Ağrılar sevdalısı
Həə, əziz
oxucu! Bir az vaxtını alıb bu günə kimi də sağ qalıb qalmamasından xəbəri
olmayan, öz qəbrinə qısılan Əlisəmid Kürdən danışacağam. Deyəsən, tanımadın
axı... Kür Əlsəmidi deyirəm də, alnının qırışından taleyin suvarı keçən, el-obası
qan tər içində olan, bu şəhərdə bütün dilənçiləri tanıyan, qolları üstündə can
verən, balabançı kor Əlisəmidin dostu Kür Əlisəmidi...
Uzaqlaşdıqca dabanı yeyilmiş çəkmələrinin boğuq, kədərli səsini eşidirəm...
...Həə, əziz oxucu ! Bilirsənmi, bu il həmin o ağrılar sevdalısının, şərablar Tanrısının, SÖZ səhrasının 65 illiyidir. Heç bəlkə özünün də xəbəri yoxdu. Çünki o dünyanın əqrəbləri itmiş saatıdır... Ehh, nə bilim e... Görsən, bircə deyərsən ki – niyə dəyişmədin Cəfərin oğlu?!.
Emil Rasimoğlu
...Demək, yay
aylarıdı... Günlərin bir günü özü ilə döyüşə-döyüşə ölümünə doğru gedən bu
şərablar Tanrısı ilə bu şəhərdə qəfil rastlaşırıq. Üzündəki qırışlara salam
verirəm... Nə başını ağrıdım... Stolu, stulu özümüzə tabe edib bir ağacın
kölgəsinə bürünürük... Baxıram, qarşımdakı bu səhra adamına, tənhalıq
aşiqinə... Yenə barmaqları saçlarında qaçışır, Allah boyda susqunluq ağuşunda
dərin-dərin nəfəs alır... mənsə bu an eləcə Məmməd Arazı xatırlayıram; içində
dünya müharibəsi, çölündə qurtula bilmədiyi sükut... Amma bir fərq var idi ki,
onun sükutu təbiətin hökmü idi, önümdəki bu şərablar Tanrısının sükutu isə öz
xarakterinin hökmü...
Qayıdıram,
müşahidəmi davam etdirməyə... gözləri havaya dikilib, qarşısındakı çay dolu
stəkan da "Sonrası, sonrası nə ola, ola..." – deyib, ürəyi yana-yana
qurbanlıq quzu tək bir ovcuna sığınıb. ...və özümü
daha da toplayıb, yolumu taleyindən salıram bu susan köynəkli çovğunun.
Başlayıram sükuta güllə ata-ata, xəfif-xəfif, oğrun-oğrun addımlaya-addımlaya
ad günü keçirməyən həbsxanaların, 2400 kilometrlik həsrətin, köhnə divar
saatında kəfgirdə yellənən qızın yanından keçməyə...
Bircə onu
görürəm ki, hər sual verdikcə suallarımın əlindən tutub, gözündən öpüb gedir
lap ömrünün unutduğu fəsillərinə. Uzaqlaşdıqca dabanı yeyilmiş çəkmələrinin boğuq, kədərli səsini eşidirəm...
Zaman keçir...
çay üşüyür... Daha sual da vermirəm... Elə bil ömrü bu saat bitəcək, eləcə ara
vermədən özü danışır. Gah həyatdan, gah ömürdən... gah da şeirdən... gözləri
qızarır, dodağı səyriyir, nəfəsi təngiyir... siqaretlərin naləsi ərşə qalxır...
və birdən dediyi bir neçə cümlənin içindən bir söz çınqıl daş kimi gözümə
düşür; "Bax, gör nə deyirəm, ay Emil. Bilirsən, hazırkı çağımızda Salam
Sarvan da şairdi, Ramiz Rövşən də, Rüstəm Behrudi də... Amma mən onları
taleyimlə yemişəm, taleyimlə!"
Aman Tanrım!!! Qəfil gözlərim titrəyir..."Taleyimlə
yemişəm" – bu sözün enerjisindən özümü bir canavar dişində hiss edirəm bu
taleyi canavar adamın qarşısında... Bəli, taleyi canavar adam!
...Əlisəmid
Kür şəhər-şəhər, içki-içki, dilənçi-dilənçi, şeir-şeir, yalquzaq-yalquzaq azan
səsində öz taleyinə təslim olmağı bacardı, öz taleyinə uduzmağı bacardı amma
taleyi yenə qələbə çala bilmədi ki, bilmədi bu qəribə və bir az da qərib
adamın. ...Həə, əziz oxucu ! Bilirsənmi, bu il həmin o ağrılar sevdalısının, şərablar Tanrısının, SÖZ səhrasının 65 illiyidir. Heç bəlkə özünün də xəbəri yoxdu. Çünki o dünyanın əqrəbləri itmiş saatıdır... Ehh, nə bilim e... Görsən, bircə deyərsən ki – niyə dəyişmədin Cəfərin oğlu?!.
Emil Rasimoğlu