AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Çağrı Erhan: Ermənistan Türkiyə və Azərbaycan fobiyası ilə yaşayır

Çağrı Erhan: Ermənistan Türkiyə və Azərbaycan fobiyası ilə yaşayır

Təfsilat
13 Aprel 2021, 22:07 354
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev təxminən 3 saat ərzində müxtəlif ölkələrdən olan elm adamları, jurnalistlərlə fikir mübadiləsi apardı, onların Qarabağa dair suallarını cavablandırdı. Görüş zamanı gələcəkdə Qarabağda hansı infrastruktur işlərinin görüləcəyi barədə də məlumat verdi. Burada qaçqınların geri qayıtmaları ilə bağlı məsələlər barədə də müzakirələr aparıldı.
AZƏRTAC xəbər verir ki, bu fikirləri aprelin 13-də Bakıda Hərbi Qənimətlər Parkı ilə tanışlıq zamanı Türkiyə Altınbaş Universitetinin rektoru Çağrı Erhan deyib.
Rektor qeyd edib ki, hazırda Qarabağın demək olar hər tərəfi minalanıb. Ermənilər gedərkən həm hər tərəfi yandırıb, dağıdıb, həm də ərazini minalayıblar. Bütün bu minalar təmizlənəcək. Həmçinin Prezident İlham Əliyev bir müjdəli xəbər də verdi ki, əgər qarşıdakı dövrdə Ermənistan Qarabağın Azərbaycana aid olduğunu qəbul edərsə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini qəbul edərsə, Türkiyə də, Azərbaycan da rəsmi İrəvanla regional əməkdaşlığa başlaya bilər. Ancaq hazırda Ermənistan Türkiyə və Azərbaycan fobiyası ilə yaşayır, qorxusunun əsiri olub.
"Azərbaycanın çox qısa zamanda - 44 gün ərzində qazandığı Zəfərdə əldə etdiyi qənimətləri bu parkda görürük. Ermənilərin uzun illər boyu həyata keçirdikləri təxribatların nəticələri Ağdamda, Füzulidə və işğaldan azad olunmuş digər torpaqlarda sərgilənir. Burada isə müharibədə Azərbaycan Ordusunun ələ keçirdiyi döyüş qənimətləri var. Bu qənimətlər 100 illər boyunca burada qalacaq və Azərbaycana gələn hər kəs bir vaxtlar ermənilərin Azərbaycan torpaqlarını necə barbarcasına dağıtdıqlarını, Azərbaycan Ordusunun, xalqının qanı, canı bahasına o əraziləri necə azad etdiyini görəcək”, -deyə Çağrı Erhan bildirib.