyni zamanda, çirkli pulların yuyulmasına xidmət edə bilər. Buna görə də bu pulların üzərində dövlət öz nəzarətini həyata keçirmək istəyir.

- Azərbaycana və ölkədə fəaliyyət göstərən QHT-lərə bu dəyişikliyin faydası nə olacaq?
- Azərbaycana daxil olan pullar artıq aşkar bilinəcək ki, hansı təşkilata göndərilir, onlar hansı təyinatlar üzrə xərclənir, hansı layihələri reallaşdırmaq üçün nəzərdə tutulur. İndiyə qədər bəzi dövlətlərdə bu və ya digər formada yalançı layihələr hazırlandı. İndi isə bu məqsədlə ayrılan qrantların, bu “layihələrə”ə görə hesaba daxil olan pulların azalması müşahidə olunacaq. Məsələn, İrandan, Rusiyadan, Qərb dövlətlərindən ölkəmizin daxilində sabitliyin pozulması, digər çirkli işlərin həyata keçirilməsi üçün ayrılan pullar nəzarətdə saxlanıldığından, gələcəkdə onlar azalacaq. Amma müxtəlif dövlətlərlə, fondlarla əməkdaşlıq etməsinə rəğmən, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına öz töhfəsini verən, ölkə daxilində bəzi çatışmazlıqların həllinə çalışan, bir sözlə, ölkəyə fayda verən QHT-lərin fəaliyyəti bundan sonra daha da yaxşılaşacaq. Qeydiyyatdan keçməyən bəzi QHT-lər var ki, onlar üçün bu dəyişikliklər müəyyən problem yaradacaq. Biz bunun üçün də komitə sədri ilə söhbətləşmişik. Ola bilər ki, bu qanun qəbul edildikdən sonra artıq icra orqanları ilə də bu istiqamətdə söhbətlər aparaq. Çünki bəzi QHT-lər hətta qeydiyyatdan keçməsə də, fəaliyyət göstərirdilər. Qanun buna yol verirdi. Amma, indi bu qadağan olunduğuna görə, bu təşkilatların fəaliyyətində çətinlik ola bilər. Bunun üçün də Ədliyyə Nazirliyində belə QHT-lərin qeydiyyata alınması məsələsi yaxın vaxtlarda həyata keçiriləcək. Hər bir QHT qeydiyyatdan keçdikdən sonra dövlətin qanunları əsasında fəaliyyətini davam etdirə biləcək.

Rufik İSMAYILOV