Arazın o tayından pənah gətirən üzgüçü qız - Portret
O, Azərbaycanın ən istedadlı
üzgüçülərindəndir
XIX əsrin sonlarınadək qadınların idmanda təmsil olunması mümkünsüz
hal idi. Dövrün etik prinsiplərinə görə, yalnız kişilər idman məşqlərinə gedə,
yarışlara qatıla bilərdilər. Zaman, tələblər dəyişdikcə, bu stereotip də
sürətlə qırılmağa başladı və qadağaların kökündən yanlış olduğu üzə çıxdı.
Zərif varlıqlar zamanla az qala bütün növlərdə görünməyə başladılar. 1900-cü
ildə Parisdə keçirilən ikinci olimpiadada 22 qadın yarışmışdısa, "Rio
2016"da say 5 minə yaxın idi. Dünyanın əksər qabaqcıl idman ölkələrində
olduğu kimi, Azərbaycanda da böyük idman uğurları ilə xalqın qürur yerinə
çevrilən xanımlar az deyil. Şahmat və atıcılıqdan tutmuş, əsasən kişilərin üz tutduğu
ənənəvi döyüş növlərinədək olduqca titullu nümunələrimiz var. SSRİ yığması ilə
olimpiya çempionu olan həndbolçularımız Rəfiqə Şabanova və Lyudmila Şubina,
voleybolçu, Mexiko və Münxen olimpiadalarının qalibi İnna Rıskal, müstəqillik
dövründə stend atıcılığı üzrə olimpiya çempionu Zemfira Meftəhəddinova, güllə
atıcılığında olimpiya və dünya mükafatçısı İradə Aşumova, habelə, cüdoda
Zülfiyyə Hüseynova, Kifayət Qasımova kimi yerli məktəbin yetirməsi olan onlarla
xanımın adını çəkmək olar.
Bugünkü qəhrəmanımızı isə hələ tanımırsınız. Çox gəncdir, cəmi 15
yaşı var. Azərbaycan üçün qeyri-ənənəvi növdə çıxış etməsinə baxmayaraq,
qarşısına böyük hədəflər qoyub.
Seçim qarşısında - Vətən!
Tanış olun, Şeyxəlizadəxangah Məryəm Əziz qızı. 17 iyul 2004-cü ildə
İran İslam Respublikasının paytaxtı Tehranda, ziyalı mühitdə dünyaya gəlib.
Valideynləri əslən Azərbaycanın qədim Urmiya şəhərindəndir. Anasının dediyinə
görə, ailədə zehni fəaliyyətlə yanaşı, fiziki aktivlik də həmişə diqqət
mərkəzində olub. Atası və qardaşı da daxil olmaqla, yaxın qohum-əqrəbada
vaxtilə idmanla məşğul olanların sayı kifayət qədərdir. Odur ki, Məryəmin
idmana yönləndirilməsi zərurətə çevrilmişdi. Qardaşı kimi o da altı yaşının
tamamında üzgüçülüyə yazılır. İlkin məqsəd, sadəcə sağlamlıq olsa da, zamanla
maraqlar dəyişir. Qısa vaxtda Məryəmdəki bacarıqlar özünü büruzə verməyə
başlayır. Suyu hiss etmə qabiliyyəti, fiziki-funksional göstəriciləri onu
digərlərindən əsaslı şəkildə fərqləndirirdi. Nəticədə, hazırlıqlara
başladığından 20 gün sonra qızcığaz öz yaş qrupu üzrə keçirilən yarışa
qatılaraq, finişə hamıdan qabaq çatır. Beləcə, günbəgün maraqlar, arzular
böyüyür. Lakin...
Sirr deyil ki, İranda üzgüçülüklə məşğul olan qadınlara qarşı ciddi
məhdudiyyətlər tətbiq edilir. Cənub qonşularımız Beynəlxalq Üzgüçülük
Federasiyasının bayrağı altında keçirilən yarışlarda, habelə dünya, Asiya
çempionatları, Yay Olimpiya Oyunlarında qadınlar arasında, ümumiyyətlə, təmsil
olunmurlar. Belədə, bəlli bir vaxtdan sonra Məryəm və ona hər addımında dəstək
verən ailəsi seçim qarşısında qalır. Ya qalıb həvəskar səviyyədə davam etməli,
ya da digər ölkənin bayrağı altında mübarizə aparmalı idilər. Təbii ki, bu
mənada ilk ağıla gələn doğma ölkə - idmana və idmançıya dəyər verən Azərbaycan
idi. 2017-ci ildə İranda üzgüçülük üzrə yığmalarımızın baş məşqçisi Rəşad
Əbdürəhmanovla tanış olan ailə, bir neçə ay sonra Bakıya köçməyi qərara alır.
Daha doğrusu, bunadək keçən müddətdə müəyyən aralarla doğma vətəninə
gəlib-gedən Məryəm, 2018-ci ildən etibarən anası Leyla xanımla birgə
paytaxtımızda məskunlaşırlar.
Haşiyə çıxaraq qeyd edək ki, bir müddət sonra qardaşı da onlara
qoşulub. Məhəmmədrza hazırda Azərbaycan Tibb Universitetinin stomatologiya
fakültəsində təhsil alır.
0,94 saniyə çatmadı
Məryəmin Azərbaycana gəldiyi dövr, Avropa Gənclərinin Yay Olimpiya
Festivalı ərəfəsinə təsadüf edirdi. Daha dəqiqi, yığmamızın məşqçilər heyəti,
əsasən bu məsul yarışı nəzərdə tutaraq, perspektivli qızımızı komandaya cəlb
etməyi qərara almışdı. Fərqli mühit, intensiv hazırlıqlar tezliklə bəhrəsini
verir. Məryəm AGOF-un finala yüksələn iki təmsilçimizdən biri, başqa sözlə,
yeganə qız olur. Belə ki, batterflay üsulu ilə 100 metr məsafəyə üzmə üzrə
təsnifatda 1 dəqiqə 02,11 saniyə ilə 49 üzgüçü arasında 8-ci olan
Şeyxəlizadəxangah, 1 dəqiqə 1,51 saniyə göstərici ilə yarımfinalı da eyni
sırada başa vurur. Həlledici mərhələdə nəticəsini 0,56 saniyə də yaxşılaşdıran
14 yaşlı qızımız, yekunda altıncı yeri tutur. Doğma divarlar arasında baş tutan
nüfuzlu yarışın bürünc medalından onu, 0,94 saniyə ayırır.
Üçqat Avropa çempionu ilə
bir kürsüdə
İki ildir ki, beynəlxalq arenaya Azərbaycan adından çıxan Məryəm,
respublika çempionatlarında dəfələrlə ən yaxşı, mükafatçı olub. Ötən ilin
iyunun ayında Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan turniri bürünc
medalla başa vurmuşdusa, ötən həftə sözügedən ölkənin digər şəhəri Jilinada da
nəticəsini təkrarladı. Ancaq bu dəfə o, öz yaş qrupu üzrə deyil, böyüklər
arasında çıxış edirdi. Macarıstanlı üçqat Avropa çempionu Suzanna Yakabos və
bir neçə müxtəlif titullara sahib idmançının da onunla birgə Jilina turnirində
mübarizə apardığını nəzərə alsaq, Məryəmin bürünc medalının dəyəri az qala
"qızıl"a bərabərdir. Üstəlik, yığmamızın baş məşqçisinin sözlərinə
görə, qızımız ilin qış dövrü üçün gözləniləndən də bir xeyli yaxşı çıxış
sərgiləyib.
Olimpiadaya doğru
Şəxsi rekordunu AGOF-da yeniləyən Məryəm, Tokio olimpiadasına
yollanmaq iddiasını davam etdirir. "B" lisenziya normativini yerinə
yetirmək üçün ona 100 metr məsafəyə batterflay üsulu ilə üzmədə indiki
göstəricisini 1 saniyədən bir qədər çox yaxşılaşdırması lazımdır. Qarşıda isə
15 yaşlı Şeyxəlizadəxangahı yeniyetmə və böyüklər arasında qitə çempionatları
gözləyir. Maksimum hazırlıqla bu vəzifənin də öhdəsindən gələcəyi, üzgüçülük
camiəsində hər hansı bir şübhə doğurmur. Lakin komandamızın "B"
lisenziyasına namizəd olan digər idmançılarından biri və ya daha çoxu normativi
yerinə yetirə bilsə, bu halda əlavə göstəricilərə baxılacaq. Hərçənd,
Əbdürəhmanov daha yaxşı variantın da mümkün olduğunu istisna etmədi: "Əldə
normativlər olsa, biz beynəlxalq federasiyaya müraciət edəcəyik ki, bir deyil,
iki idmançımıza olimpiadada iştirak hüququ verilsin. Dünyada baş verən bəzi
prosesləri nəzərə alsaq, düşünürəm, müsbət cavab ala bilərik".
Yaşından böyük düşünən qız
Yer gəlmişkən, Əbdürəhmanovla söhbətimizin əsas hissəsini təqdim
edirik: "İranda Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş
kiçik beynəlxalq turnir keçirilirdi. Anası mənə yaxınlaşıb, üzləşdikləri
problemlər haqqında danışdı. Uşağa baxdım, boyu, digər göstəriciləri nəzərimi
çəkdi. Bakıya gəlib-getdi, hiss elədim ki, bu, adi qız deyil, əla tapıntıdır.
Xarakteri, psixologiyası tam ürəyimcədir. Təzə gələn vaxtlarda dili,
ümumiyyətlə bilmirdi deyə, uşaqlarla, demək olar ünsiyyət qura bilmirdi. Həmin
arada biz uzunmüddətli dağ məşqlərinə qatılırdıq. Özünü elə aparırdı, sanki hər
şey qaydasındadır. Çətinliklərini qəti büruzə verməz. Ümumiyyətlə, yaşından
böyük düşünən qızdır. Bütün bunlar və göz önündə olan fiziki-funksional
göstəricilərindən əlavə, o, üzgüçülükdə tez-tez ehtiyac duyulan bərpa
proseslərini də çox sürətlə keçir".
Alpinizm sevgisi və
cərrahlıq arzusu
Hər bir yeniyetmə kimi onun da bənzəmək istədiyi bir şəxs var.
Qızımız "Dəmir ledi" ləqəbli, macarıstanlı üçqat olimpiya çempionu
Katinka Hossunu kumir seçib. Üzgüçülükdən başqa, dağa dırmanmaya həvəslidir.
Boş vaxtlarında özünü bu ekstremal mühitdə də sınayır.
Dilimizdə danışmaqda indi də çətinlik çəkən qızımız, bir müddətdir
ana dili dərslərinə gedir. Orta təhsilini faktiki olaraq Tehranda davam etdirsə
də, Bakıda hazırlaşır. Gələcəklə bağlı arzusu həkim-cərrah olmaqdır.
Üzgüçü-cərrah... Maraqlıdır. Başqa sözlə, universaldır qızımız.
Portret
Baş məşqçinin sözünə qüvvət, ilk baxışdan yaşından böyük təəssürat yaratsa
da, o, hələ də bir yeniyetmədir. Bütün fərqliliklərə baxmayaraq, öz yaşını
yaşamaq onun da haqqıdır. Böyük xəyallar qurur, qəlbinin dərinliyində onların
hamısının reallaşacağına inanır. Olsun! Dünya üzgüçülük tarixinin ən yaxşısı
Maykl Felps deyirdi: "İmkansız deyə, bir şey yoxdur. Yetər ki, işin içində
ağıl və zəhmət olsun. Heç nəyə limit qoyma. Nə qədər çox xəyal qursan, o qədər
uğurlu olacaqsan".
Sahib