Arı sancmaları zamanı nə etməli?

"Bağdan
meyvə yığırdım. Bilmədən arının yuvasına toxundum. Elə bu an məni bir arı
sancdı. Əvvəlcə fikir vermədim, fikirləşdim ki, heç nə olmaz. Bir müddət sonra
sifətim şişməyə başladı. Məcbur qalıb xəstəxanaya apardılar. Şiş o qədər böyük
idi, üzüm tanınmaz hala gəlmişdi. Yaxşı ki, həkimlər vaxtında müdaxilə etdilər.
Üç gün ərzində şiş yavaş-yavaş çəkilib getdi. Həkimlər dedi ki, arı
sancmasından sonra orqanizm şok keçiribmiş. Bir daha əmin oldum ki, bəzən
önəmsiz hesab etdiyimiz, fikir vermədiyimiz problemlər sonradan böyük problemə
çevrilə bilir”. Bu sözləri bizimlə söhbətində Günel Kərimova söylədi. Onun da
qeyd etdiyi kimi, bəzən əhəmiyyət verməsək də, sonradan arı sancmalarının böyük
fəsadları üzə çıxa bilir. Bəs arı
sancmaları zamanı nə etməliyik?
Həkim-pediatr Kənan Qarayevdeyir ki, hər şey ilkin tibbi müdaxilədən asılıdır: "Bəzən arı sancmasından
sonra həmin şəxsin orqanizmində allergik şok reaksiyası müşahidə edilir. Burada
önəmli olan ilkin yardımın hansı formada göstərilməsidir. Bəzən elə olur ki,
arı sancan şəxsdə ciddi fəsadlar müşahidə olunmur. Amma elə insan var ki, arı
sancmasına və arı məhsullarına qarşı allergik reaksiya verir. Allergik insanlarda
arı sancması baş verdiyi zaman xəstənin halı xeyli pisləşə bilir. Belə ki,
hətta bəzən ölüm halları da olur. Dil,
dodaq, qırtlaq və üz nahiyəsinin sancılması isə daha təhlükəli hesab olunur. Bir
neçə yerdən sancmalar zamanı ağır intoksikasiya (zəhərlənmə) inkişaf edə bilər.
Bu halda insanı dərhal xəstəxanaya çatdırmaq lazımdır. Adətən belə
adamların orqanizmi təkcə arı deyil, digər həşərat sancmalarına qarşı da eyni
reaksiyanı verir. İnfeksiya daşıyıcısı olan həşəratlar sancdığı zaman isə daha
ciddi fəsadlar müşahidə olunur. Bu zaman xəstənin halında ağırlaşmalar başlayır.
Yaxşı olar ki, arının sancdığı nahiyənin daha çox hissəyə yayılmaması üçün
ilkin tibbi yardım vasitələrindən istifadə olunsun. Arının sancdığı nahiyədə
iynə qalıbsa iynəni oradan çıxarmaq üçün müdaxilə edilməlidir. Çalışmaq
lazımdır ki, arının sancdığı yerə buz və yaxud soyuq su ilə isladılmış dəsmal
qoyulsun. Sancılan yeri rezinlə bağlamaq faydalıdır. İlkin tibbi müdaxilədən sonra
xəstə dərhal xəstəxanaya çatdırılmalıdır. Xəstənin ağrıları çox olduqda isə ona
müəyyən ağrıkəsicilər verilə bilər. Vəziyyət ağır olduqda venadaxili
müdaxilələr edilir. Bəzən arı sancan zaman türkəçarə üsullarından istifadə olunur.
Amma bu, heç də faydalı deyil. Məsləhətdir ki, xəstənin qan təzyiqi ölçülsün.
Qan təzyiqi ölçüldükdən sonra dərhal həkim müdaxiləsi vacibdir”.
Tibb elmləri doktoru Şəmsiyyə Namazlıdeyir ki,arı
sancmaları xalq təbabətində müalicəvi metod kimi istifadə olunur: "Amma hər
kəsin orqanizmi eyni deyil. Hər bir şəxs orqanizminin həssaslığı, immun-bioloji
tarazlığından asılı olaraq arı sancmalarına fərqli reaksiya verə bilir. Bəzən
hətta arı sancmalarından sonra xəstə şok vəziyyətinə düşə bilir. Ona görə demək
olmaz ki, hər kəs arı sancmasına qarşı eyni reaksiyanı verəcəyini gözləmək
olmaz. İlan sancmaları zamanı xüsusi dərmanlar tətbiq olunur. Arı sancmaları
zamanı isə xüsusi metod yoxdur. Hər kəsə fərqli qaydada tibbi müdaxilə edilir. Həssaslığı
olan insanlar özünü arı sancmalarından qorumalıdır. Çünki belə insanlarda arı
sancmaları zamanı orqanizm şoka düşə bilir”.
Həkim qeyd
etdi ki, indi müasir təbabətlə qədim təbabət təkmilləşdirilərək arı
sancmalarından müalicə metodu kimi istifadə olunur: "Tibdə bunun əhəmiyyəti
böyükdür. Xalq təbabətində də arı sancmalarından istifadə olunur. Amma adətən
türkəçarələrin arı sancmaları zamanı faydası olmur. Çünki arının zəhəri həmin
nahiyədə dəri altına keçir. Amma istənilən halda, insanlar arasında müəyyən
fikirlər kök salıb. Bəzən hətta hansısa metodun ağrını azaltdığına inanırlar.
Bu, əslində psixoloji bir məsələdir. Belə metodların fizioloji əhəmiyyəti
yoxdur”.
Şəbnəm Mehdizadə
