• cümə, 19 Aprel, 23:02
  • Baku Bakı 24°C

AQTA: Doqquz ay ərzində 218 müəssisənin fəaliyyəti məhdudlaşdırılıb

14.10.21 17:00 371
AQTA: Doqquz ay ərzində 218 müəssisənin fəaliyyəti məhdudlaşdırılıb
Bu ilin doqquz ayı ərzində Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyalarda ümumilikdə 1 milyon 428 min 232 nümunə müayinə edilib. Bu, bir gündə 7 mindən çox nümunənin analizi deməkdir.
Kaspi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli agentliyin ilin doqquz ayı ərzindəki fəaliyyətinə həsr olunan mətbuat konfransında məlumat verib.
Onun dediyinə görə, aparılmış müayinələr zamanı nümunələrin 6 min 624 və ya 0,46 faizində uyğunsuzluq aşkarlanıb: "Ötən ilin eyni dövründə isə 1 milyon 250 min 450 nümunə müayinə edilmişdi, nümunələrin 33 min 996 və ya 2,7 faizində uyğunsuzluq aşkarlanmışdı. Yaxşı haldır ki, uyğunsuzluqların sayı nəzərəçarpacaq dərəcədə azalıb”.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən istehlak bazarında enerji içkisi adı altında istehlakçılara təqdim olunan alkoqolsuz içkilərin enerji içkisi olub-olmaması, eləcə də qaydalara uyğunluğunun müəyyən edilməsi məqsədilə monitorinqlər aparılıb. 30 nümunə üzərində aparılmış müayinələr nəticəsində 5 nümunənin enerji içkisi olduğu təsbit edilib ki, onlardan yalnız birinin etiketlənməsinin qaydalara uyğun olduğu, digər dördünün isə uyğun olmadığı müəyyən edilib. Həm etiket məlumatlarının ekspertizası, həm də tərkib analizi nəticəsində qalan 25 nümunənin enerji içkisi olmadığı müəyyən edilib. Həmin 25 məhsul enerji içkisi olmadığı halda, üzərində istehlakçılarda enerji içkisi olduğuna dair təəssürat yaradan ifadələrdən istifadə edilib. İstehlakçıları çaşdırmaqla qanunvericiliyin tələbini pozan istehsalçılara dair müvafiq tədbirlərin görülməsi üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət olunub.
Bu ilin doqquz ayı ərzində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ümumilikdə, 2001 yoxlama aparılıb, onlardan 1396-sı planlı, 605-i plandankənar yoxlamalardır. 213 müəssisədə "Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” qərar qəbul olunub. Məhdudlaşdırıcı qərarlardan 88-i ticarət obyektləri, 38–i ictimai iaşə müəssisəsi, 87-si istehsal müəssisələri və digər fəaliyyət sahələri barəsində olub.
Cari ilin ötən dövrü ərzində 50,147 ədəd qida təhlükəsizliyi sertifikatı, 39,243 ədəd fitosanitar sertifikat və icazə sənədi, 10,800 ədəd baytarlıq sertifikatı və icazə sənədi verilib. Qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti tədbirləri nəticəsində məhv edilmiş məhsulların siyahısına 206 ton ət və ət məhsulları, 28 ton balıq məhsulları, 665 ton və 13,748 dekalitr süd və süd məhsulları, 5,018 ədəd yumurta, 615 dekalitr alkoqollu və 18,045 dekalitr alkoqolsuz içkilər, 123 ton və 36 dekalitr tamlı məhsullar qrupuna aid digər məhsullar, 240 ton şəkər, bal və şəkərli qənnadı məmulatları, 32 ton un və un məmulatları, 60 ton və 37 dekalitr mayonez və yağ məhsulları, 22 ton dənli-paxlalı bitkilərdən məhsullar, 317 ton meyvə və tərəvəz məhsulları, 6 ton, 2 dekalitr və 74,961 ədəd qida əlavələri, 8 ton kulinariya məmulatları, 20 baş iribuynuzlu və xırdabuynuzlu heyvan, 3 ton və 41 dekalitr baytarlıq preparatları, 949 kiloqram taxıl, 106 ton meyvə və tərəvəz, 109 ədəd üzüm tingi daxildir.
Bununla yanaşı, 58 tibb müəssisəsində xəstələrin qidalanma rejiminin təmin olunması, həmçinin qida normalarının normativ sənədlərin tələblərinə uyğun tətbiq edilməsi ilə əlaqədar yoxlamalar həyata keçirilib, 8 tibb müəssisəsində aşkar edilmiş pozuntularla bağlı materiallar Baş Prokurorluğa göndərilib. Həmçinin 28 tibb müəssisəsinin məsul şəxsləri yol verdikləri pozuntularla bağlı inzibati məsuliyyətə cəlb edilib.
Mətbuat konfransında məlumat verilib ki, ölkəmizə idxal edilən toxumluq və ərzaqlıq kartof məhsuluna yeni tələblər müəyyən edilib və həmin tələblər Azərbaycana məhsul ixrac edən ölkələrə təqdim olunub. Verilən məlumata görə, payız mövsümündən etibarən, kənd təsərrüfatı məhsullarının ixrac olunduğu əsas idxal tələbləri nəzərə alınaraq, ümumilikdə pomidor 25, kartof 25, soğan 20, şaftalı və nektarin 19, alma, armud, ərik, albalı, gavalı 18, nar və zoğal 12, xurma 10 zərərli orqanizmə görə müəyyən ediləcək, bu da fitosanitar sertifikatlaşma müddətinin artmasına səbəb ola bilər.
"Yalnız pomidor məhsulunda 25 göstərici ekspertiza olunur və bu, ən tezi 3 günə həyata keçirilir. Ona görə sahibkarlar əvvəlcədən müraciət etməli və təsərrüfatları ilə bağlı məlumatları vaxtında agentliyə verməlidirlər ki, məhsul ixracında gecikmələr olmasın”,- deyə Qoşqar Təhməzli bildirib.
Bu ilin doqquz ayı ərzində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının təlimatlarına əsasən, ayrı-ayrı vaxtlarda Qida Təhlükəsizliyi Agentliyi 52 ölkədən epizootik risk daşıyan quşçuluq məhsullarına məhdudiyyət tətbiq edib. Mart və aprel aylarında 48 rayonda 703 fermer və ailə təsərrüfatlarında saxlanılan 30 min 869 baş iribuynuzlu heyvan arasında bruselyoz xəstəliyinə qarşı seroloji monitorinqlər aparılıb. İndiyədək 20 min 162 baş heyvandan qan nümunəsi götürülüb. Laborator nəticələrə əsasən, 379 baş heyvanda bruselyoz xəstəliyi aşkar edilib və bu barədə mövcud qanunvericiliyə uyğun zəruri tədbirlər həyata keçirilib.
banner

Oxşar Xəbərlər