• cümə, 29 Mart, 09:39
  • Baku Bakı 5°C

Aqrar sığorta ilkin mərhələdə 14 növ bitkini sığortalayacaq

12.08.20 13:00 845
Aqrar sığorta ilkin mərhələdə 14 növ bitkini sığortalayacaq
Azərbaycanda bu ildən tətbiq ediləcək aqrar sığorta mexanizmi ilkin mərhələdə 14 növ bitkiçilik məhsulunu sığortalayacaq.
Aqrar Sığorta Fondundan bildirilib ki, aqrar sığorta ilə əhatələnəcək bitkiçilik məhsullarının siyahısı Nazirlər Kabinetinin 2019-cu il 17 dekabr tarixli qərarı ilə müəyyən edilib.
Həmin qərara əsasən aqrar sığortanın predmetinə daxil olan kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, naringi, çay, çəltik, tütün, üzüm, fındıq və pambıqdır.
Ölkəmizdə tətbiq ediləcək aqrar sığorta mexanizmi çoxillik əkmələri də əhatə edəcək. Bu da həmin sahələrin investisiya cəlbediciliyini artıracaq. Növbəti dövrlərdə aqrar sığortanın əhatə etdiyi bitkilərin siyahısının daha da artırılması nəzərdə tutulur.
Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli qərarı ilə isə aqrar sığortanın əhatə etdiyi risklərin tərkibi dəqiqləşdirilib. Bunlar təbii fəlakətlər: zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, dolu, yanğınlar, bitki xəstəlikləri və zərərvericiləri, xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu, üçüncü şəxslərin hərəkətləridir.
Aqrar sığorta taxıllar, paxlalılar və yağlı bitkilərdə dəni, lifli bitkilərdə lifi, əsas məhsulu kök və dibində olan bitkilərdə kök və dibi, əsas məhsulu yarpaq olan bitkilərdə yarpağı, meyvəsi yeyilən bitkilərdə meyvəni, yem bitkilərində isə bütün yaşıl hissəyə təminat verir.
Qeyd edək ki, sahibkarlar əlavə sığorta haqqı ödəməklə bir sıra başqa risklərdən də sığortalana bilərlər. Belə ki, əlavə sığorta haqqı ödəməklə portağal, limon, naringi və üzüm bitkilərinin məhsullarında dolu riski nəticəsində yaranan miqdar itkisi ilə yanaşı, keyfiyyət itkisinə də təminat verilə bilər.
Eləcə də əlavə sığorta haqqı ödəməklə buğda və arpa bitkilərinin dən hissəsi ilə yanaşı, gövdə hissəsində də yaranan miqdar itkisinə təminat verilə bilər və bu təminat üzrə sığorta məbləği bitkinin dən hissəsi üzrə sığorta məbləğinin 40 faizdən çox ola bilməz. Bundan başqa, əlavə sığorta haqqı ödəməklə, bitki xəstəlikləri, zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin yayılması riskləri nəticəsində yaranan miqdar itkisinə təminat verilə bilər.
Aqrar sığortadan istifadə etmək üçün fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçməlidir. EKTİS-də qeydiyyatdan keçdikdən sonra fermer müvafiq sığorta şirkətinə sığortalanmaqla bağlı müraciət edə bilər. Qaydalara əsasən, aqrar sığortada sığorta haqqının 50 faizlik hissəsi dövlət tərəfindən subsidiya edilir. Fermer sığorta haqqının yalnız yarısını, hissə-hissə ödəyir. Aqrar sığorta müqavilələri onlayn qaydada bağlanılacaq, sığorta hadisəsi baş verdiyi halda da, ödənişlə bağlı prosedurlar onlayn qaydada həyata keçiriləcək.
banner

Oxşar Xəbərlər